“Heydər Əliyevin bugünün əbədiləşdirilməsi ilə bağlı xüsusi rolu var” - MÜNASİBƏT BİLDİRİLDİ

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü istənilən Azərbaycanlının həyatına daxil olmuş bayramdır və hər tərəfdə xüsusi şəkildə qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, artıq Azərbaycanın daxilində insanlar bugünə, bu tarixə öyrəşiblər və onu qeyd etməyi özlərinə borc bilir, bir-birini təbrik edirlər: "Bu gün xaricdə daha geniş şəkildə qeyd olunur. Bu Dünya Azərbaycanlılarının doğrudan da birləşməsində ciddi bir rol oynayan bir hadisə oldu. Hesab edirəm ki, bu barədə çox danışmaq olar.

1989-cu ilin sonunda bu hadisə baş verdi. 200 ildən sonra insanlar öz arzularına qovuşdular. Məlumdur ki, sərhəd öz soydaşlarımızı, bizi bir-birimizdən ayırırdı. Çox böyük həsrət idi və ondan sonra da həmin dövrdə görünməmiş bir hadisə idi. Sovet imperiyası hələ var idi və müqavimət göstərirdi. Hələ qarşıda Sovet imperiyasının qanlı hadisələri gözlənilirdi.

Sovet imperiyası 1991-ci ilin dekabrında süqut edəndən sonra da hələ də müxtəlif adlar altında bərpa etməyə cəhd göstərirdilər. Amma həmin dövrdə ilk və təhlükəli bir məqamda Sovet imperiyası hələ güclü olduğu bir dövrdə Azərbaycan xalqı öz gücünü göstərdi. Təsadüfi deyil ki, dünyanın bir çox mətbu orqanları, nüfuzlu mərkəzlər Azərbaycan xalqını kütləvi aksiyalara, o nəticəyə nail olduqlarına görə ilin xalqı elan etdilər. Yəni bu böyük bir hadisə idi. Bu günləri də ciddi şəkildə qeyd olunur, Bütün Azərbaycanlıları dünyada birləşdirir.

Ümummilli Lider Heydər Əliyevin bugünün əbədiləşdirilməsi ilə bağlı xüsusi rolu var. Bu hadisələr Naxçıvan ərazisində baş verdi və Naxçıvan da 1991-ci ildə Ali Sovetin sədri seçiləndən sonra bu məsələ ilə bağlı Heydər Əliyev ciddi məşğul oldu. Onun bugünün rəsmiləşdirilməsi ilə bağlı təşəbbüslər etdi və elə onun təşəbbüsü ilə bugün də sonradan Azərbaycanın bir vahid günü, Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qəbul olundu.

Ümummilli Lider Azərbaycanın şimalı ilə cənubunun birləşdirilməsinə çox önəm verirdi. Onun 1994-cü ildə hakimiyyətə 2-ci qayıdışının ilk dövrü idi, hələ çox çətin dövr idi və Avropaya səfəri var idi, Londonda cənublular da onun görüşünə gəlmişdilər ki, cənubun taleyinə necə baxırsınız. Heydər Əliyev orada çox müdrik bir cavab vermişdi. Həmin dövrdə Azərbaycan zəif vəziyyətdə olduğuna görə İranla da tam açıq qarşıdurmaya getmək istəmirdi, eyni zamanda Rusiya ilə də münasibətlər saxlanılırdı və ona görə də müdrik, düzgün bir cavab verdi ki, tamın ikiyə bölünmüş hissəsi çox keçməz ki yenidən bütövləşər.

Hər kəs özünə borc bilir ki, bu cür tədbirlər keçirsin, iştirak etsinlər, insanlar bir araya gəlsinlər və hər tədbirdən insanlar nəticə ilə çıxmalıdır. Nəticə ondan ibarətdir ki, hər kəs düşünməlidir, mən bu günləri bir araya gəldim, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü qeyd edirəm və eyni zamanda mən özüm üçün düşünməliyəm, öz qarşıma vəzifə qoymalıyam ki, mən Azərbaycan üçün neynəyirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə