"Azərbaycan-Serbiya münasibətləri strateji tərəfdaşlığa doğru inkişaf edir" - ŞƏRH EDİLDİ
"Azərbaycan-Serbiya münasibətləri yalnız son səfərlə başlamayıb. Azərbaycan və Serbiya arasında əlaqələr onillərdir formalaşıb və mövcud çətinliklərə baxmayaraq, inkişaf edən xətt üzrə davam edib. Hesab edirəm ki, yaxın perspektivdə bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələ bilər".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi hər iki ölkənin yerləşdiyi coğrafi mövqe və qarşılaşdığı geosiyasi çağırışlardır: "Dünya sürətlə dəyişir, mövcud beynəlxalq sistem transformasiya olunur və yeni dünya düzəni formalaşma mərhələsinə qədəm qoyur. Bu proses xüsusilə Cənubi Qafqaz və Balkanlar kimi strateji regionlar üçün həm yeni risklər, həm də yeni imkanlar yaradır.
Bu riskləri minimuma endirməyin əsas yolu tərəfdaşlıqları genişləndirmək, əməkdaş ölkələrin sayını artırmaq və hər bir dövlətin həm öz regionunda, həm də qlobal miqyasda mövqeyini gücləndirməsidir. Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi, xüsusilə tranzit və nəqliyyat layihələri baxımından mühüm potensiala malikdir. Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycanın rolu artdıqca, bu, Balkan regionu üçün də əlavə əməkdaşlıq imkanları yaradır.
Eyni zamanda, Serbiya Balkanların iqtisadi və geosiyasi baxımdan ən önəmli ölkələrindən biridir. Onun tranzit mövqeyi, regional təsir imkanları və iqtisadi potensialı Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Serbiya ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Balkan siyasətində mövqeyini gücləndirə və iqtisadi maraqlarını daha effektiv şəkildə qorumasına şərait yarada bilər. Nə qədər çox tərəfdaşlıq və iqtisadi əlaqə qurularsa, bu, hər iki ölkəyə yeni iqtisadi dividendlər qazandıra bilər. Prezident İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiçin çıxışlarında da ortaq məxrəz ondan ibarət idi ki, münasibətlər səmimiyyət, qarşılıqlı hörmət və etimad prinsipləri üzərində qurulub.
Coğrafi uzaqlıq və maraqların toqquşmaması da münasibətlərin sabitliyini şərtləndirən əsas amillərdəndir. Tarixən Azərbaycan və Serbiya arasında qarşıdurma və ya təhdid xarakterli münasibətlər olmayıb ki, bu da tərəflər arasında əməkdaşlıq üçün əlverişli zəmin yaradır.
Qlobal siyasətdə çoxtərəfli münasibətlərin ön plana çıxdığı bir dövrdə Azərbaycan-Serbiya əlaqələrinin daha da inkişaf etməsi üçün real potensial mövcuddur. Görünən odur ki, hər iki tərəf bu istiqamətdə artıq sistemli şəkildə çalışır və yaxın illərdə münasibətlərin daha yüksək səviyyəyə qalxması mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB