Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Sentyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

SİA xəbər verir ki, əvvəlcə MSK-nın sentyabrın 10-da keçirilmiş iclasının protokolu təsdiqlənib.

Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün şəffaf, hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Maraqlı subyektlərin də bilavasitə iştirakı ilə MSK üzvlərinin müzakirəsindən sonra 78 saylı Lənkəran kənd seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri, eləcə də 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin 2, 14 və 20 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunub.

MSK seçkilərlə əlaqədar daxil olan müraciətlərin, müxtəlif mənbələrdən alınan məlumatların tam şəffaf, qərəzsiz və təfsilatı ilə diqqətlə araşdırılması istiqamətindəki qərarlılığını bir daha bəyan edib.

Media mənsubları tərəfindən operativ işıqlandırılan iclasın sonunda cari məsələlərə də baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə