Amerika Birləşmiş Ştatlarının Demokratlar Partiyası Rusiya Federasiyası ilə münasibətləri bir çox istiqamətdə korlayıb. Respublikaçılar Partiyası indi artıq çox şeyi “bərpa etmək” məcburiyyətindədir. Münasibətlərin normallaşdırılması istiqamətində ABŞ prezidenti Donald Tramp tərəfindən atılan addımlar da bu baxımdan heç də təsadüfi və səbəbsiz deyil.
Avropalılarda olan “qıcıq” ilk baxışdan qısqanclıq kimi görünsə də, məsələ göründüyü kimi bəsit deyil, bir qədər düşündürücüdür
Diqqətə çatdıraq ki, Rusiya prezidenti Vladimir Putin həmkarı Donald Trampla telefon danışığı zamanı Qitə və Milli Xokkey Liqalarının ən yaxşı komandaları arasında yarışların təşkilini təklif edib. Belə məlum olub ki, bu təklif Trampın xoşuna gəlib. Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın məhz Aİ nümayəndələrinin "top Rusiya tərəfindədir" açıqlamalarına münasibət bildirməsi heç də təsadüfi sayıla bilməz. "Avropa İttifaqı davamlı olaraq, "top Moskvanın tərəfindədir" deyirdi. Məlum oldu ki, bu, xokkey şaybası imiş və o artıq oyundadır", deyə Zaxarova bildirib. Belə bir ehyam diqqəti cəlb edir və görünən odur ki, ruslar məhz avropalıların hansısa niyyətlərindən də xəbərdardırlar və yenə də hansısa “işlər çevirmək” üçün cəhdlər edildiyinə işarə vurulur.
Belə məlum olur ki, Rusiya lideri Putin və ABŞ lideri Tramp totalitar “liberalların” ümidlərinə zidd olan razılığa gəlirlər. Bununla belə onların rəhbərləri hər şeyi “olduğu kimi” saxlamağa çalışırlar. Nəyə nail olmaq istədikləri də göz önündədir. ABŞ və Rusiya liderlərinin münasibətləri yaxşılaşdırmaq niyyətlərinə avropalılarda olan “qıcıq” ilk baxışdan qısqanclıq kimi görünsə də, məsələ bir qədər də düşündürücüdür və hər halda, göründüyü kimi bəsit, o qədər də səthi deyil. İstənilən halda, Avropa liderlərinin yenə də mövcud vəziyyətlə “barışmaz” mövqeyi ortadadır. Heç şübhəsiz ki, bunun səbəbləri var və hansısa niyyətin olduğu da təkzib edilə bilməz.
Ukraynadan istifadə etmək niyyətinin olduğu yenə də özünü biruzə verir
Avropa Komissiyasının rəhbəri Avropa İttifaqının Ukraynaya silahlanma proqramlarını və paylayıcı materiallarını kəskin şəkildə genişləndirəcəyini vəd edir. Özü də davamlı şəkildə belə vədlərlə çıxış edir. Bəs axı prezidentlər arasında söhbətdə “münaqişənin genişlənməsinin, eskalasiya deyilənin qarşısının alınmasının və onun siyasi-diplomatik vasitələrlə həllinə çalışmağın əsas şərtinin məhz xarici hərbi yardımın və Kiyevə kəşfiyyat məlumatlarının verilməsinin tamamilə dayandırılması olduğu vurğulanıb”. Hər halda, təzadlı məqamların olduğu təkzib edilə bilməz. Əgər Avropa Komissiyası Avropa İttifaqı və Ukraynanın hərbi potensialının kəmiyyət və keyfiyyətcə genişləndirilməsi planı olan sənədlər paketini təqdim edibsə, deməli, hər şey ortadadır. Sözsüz ki, hərbi istehsal üçün vahid bazarın da nəzərdə tutulduğu özünü göstərir. Belə məlum olur ki, “istiqamətlər” artıq müəyyən edilib.
Hadisələrin gedişi onu deməyə əsas verir ki, Avropa İttifaqının məqsədi Ukraynanı dəstəkləməkdən çox, həmin ölkədən məhz Rusiya Federasiyasına və Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbərliyinə qarşı istifadə etməkdən ibarətdir. Əgər həqiqətən də Ukraynanın dəstəklənməsi “yük” hesab olunursa, o zaman nəyə görə belə bir dəstək hələ də ön planda durur? Sözsüz ki, bu sual çoxlarını düşündürür və bununla bağlı siyasətçilərin də, dövlət rəsmilərinin də fikirləri maraq doğurur. Məsələn, Macarıstanın baş naziri Orbanın sözlərinə görə, Avropa İttifaqı ölkələrinin əksəriyyətinin liderləri artıq başa düşürlər ki, Ukrayna hərbi qarşıdurmada uduzub və həmin ölkənin Avropa İttifaqına daxil olması Aİ-nin iqtisadiyyatını çökdürəcək. Deməli, belə çıxır ki, Avropa belə bir “çöküşü” bilə-bilə hələ də özünəməxsus şəkildə Ukrayna ilə bağlı planlar üzərində baş sındırır və nəyə isə ümid edir. Ən azından, Ukraynadan istifadə etmək niyyətinin olduğu yenə də özünü biruzə verir.
İstifadə niyyətinin olması qənaətinə gəlinməsi məhz alət olmamaq üçün kifayət edər və bunu dərk edənlər öz hesablarını götürmüş olarlar...
Dünya ölkələri ilə bağlı bir çox məqamları bu anda xatırlatmaq tamamilə yerinə düşür. Onsuz da həmin məqamlar heç də diqqətdən yayınan deyil. Məsələn, diqqətə çatdıraq və xatırladaq ki, Avropa İttifaqının bürokratiyasına tabe olmamaq üçün Britaniya Avropa İttifaqını tərk etdi. Yəqin ki, nəinki amerikalılar, ümumiyyətlə, bütün dünya ictimaiyyəti də bu faktı nəzərdən qaçırmadı. Amma bununla belə, onu da diqqətə çatdıraq ki, Avropa İttifaqı ilə əlaqəli hər şeyə Britaniya güclü təsir göstərir. Bu təsiri heç avropalılar özləri də görməyə, hiss etməyə, duymaya bilməzlər. Duyurlar. Özü də çox yaxşı duyurlar və bu vaxta qədər olan təsirləri yaxşı başa da düşürlər. “Ayının yüz oyunu bir armuda görədir”, zərb məsəlində olduğu kimi, bu qədər “oyunlar” da əlbəttə ki, nəyə isə görədir. İndi Avropa “başbilənləri” sadəcə olaraq, Ukraynadan istifadə etmək niyyətlərini heç gizlədə də bilmirlər. Çünki hər şey ortadadır. “Cidanı çuvalda gizlətmək olmaz” və elə gizli niyyətlər də bu baxımdan gizli qala bilməz.
Niyyətlərin nədən ibarət olduğunu da daha açıq şəkildə bildirənlər elə Avropa İttifaqını tərk edənlərdirlər. Daha dəqiq desək, Britaniya rəsmiləri belə bir çox qaranlıq məqamlar barədə açıq şəkildə fikirlərini bildirirlər və çəkinmədən qeyd edirlər ki, avropalılar istənilən halda, xüsusən də atəşkən olacağı təqdirdə yenə də “burunlarını soxmaq” fikrində olacaqlar. Məsələn, Böyük Britaniyanın baş naziri Starmer deyib ki, Ukraynada atəşkəs əldə olunarsa, Avropadan olan NATO qoşunları sülhməramlılar kimi tezliklə ölkəyə daxil olmalıdırılar və olacaqlar da. Xüsusən də belə bir “proqnozun” ardınca “xəbərdarlıq” da edilir. “Biz artıq bir neçə dəfə açıq şəkildə xəbərdarlıq etmişik ki, NATO qüvvələri Rusiyanın cənubuna daxil olmaq üçün hansı variantdan istifadə edirlərsə etsinlər, silahlarımız onları məhv edəcək”, deyə bildirilməsi artıq yalnız xəbərdarlıq deyil, həm də ortada niyyətlərin olmasını təsdiq edən məqamdır. Niyyət də, məqsəd də, məram da elə istifadə etməkdən ibarətdir. Amma bunun başa düşülməsi hər halda, alət olmamaq üçün ukraynalılara da kifayət edər və bunu dərk edənlər, xüsusən, amerikalılar da, ruslar da öz hesablarını götürmüş olarlar...
Bütün xəbərlər Facebook səhifəmizdə