"Əsəd rejiminin sonu bəlli idi" - MÜNASİBƏT BİLDİRİLDİ

"Əsəd rejiminin sonu bəlli idi və o da bəlli idi ki, rejimin bu şəkildə davam etməsi mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, hər gün ağırlaşan vəziyyət nəticə etibarilə təkcə xalqı deyil, ordunu da artıq Əsəd rejimindən bezdirmişdi: "Rusiyanın Ukrayna ilə müharibə fonunda Əsəd rejiminə dəstəyinin azalması, eləcə də İranın proksi qüvvələri olan Həmas, Hizbulla kimi qüvvələrə qarşı keçirilən əməliyyatlar, İranın özünün də İsraillə kəskinləşən münasibətləri rəsmi Tehranın da Əsədə dəstək imkanlarının məhdudlaşdırdı. Müxalif qüvvələr də məhz bu amilləri nəzərə alaraq, düzgün zaman və strateqiya seçimi sayəsində hakimiyyəti ələ əlmağı bacardılar.

Bu proseslərdə Türkiyənin mühüm rolu və qarşıdan gələn dövrdə də Suriyada proseslərin dinc inkişafına verə biləcəyi töhfələr şübhəsizdir. Çünki Türkiyə indiki mərhələdə Suriyanın gələcəyində həlledici mövqe tutan ən əsas ölkədir. Bu prosesdə Türkiyənin diplomatik və hərbi addımlarının təsiri Suriyanın yenidən formalaşdırılmasında kritik əhəmiyyətə malik olacaq. Çünki bu, təkcə diplomatik cəhətdən deyil, həm də xalqın istəyindən yaranan zərurətdir.

Odur ki, indi Türkiyə birincisi, müxalif qüvvələrin müxalifətin müxtəlif təbəqələri arasında konsensusun əldə olunması üçün fəal şəkildə çalışır. İkincisi, Türkiyə Suriyanın bütövlüyünü qorumaq və PKK, YPG kimi qurumların güclənməsinə mane olmaq üçün mübarizə aparır. Üçüncüsü, Türkiyə, Misir, Qətər və Suriya arasında enerji əməkdaşlığını genişləndirmək məqsədilə bölgəni Avropanın əsas qaz təchizatçısına çevirmək imkanlarını araşdırır. Son nəticədə, Suriyada kimin hakimiyyətdə olması və hansı dövlətin maraqlarının təmin edilməsi məsələlərindən asılı olmayaraq, danışıqların əsas tərəflərindən biri Türkiyə olacaq.

Suriyada baş verənlər təbii olaraq bizim üçün də böyük maraq doğurur. Birincisi, ona görə ki, Əsəd rejiminin çökməsi strateji müttəfiqimiz, qardaş ölkə olan Türkiyənin mövqelərini gücləndirdi. İkincisi isə Əsəd rejiminin uzun illər ərzində Ermənistana vediyi dəstək fonunda indi bu rejimin süquta uğraması bizim də maraqlarımıza cavab verir".

Onun sözlərinə görə, məlumdur ki, Bəşər Əsəd hakimiyyətdə olduğu illərdə Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edirdi: "Azərbaycana dost olmayan ölkələrlə - xüsusilə də Ermənistan, İran və Hindistan kimi ölkələrlə xüsusi yaxınlıq nümayiş etdirir, bizimlə dost olan Türkiyə, Pakistan və İsrail kimi ölkələrlə isə əksinə düşmənçilik münasibəti sərgiləyirdi. Beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistana qarşı təşəbbüs etdiyi sənədlərin bloklanmasında fəal iştirak edən Əsəd hakimiyyəti, Ermənistanla açıq-aşkar müttəfiqlik edirdi. İslam Əməkdaşlıq Təşkilatında hər dəfə Azərbaycanın Ermənistana qarşı qaldırdığı təşəbbüslərin əleyhinə çıxış etməklə də Ermənistana bütün imkanları ilə dəstək nümayiş etdirirdi. Bütün bunlarla yanaşı Suriyanın daxilindəki ermənilərə də xüsusi imtiyazlar verilmişdi. Məsələn sayları 3.5 milyon civarında olan Türkmənlərə hər hansı hüquqlar verilmədiyi halda Suriya Konstitusiyasına görə ermənilərə azlıq status verilmişdi. Bu məqam ölkənin 1949 və 1972-ci il konstitusiyalarında öz əksini tapıb. Yəni, Suriyada yalnız ermənilər azlıq kimi qəbul olunub. Başqa icmalar isə Suriya ərəb vətəndaşları kimi tanınırdı və faktiki olaraq vətəndaşlıq adı altında türkmənlərin assimilyasiyası aparılırdı. Odur ki, indi Əsəsd rejiminin çökməsi ilə onun dəstək verdiyi Ermənistan və Hindistan kimi ölkələr də faktiki olaraq uduzmuş tərəfdə yer alırlar. Həm Əsəd rejiminə, həm də Ermənistana dəstəyi ilə seçilən İran da çıxılmaz vəziyyətlə üzləşib.

Ümid edirik ki, Türkiyə dəstəkli müxalif qüvvələrin Suriyada söz sahibi olması, eləcə də əslində Azərbaycan kökənli hesab olunan türkmənlərin də bu və ya digər şəkildə Suriyada mövqelərini möhkəmləndirməsi ilə bundan sonrakı Suriya Azərbaycana qarşı düşmən mövqedə dayanan ölkə olmayacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə