Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılıb - FOTOLAR

Sentyabrın 25-də Ankaradakı Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Ankaradakı Səfirliyi və TADİV-in birgə səyləri ilə təşkil olunmuş tədbirdə diplomatlar, kursantlar, şəhid ailələri və yaxınları, qazilər, ekspertlər, analitiklər, iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan hərbçilərinin şücaətini əks etdirən film nümayiş olunub, hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbiri açan TADİV-in rəhbəri, professor Aygün Attar qeyd edib ki, 27 sentyabr hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsinin hər günü qəhrəmanlıq dastanı, Azərbaycan Ordusunun haqq uğrunda apardığı ədalətli mübarizənin nümunəsi olub.

“Qələbənin qiyməti minlərlə şəhid hərbçinin həyatı oldu. Onlar adlarını əbədi olaraq Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazdırdılar”, – deyə TADİV rəhbəri vurğulayıb.

A.Attar həmçinin bildirib ki, Azərbaycanın Qələbəsi Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün oldu. O, “Dəmir yumruq” əməliyyatının Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdiyini xatırladıb. Natiq çıxışını “Şəhidlərə əbədi şan və ehtiram! Qarabağ – Azərbaycandır!” sözləri ilə sonlandırıb.

Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Füzuli Məcidli çıxış edərək xatırladıb ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən uğrunda qəhrəmancasına döyüşən və şəhidlik zirvəsinə ucalan hərbçilərin əziz xatirəsinə hörmət əlaməti olaraq 27 Sentyabr - Anım Günü elan olunub.

Sonrakı çıxışlarda Qarabağ müharibəsində tarixi Qələbənin əhəmiyyətindən bəhs edilib, 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatının şəhid və qaziləri “Azərbaycanın milli sərvəti” adlandırılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın nailiyyətləri və uğurlarına görə qürur hissi ifadə olunub.

Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinə həsr olunmuş fotosərgi təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə