Zatulinə ağıl duası - RAKURS

Siyasət ən sadə formada desək, cəmiyyətin necə idarə olunacağına dair qərarların qəbul edilməsi prosesidir. Kim qərar verir, hansı dəyərlərə əsaslanır, resurslar kimə və necə bölünür, hüquq və azadlıqlar necə qorunur — bunların hamısı siyasətin içindədir. Siyasət təkcə parlament, hökumət və ya seçki demək deyil, o, gündəlik həyatımıza toxunan bütün kollektiv seçimlərdir. Amma siyasət tez-tez həqiqətdən çox maraqlarla idarə olunur. Ona görə də “həqiqət payını” artırmaq üçün insanlara təkcə şüarlar yox, həm də bəzi şeyləri demək və öyrətmək lazım gəlir.

Siyasət din deyil, sual verilə bilən sahədir. İnsanlara aşılanmalıdır ki, heç bir siyasi fikir müqəddəs deyil və “bizim tərəf həmişə haqlıdır” düşüncəsi də təhlükəlidir. Sual vermək xəyanət deyil, sağlamlıq əlamətidir. Çoxları faktla fikrin fərqini qarışdırır. İnsanlara demək lazımdır ki, fakt yoxlanıla biləndir, fikir isə şərhdir.

Qorxu üzərindən qurulan siyasət yalanı sevir, həqiqət adətən sakitdir, yalan isə səs-küylü. Həqiqət rahat olmaya bilər, insanlara dürüst şəkildə deyilməlidir ki, həqiqət bəzən xoşumuza gəlmir, sevdiyimiz siyasətçi də səhv edə bilər, problemlərin sadə həlləri nadir hallarda doğrudur. “Mən bilmirəm” demək gücsüzlük deyil, amma siyasətdə ən böyük problemlərdən biri hamının hər şeydən əmin danışmasıdır.

Siyasət həm də qəliz məsələdir, yalanı daha çoxdur, ana xəttində imitasiya var, sağı-solu bəlli olmayan sahə də adlandırırlar və eyni zamanda, paradoksal olsa da hər sahədən üstün durumdadır. Bunu anladıq, kafamıza yazdıq. Amma, bu yanaşmanın, tərzin də bir həddi var, bu qədər xaotik də olmamalıdır. Rusiyanın siyasi “elita”sındakı bəzi zatı qırıq… Zatulin kimilərin Azərbaycana hürmələri kimi. Bəli, Azərbaycanı hədəfə almaq ona verilən tapşırıqdır və bunu insafən “uğurla” yerinə yetirir. Bəlkə bir az da artıqlaması ilə edir, bununla erməni parasına nə qədər sayqı göstərdiyini sübut etməyə çalışır. Görün, iş o yerə çatıb ki, o, uğrunda bütün şərəfini, şəxsiyyətini hərraca çıxarmış Ermənistandan iti qovan kimi qovulur, ona “persona non grata” damğası vurulur, amma o usanmır, geri çəkilmir, söyüşləri bu qulağından alıb, o biri qulağından ehmallı şəkildə ifraz edir.

Zatulin yenə zəhər püskürüb, bizə qarşı adəti üzrə dil uzadıb. Bakıda məhkəmə önünə çıxarılan, Azərbaycan xalqına qarşı etdikləri hərbi cinayətlərə görə barələrində hökm çıxarılan separatçıları mübafiə etməyə cəhd göstərib. Bəllidir, onun bundan artığını edəcəyi, zatən yoxdur. Amma su bulandırır, canilərin əməllərini ört-basdır etməyə çalışır, Onları azadlıq mücahidləri kimi beynəlxalq ictimaiyyətə sısımaq istəyir. Bununla bərabər separatçıların ilham mənbəyi olan erməni lobbisinə nə qədər sadiq və itaətkar qul olduğunu sübut etmək iddiasından əl çəkmir.

Diqqət edin, iftira atmaq istədiyi bir məmləkətin, bu Azərbaycandır, Xarici İşlər Nazirliyi onun təmsil etdiyi ölkənin səfirini hüzuruna çağırır və ona nota təqdim edir, Zatulinin hərəkətlərinin qəbuledilməz olduğunu bildirir, dolayısı ilə “itinizin ipini yığın” tələbini yazılı şəkildə baş diplomatın qabağına qoyur. Səbəbkar, bu Zatulindir, isə heç nə olmamış kimi davranır və hətta Mark Tvendən sitat gətirir. Hərçənd ondan bundan artığını gözləmək də olmazdı. Əksər rusiyalı siyasətçi kimi onun da çiyninin üstündə duran bədən üzvünün içində beyin əvəzinə başqa qarışıq formalaşıb.

Belə anlaşılır ki, Zatulin bu yanaşması, mövqeyi ilə dünya ictimaiyyətinə Azərbaycanın Qarabağ bölgəsində özünə yuva qurmuş erməni separatçılarının ətraf 7 rayon da daxil olmaqla özlərinə “dövlətcik” qurmasına, Ermənistan silahlı qüvvələrinin və Rusiya Ordusunun birbaşa iştirakı ilə şəhər və kəndlərimizin dağıdılmasına, 1 milyona yaxın azərbaycanlının öz dogma yurdundan qovmasına, dirəniş göstərən və qaçmaq imkanı olmayan 20 mindən artıq soydaşımızın vəhşicəsinə öldürülməsinə, minlərlə vətəndaşımızın əsir və girov götürülməsinə haqq qazandırır, onların əməllərində heç bir cinayətin olmadığını deyir. Zatulin Qarabağ separatçılarının liderlərinə Bakı məhkəməsi tərəfindən verilən hökmləri kəskin şəkildə pisləyən açıqlaması ilə özünün nə qədər kibirli, xəstə zehniyyətli olduğunu sübuta yetirir.

Zatulin separatçılara verilən cəzaları ədalətsiz sayır. Amma Dumanın deputatının dedikləri öz ölkəsində baş verənlərdən bir nümunə kimi ortaya qoyulsaydı, ona haradasa haqq qazandırmaq olardı. Nə yazıqlar ki, Rusiyada baş verənlərin timsalında Azərbaycanda separatçılara verilən cəza çooox humanistdir. Təkcə Çeçenistanda baş verənləri xatırlatmaq kifayətdir ki, daşlar öz yerinə otursun. Kremlin hərb maşını iki dəfə bu kiçik Şimali Qafqaz respublikasına var-gücü ilə hücum edib. Səbəb Çeçenistanda başlayan və Zatulinin çox həvəslə təkrarladığı azadlıq mübarizəsi idi. Mərkəzi hakimiyyət müstəqilliyə can atan, rusların boyunduruğundan, amansız müstəmləkə siyasətindən qurtulmağa çalışan çeçenlərin arzusunu tankların tırtılları altında qoydu, liderlərin heç biri məhkəmə zalına gəlmək imkanı əldə edə bilmədi, hamısı məhv edildi, həbsxana barmaqlıqları arxasında döyülərək, boğularaq öldürüldülər. Zatulin onların niyə müdafiəsinə qalxmır?

Son günlər Rusiya Dövlət Dumasının bəzi deputatlarının Qarabağ separatçılarını açıq şəkildə müdafiə etməsi cəmiyyətdə haqlı suallar doğurur. Azərbaycan torpaqlarının uzun illər işğal altında saxlanılması, həmin dövrdə minlərlə azərbaycanlının qətlə yetirilməsi, yüz minlərlə insanın öz doğma yurdundan didərgin salınması faktları beynəlxalq sənədlərdə və tarixi mənbələrdə öz əksini tapdığı halda, bu reallıqların görməzdən gəlinməsi siyasi riyakarlıq təsiri bağışlayır.
Qarabağ münaqişəsi təkcə ərazi məsələsi deyildi. Bu, həm də etnik təmizləmə, insan hüquqlarının kobud şəkildə pozulması və beynəlxalq hüququn açıq-aşkar tapdanması ilə müşayiət olunan bir proses idi. Xocalı soyqırımı kimi faciələr dünya ictimaiyyətinə yaxşı məlumdur. Buna baxmayaraq, bəzi rus siyasətçilərinin separatçıları “əzilən tərəf” kimi təqdim etməsi obyektivlikdən uzaq yanaşmadır.

Bu məqamda haqlı sual yaranır: eyni siyasətçilər niyə Rusiyanın öz daxilində, xüsusilə Çeçenistanda baş vermiş hadisələrə münasibətdə eyni həssaslığı nümayiş etdirmirlər? 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Çeçenistanda aparılan hərbi əməliyyatlar zamanı minlərlə mülki şəxsin həyatını itirdiyi, şəhərlərin yerlə-yeksan edildiyi beynəlxalq hesabatlarda qeyd olunub. Qroznının dağıdılması, genişmiqyaslı əməliyyatlar və insan hüquqları ilə bağlı iddialar dünya mediasında geniş işıqlandırılmışdı.

Əgər prinsipial mövqe insan hüquqlarının müdafiəsidirsə, bu prinsip universal olmalıdır. Əks halda, selektiv yanaşma ortaya çıxır: bir yerdə separatizm pislənir, digər yerdə isə siyasi maraqlara uyğun olaraq müdafiə olunur. Bu isə beynəlxalq hüquqa və ədalət anlayışına ziddir.

Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etdiyini bəyan edib və bu mövqe BMT qətnamələrinə əsaslanır. Hər bir dövlət kimi Azərbaycan da suverenliyini qorumaq hüququna malikdir. Eyni hüquq Rusiyaya da aiddir. O zaman sual olunur: niyə bir ölkənin ərazi bütövlüyü toxunulmaz sayılır, digər ölkənin ərazi bütövlüyü isə mübahisə predmetinə çevrilir?

Siyasi mövqelər dəyişə bilər, geosiyasi maraqlar zamanla formalaşa bilər. Lakin insan hüquqları, mülki əhalinin təhlükəsizliyi və dövlətlərin suverenliyi məsələsində ikili standartlar beynəlxalq münasibətlər sisteminə zərbə vurur. Tarixi yaddaş selektiv olmamalıdır. Əgər ədalətdən danışılırsa, bu ədalət hər kəs üçün keçərli olmalıdır.

Bu gün regionda davamlı sülhün bərqərar olması üçün ilk növbədə reallıqların qəbul edilməsi və obyektiv yanaşma vacibdir. Əks halda, birtərəfli bəyanatlar və tarixi faktların görməzdən gəlinməsi yeni gərginliklərə zəmin yarada bilər.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə