"Azərbaycanla qardaş Türkmənistan arasında münasibətlərin daha da intensivləşdirilməsinə çox ciddi ehtiyac var. Çünki Xəzərin o tayındakı soydaşlarımız, türkmən qardaşlarımız həqiqətən də bir sıra proseslərdə ya kənarda, ya da zəif hərəkət edirlər". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, bu da ümumi türk birliyinin möhkəmlənməsinə ciddi zərər vurur: "Azərbaycan tərəfi çalışır ki, digər türk dövlətləri ilə birlikdə qardaş Türkmənistanla proseslərdə aktiv olsun. Amma əlbəttə, o dövlətin də özünə məxsus siyasəti var. Xüsusilə də neytrallıq siyasəti yürüdür, dünyaca bloklara qoşulmur və s. Bu baxımdan ləng hərəkət edirlər.
Biz isə izah etməyə çalışırıq ki, Türkmənistan Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvü olmalıdır. Eyni zamanda da ikitərəfli münasibətlərdə daha intensiv hərəkət etməlidir. Bu həm Türkmənistanın özünə lazımdır, həm Azərbaycana, həm də bütövlükdə türk dövlətlərinə lazımdır. Yəni bu baxımdan Azərbaycan prezidentinin səfərini yüksək qiymətləndirmək lazımdır. Bununla yanaşı, bir müddət öncə Türkmənistanın lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana gəlməsini, Qarabağa səfər etməsini, Qarabağda tikinti-quruculuq işlərinə töhfə vermək istəklərini dilə gətirməsini də ayrıca vurğulamaq istərdim.
Yeni bir növ buzlar əriməyə başlayıb, hərəkətlənmə var və bu hərəkətlənmə pozitivdir. Düşünürəm ki, həmin hərəkətlənməni daha da irəli aparmaq lazımdır. Buna da Azərbaycan tərəfinin əlbəttə ki, potensialı çatır. Qalır Türkmən tərəfi, o da yəqin ki, real nəticələri gördükcə daha rahat bir şəkildə irəli getməyə həvəsli olacaq. Hər halda burada hərəkətverici qüvvə Azərbaycan Respublikasının özüdür. Məqsəd sadəcə Azərbaycanın maraqlarını təmin etmək deyil, eyni zamanda həm də Türkmənistanın maraqlarını təmin etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə