"Azərbaycan və Ermənistan arasında 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşma əsasında sülh quruculuğu prosesinə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin cəlb olunması mühüm praktiki nəticələr verir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, bu razılaşmadan sonra ilk olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfəri baş tutmuşdu: "Son günlərdə isə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri gerçəkləşdi.
Bu qarşılıqlı səfərlərin nəticəsi olaraq “Sülh Körpüsü” vətəndaş cəmiyyəti təşəbbüs qrupunun yaradılması və gələcəkdə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi təqdirəlayiq proses kimi qiymətləndirilir.
Xüsusilə nəzərə alsaq ki, hər iki ölkənin nümayəndə heyətləri səfərləri birbaşa dövlət təyyarələri ilə həyata keçirib və bu səfərlər zamanı yüksək səviyyəli görüşlər baş tutub. Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüş keçirilib, Bakıya səfər edən erməni nümayəndələr isə Azərbaycan Prezidentinin Xarici Siyasət Məsələləri üzrə köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət Şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər.
Bütün bunlar onu göstərir ki, hər iki ölkənin siyasi rəhbərliyi bu prosesə həm razılıq verib, həm də onu dəstəkləyir. Bu isə çox müsbət haldır. Rəsmi qurumların razılaşdırdığı sülh quruculuğu prosesinin vətəndaşlar arasında təbliği baxımından vətəndaş cəmiyyətlərinin imkan və resursları genişdir. Onların bu prosesə cəlb olunması gələcəkdə daha mühüm və real nəticələrin əldə olunmasına gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB