Fələstin qəzeti Azərbaycanın Müstəqillik Günü haqqında məqalə dərc edib

Fələstinin “Əl Qüds” qəzetində Azərbaycan Respublikasının Fələstin Dövlətindəki Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərlinin 28 May – Müstəqillik Gününə həsr olunmuş məqaləsi dərc edilib. SİA xəbər verir ki, məqalədə müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülü, həyata keçirdiyi islahatlar barədə geniş məlumat verilib. Müəllif qeyd edib ki, cəmi 23 ay mövcud olsa da, bu dövlət Azərbaycan xalqının dünyanın azadlıqsevər və mütərəqqi xalqları sırasında olduğunu göstərdi.

Oxucuların diqqətinə çatdırılıb ki, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan öz müstəqilliyini bərpa edib. 1993-cü ildə xalqın istəyi ilə dahi şəxsiyyət, böyük ictimai-siyasi xadim Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdıb, müstəqilliyin bərpa edilməsindən sonrakı ilk illərdə Azərbaycanı parçalanmaqdan, xaosdan xilas edərək, xalqa yeni, firavan həyat, müstəqil və qüdrətli Azərbaycan bəxş edib.

Məqalədə Ulu Öndər Heydər Əliyevin və onun kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan, həyata keçirilən transmilli layihələrdən ətraflı bəhs edilib. Müəllif vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrında 24 saat davam etmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa və tam suverenliyi təmin edilib. Mayın 28-də Müstəqillik Günü Azərbaycanın Qarabağ bölgəsi də daxil olmaqla, bütün ölkə ərazisində qeyd olunub.

Müəllif vurğulayıb ki, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan bu il daha bir mötəbər tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası bu tədbirdə iştiraka dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə