Vətəndaşlar Zəfər parkını ziyarət edirlər

Xalqımız 8 Noyabr - Zəfər Gününün dördüncü ildönümünü ölkəmizin hər yerində olduğu kimi paytaxtda da qeyd edir. SİA xəbər verir ki, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiramını bildirmək üçün vətəndaşlarımız noyabrın 8-də Bakıda Zəfər parkını ziyarət edir, abidənin önünə gül dəstələri qoyur, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyirlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşasına başlanan layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə Zəfər parkı yaradılıb. Bu gün Prezident İlham Əliyev Zəfər parkının açılışında iştirak edib

Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad edib. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli Bayrağımız əzəmətlə dalğalanır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Qarabağın tacı, onun döyünən ürəyi Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə