Reallıqların beynəlxalq müstəviyə çıxarılmasında VACİB PLATFORMA - TƏHLİL

İyulun 3-də öz işinə başlayan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə toplantısı bütün dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Xüsusən də Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu tədbirdə fəxri qonaq qismində iştirak etməsi maraqla qarşılanıb ki, bu da səbəbsiz deyil. Çünki Qazaxıstanın hazırda Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və Azərbaycan Prezidentinin şəxsən Qazaxıstan Prezidenti Tokayevin Tokayevin dəvəti ilə təşkilatın sammitində iştirak etməsi həqiqətən diqqətə layiqdir və ölkə rəhbərimizə olan dostluq münasibətinin, rəğbətin, eləcə də inamın, etimadın bariz nümunəsi olaraq qəbul edilməkdədir.

Məqsəd üzv dövlətlər arasında qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərini gücləndirməkdir

Xatırlatma üçün diqqətə çatdıraq ki, Şanxay Əməkdaşlıq Təşkilatı məhz Şanxayda bir neçə ölkə, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən 2001-ci ildə təsis edilib. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərini gücləndirməkdir. Eyni zamanda həm sözügedən təşkilat siyasi, ticarət və iqtisadi sahələrdə, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin mühafizəsi və s. sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də, regionda sülhə, təhlükəsizlik və sabitliyə nail olunması üçün səyləri birləşdirərək, yeni siyasi və iqtisadi beynəlxalq nizamın yaradılması üçün tədbirlər görür. Hazırda, Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran olmaqla, Şanxay Əməkdaşlıq Təşkilatına 9 üzv ölkə daxildir. Həmçinin, Əfqanıstan, Monqolustan, Belarus olmaqla, Şanxay Əməkdaşlıq Təşkilatında 3 ölkə müşahidəçi dövlət statusuna malikdir və Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka olmaqla, sözüged\m təşkilatın dialoq üzrə 14 tərəfdaşı var.

Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf etməkdədir

Onu da nəzərə çatdıraq ki, Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun Azərbaycana verilməsi haqda 2016-cı ildə Pekində memorandum imzalanıb. Eyni zamanda onu da unutmamışıq ki, 2022-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində cənab Prezident İlham Əliyev ilk dəfə fəxri qonaq qismində iştirak edib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizin məhz Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı yüksələn xətt üzrə getdikcə inkişaf etməkdədir. Məsələ burasındadır ki, bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ilə yanaşı, eyni zamanda, ölkəmizin beynəlxalq səviyyədə öz səsini və mövqeyini çatdırması üçün Şanxay Əməkdaşlıq Təşkilatının mühüm platforma olması deməkdir. Prezident İlham Əliyevin yüksək səviyyəli görüşlərdə iştirakı, çıxışları, ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılması özü təsdiq edir ki, həmin təşkilat məhz reallıqların qlobal müstəvidə ortaya qoyulması üçün vacib bir platforma olaraq qəbul edilməkdədir.

Əməkdaşlıq məhz hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir

Əlbəttə ki, Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatının əməkdaşlığının məhz hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət etdiyi, eləcə də iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi, sivilizasiyalararası dialoq kimi sahələri əhatə etməsi hər kəs üçün bəlli məsələdir. Məsələn, əvvəla, bu əməkdaşlıq, bir tərəfdən, ölkəmizin bütün dünya və regional güclərlə yaxşı münasibətlər saxlaması üçün strateji kursunu mükəmməl şəkildə nümayiş etdirməsi baxımından çox faydalıdır. Digər tərəfdən də Azərbaycanın hər hansı bir dövlətin hegemonluğunu inkar edən çoxqütblü dünya nizamının yaradılmasına sadiqliyini göstərən bir məqam olaraq olduqca əhəmiyyətlidir.

Şanxay Əməkdaşlıq Təşkilatı dövlətləri üçün ölkəmizin əhəmiyyəti daha da artıb

Sözsüz ki, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı dövlətləri üçün əhəmiyyəti daha da artıb. Azərbaycandan keçən “Şimal-Cənub” və “Şərq-Qərb” nəhəng nəqliyyat layihələrinin həyata keçirilməsinə gözləntilərin artması ilə sözügedən təşkilata üzv dövlətlər buna daha çox əmin olublar. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın investisiyaları ilə tikildiyini xatırlatmaq da gərəkir. Bu layihələrdə mühüm yerdə olmaq üçün ölkəmiz yaranan iqtisadi vəziyyət üçün infrastrukturu özü yaratdı. Məhz bütün bunlara görə ölkəmizə, ölkə rəhbərimizə olan inam və etimad hər zaman artmaqdadır. Həm də unutmaq lazım deyil ki, COP29 kimi tanınan ən böyük ekoloji forumun ölkəmizdə keçiriləcəyi də xüsusi rol oynamaqdadır. Məhz Azərbaycanın COP29-a sədrliyi ölkəmizin qlobal səviyyədə siyasət apardığını, beynəlxalq aktor olduğunu, dünyanın aparıcı dövlətlərinin Bakı ilə əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu əlbəttə ki, sübut edir.

Görüşlər yüksək səviyyəli münasibətlərin, eləcə də qarşılıqlı etimadın yüksək səviyyəsinin göstəricisidir

Dünya ictimaiyyətinə məlumdur ki, məhz Astanaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev artıq Çin, Rusiya və Qazaxıstan liderləri ilə görüşüb. Bu isə əlbəttə ki, təqdirəlayiqdir. Çünki həmin görüşlər məhz yüksək səviyyəli münasibətlərin, eləcə də qarşılıqlı etimadın yüksək səviyyəsinin göstəricisi olaraq qəbul edilməkdədir. Eyni zamanda Astanada Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkiyə Prezidenti cəman Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri cənab Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşün baş tutması özü də qətiyyən diqqətdən yayınan deyil. Bütün dünya ictimaiyyəti bir sıra məqamları, xüsusən də ölkəmizin, Azərbaycanın artan nüfuzunu ardıcıl olaraq müşahidə etməkdədir. Həmin artan nüfuz isə heç də səbəbsiz hesab oluna bilməz. Hər kəs yaxşı bilir ki, ölkəmizin nüfuzunun artması məhz Azərbaycanın səmərəli xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyası sayəsindədir. Artıq etiraf edilir ki, Azərbaycanın məhz Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı ölkəmizin təkcə Şərqlə Qərbi deyil, həm də Şimalla Cənubu birləşdirən körpü rolunu oynadığı qəbul edilməkdədir və dövlət başçımızın bu sammitə fəxri qonaq qismində dəvət olunması və fəxri qonaq olaraq iştirakı ölkəmizin qlobal miqyasda getdikcə daha mühüm rol oynadığının sübutu olaraq dəyərləndirilir. Deməli, cəsarətlə deyə bilərik ki, ölkəmiz üçün digərləri kimi məhz Şanxay Əməkdaşlıq Təşkilatının sammiti də reallıqların beynəlxalq müstəviyə çıxarılması baxımından vacib platforma olaraq qiymətləndirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə