Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 31-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddinlə görüşüb.
SİA xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, S.Qafarova dövlətlərarası münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrindən danışıb. Bildirib ki, bu gün ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın səviyyəsi əlaqələrimizin inkişafına geniş imkanlar yaradır.
Milli Məclisin sədri həm Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə, həm də ərazi bütövlüyümüzün təmin olunması zamanı ölkəmizə beynəlxalq arenada verdiyi daimi dəstəyə görə Pakistana və onun parlamentinə təşəkkürünü bildirib. O, Azərbaycanın da həmişə Pakistanın yanında olduğunu və Kəşmir probleminin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həllini dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu yüksək qiymətləndirilib, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin, müntəzəm təmaslarının, eləcə də deputatlarımızın beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işləri barədə də danışılıb. S.Qafarova COP-29 ətrafında gedən çirkin siyasi oyunları qəbuledilməz adlandırıb, bu tədbirin ümumbəşəri əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qonağa Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində keçirəcəyi Parlament konfransı barədə də məlumat verilib, tədbirin parlamentarilər üçün iqlim dəyişikliyi ilə mübarizədə fikir mübadiləsi aparmaq məqsədilə əhəmiyyətli platforma olduğu bildirilib.
Səfir Qasim Mohiuddin Azərbaycan-Pakistan münasibətlərinin tarixi köklərə və qardaşlıq əlaqələrinə söykəndiyini, bu münasibətlərin bundan sonra da davam edəcəyini bildirib. Diplomat deyib ki, Pakistan COP29-da iştirak edəcəyini dərhal təsdiqləyən ölkələrdəndir və Azərbaycanın bu tədbiri yüksək səviyyədə, uğurla keçirəcəyinə əmindir.
O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanın mövqeyi həmişə ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə əsaslanıb və Pakistan həmişə Azərbaycanın yanında olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyin onlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Ölkəmizin iqlim dəyişiklikləri kimi qlobal problemlərin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirən səfir COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Pakistanın tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib, bu görüşün iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələri gücləndirəcəyinə inandığını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə