Prezident tərəfindən elan edilən "Konstitusiya və Suverenlik İli" qürur qaynağımızdır
Prezident İlham Əliyev, yeni başa vurduğumuz ilin son günlərində - 28 dekabr 2024-cü il tarixində daha bir əhəmiyyətli Sərəncam imzaladı. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu sərəncam özündə ötən tarixi, eyni zamanda gələcəyi biraraya gətirən bir çox əhəmiyyətli məqamları ehtiva etməklə bərabər, müstəqillik, suverenlik və dövlətçilik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından olduqca dəyərli bir sənəddir.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan tam 30 il keçir. Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən biri olan Ana Qanunumuz məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində və bir başa onun rəhbərliyi ilə hazırlandı.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə Azərbaycan Respublikası Konstitusiyası qəbul edildi və bununla da ölkəmizdə genişmiqyaslı qanunvericilik aktlarının, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yarandı.
Müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edildi, dövlət hakimiyyət orqanlarının demokratik əsaslarla formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmləri, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapdı.
Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı ilin 1 noyabrında imzalanan Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.
Ulu Öndərin Azərbaycanda rəhbərliyi dövründə hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edildi.
Daha sonrakı illərdə isə bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirildi, konstitusional prinsiplərin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirildi. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu və 2016-cı illərdə Konstitusiyaya əlavə və dəyişikliklər edildi. Ana Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırıldı.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərimizi möhkəmləndirdi. Xalqımız artıq beşinci ildir Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.
Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. Cənab Prezident tərəfindən elan edilən "Konstitusiya və Suverenlik İli"nin tıməlində birmənalı olaraq güclü dövlətçilik prinsiplərimiz dayanır.
"Konstitusiya və Suverenlik İli"nin məhz Şanlı Zəfərimizin beşinci ildönümündə qeyd edilməsi hər birimiz üçün, hər bir Azərbaycanlı üçün ikiqat sevinc və qürur qaynağıdır.
Jalə Əliyeva
Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə