"Azərbaycan dövləti bu yükü öz büdcəsi hesabına daşıyır" - ŞƏRH EDİLDİ
"Qayıdışla bağlı aparılan işlər son dərəcə vacib və strateji əhəmiyyət daşıyır. Doğrudur, Qarabağ bölgəsində 900-dən çox şəhər və kəndin işğal dövründə dağıdılması və onların yenidən qurulmasının yalnız Azərbaycan dövlətinin üzərinə düşməsi müəyyən çətinliklər yaradır. Əslində, bu bölgəni 30 il ərzində işğal edən, hər cür hüququmuzu və imkanlarımızı mənimsəyən Ermənistanın məsuliyyətə cəlb olunması, həmçinin bölgənin bərpasına maddi və hüquqi cəhətdən töhfə verməsi olduqca ədalətli olardı". Bu sözləri SİA-ya açıqlamasında hüquqşunas, siyasətçi Əli Mustafa deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycana vurulan yüz milyardlarla manatlıq zərərin kompensasiyası məsələsi, həmçinin bu vəsaitin bərpa işlərinə yönəldilməsi olduqca mühüm məsələdir: "Əgər bu reallaşsaydı, proses daha sürətli və səmərəli gedə bilərdi. Lakin mövcud durumda Azərbaycan dövləti bu yükü öz büdcəsi hesabına daşıyır və bunu uğurla həyata keçirir ki, bu da olduqca təqdirəlayiq haldır.
Qarabağa qayıdan hər bir vətəndaşımız orada özünə və dövlətinə olan güvəni daha da artırır. Bu, eyni zamanda düşmənə də bir mesajdır: torpağın həqiqi sahibləri artıq öz yurduna dönüb və burada möhkəmlənir. Bu reallıq düşməni həm psixoloji, həm də siyasi baxımdan geri çəkilməyə məcbur edir. Çünki bu torpaqlarda artıq erməni faşizminin ayaq yeri yoxdur".
Həmçinin politoloq qeyd edir ki, qayıdış eyni zamanda bölgənin abadlaşmasına, təbii sərvətlərindən ümummilli maraqlara uyğun şəkildə istifadə olunmasına zəmin yaradır: "Qarabağ Azərbaycanın ən gözəl guşələrindən biridir və bu coğrafiyanın dirçəlməsi ümumi inkişafımıza da ciddi töhfə verir.
Dünya da bu prosesləri izləyir. Xüsusilə Xankəndi və Şuşada keçirilən tədbirlər beynəlxalq ictimaiyyətə Azərbaycanın bölgədə tam suverenliyini nümayiş etdirir. Bu, eyni zamanda Ermənistanı dəstəkləyən xarici dairələrin də mövqeyində dəyişiklik yaradır və onların müqavimətinin tədricən sarsılmasına səbəb olur.
Çünki artıq hamı görür və anlayır ki, bu bölgənin ermənilərlə heç bir əlaqəsi yoxdur. Əgər onlar bu torpaqlara aid olsaydılar, oraları viran qoymazdılar. Bugünkü quruculuq və bərpa işləri bir daha təsdiq edir ki, Qarabağ Azərbaycandır".
Bütün xəbərlər Facebook səhifəmizdə