Azərbaycan tarixi mədəni-milli ənənələri ilə zəngin dövlətdir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər də diqqətdən kənarda deyil. Təndir – Azərbaycan xalqının maddi-mədəni nümunəsidir. Təndir çörəyi qədim ənənəyə söykənir. Tarixi bizim era ilə üst-üstə düşür. Təndirdə çörək bişirmə ənənəsi qədim xalq sənətkarlığı nümunəsi kimi min illərdir nəsildən nəsilə ötürülüb.
Azərbaycanlılar çörəyi müqəddəs hədiyyə bilib onu "Qurani-Kərim"lə eyni səviyyədə tuturlar. İnsanlar dua zamanı Tanrıdan onları çörəklə sınağa çəkməməsini istəyirlər, dəyərli qonaqları duz-çörəklə qarşılayırlar. Azərbaycanda çörək də, təndir də müqəddəs sayılır. Təbiətin yaranışı – günəşin qürubu, zəlzələlər zamanı insanlar təndirə doğru qaçardılar. İnanırdılar ki, Tanrı onları qoruyacaq. Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında "Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə" adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb. UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 3-də elan edilib. Bununla da, UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb. Qədim ənənələrə söykənən təndir sənətkarlığının Reprezentativ Siyahıya daxil edilməsi xalqımız üçün əlamətdar hadisədir. Sürətlə müasirləşən dünyada mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması xüsusi önəm daşıyır. Xatırladaq ki, "Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə" adlı nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ildə Xarici İşlər Nazirliyi vasitəsilə UNESCO-ya təqdim edilmişdir. Elementin siyahıya daxil edildiyi 19-cu Sessiyada Mədəniyyət Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və UNESCO üzrə Milli Komissiya təmsil olunur.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında, dünyada təbliğində əvəzsiz xidmətləri vardır. Azərbaycanın Birinci Xanımı ölkəmizdə müntəzəm olaraq keçirilən müxtəlif beynəlxalq mədəniyyət tədbirlərinin və festivallarının təşkilində mühüm rol oynayır. Beynəlxalq muğam festivalı və muğam ifaçılarının müsabiqəsi, M.Rastropoviç adına, eləcə də D.Şostakoviçin və Bülbülün yubileylərinə həsr edilmiş beynəlxalq festivallar, Qəbələ Musiqi Festivalı, Aşıqların Beynəlxalq Festivalı kimi tədbirlər məhz Mehriban Əliyevanın yaxından dəstəyi ilə həyata keçirilib. Bakıda Beynəlxalq Muğam Teatrının, Müasir İncəsənət Muzeyinin binaları tikilib, açıq səma altında "Qala" arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb.
Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyətini xüsusi qeyd etməliyik. Azərbaycanın maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi böyük nailiyyət kimi tariximizə yazıldı. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, "Kəlağayı simvolizmi və ənənəvi sənəti" və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Heydər Əliyev Fondunun rolu xüsusidir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə