"Bu gün Gürcüstanda azlıq çoxluğa tabe olmaq istəmir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Cənubi Qafqazda, Gürcüstanda uzun müddətdir ki, xarici agentlərlə bağlı qanun layihəsinə etiraz olaraq aksiyalar getməkdədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, artıq dövlət, parlament qanun layihəsini qəbul edib və Prezidentə təqdim edib: "Prezident isə buna veto qoyub geri qaytarır. Ümumilikdə parlament gec-tez bu qanunu qəbul edəcək. Çünki Gürcüstan hakimiyyəti dövlət və xalqın maraqlarını nəzərə alaraq suveren, müstəqil bir siyasət həyata keçirmək istəyir. Xarici dövlətlərin Gürcüstanın daxili işlərinə qarışmasına rəvac verəcək addımların qarşısının alınması üçün qanun qəbul edir. Başda Birləşmiş Ştatlar olmaqla Qərb Cənubi Qafqazda yeni qaynar ocaqlar yaratmaq istəyir. Gürcüstanı öz təsirinə salıb yenidən Cənubi Qafqazda xaos yaratmaq istəyir. Gürcüstan hakimiyyəti bu cür təxribat xarakterli siyasi gedişlərin qarşısını almaq üçün qanun qəbul etmək məcburiyyətində qalıb. Ümumilikdə Gürcüstanın baş naziri bu yaxınlarda açıqlama verdi ki, Gürcüstanı yeni münaqişəyə sürükləmək, Ukraynanın vəziyyətinə gətirmək istəyirlər. Bu isə Gürcüstan dövləti və xalqının maraqlarına uyğun deyil. Gürcüstanın bu günkü hakimiyyətinin apardığı müstəqil siyasət sorosçuları qane etmir. Bu baxımdan sorosçular yenidən Gürcüstanda iğtişaş törədərək dövlət çevrilişi etmək istəyirlər. Bu günlərdə Birləşmiş Ştatların dövlət katibinin açıqlamasında açıq şəkildə Gürcüstan hakimiyyətinə, xalqına təhdiddir və şantaj xarakteri daşıyır. Çünki hər bir dövlət, xalq, parlament müstəqil fəaliyyət göstərərək özünəməxsus, siyasi maraqlarına uyğun qanunlar qəbul edir. Açıq şəkildə bu qanunun qəbul edilməsinə qarşı başda Birləşmiş Ştatlar olmaqla Qərb Gürcüstana təzyiq edir. Bu, bir daha onu göstərir ki, Birləşmiş Ştatlar beynəlxalq hüquq prinsipi ilə siyasi davranışları beynəlxalq hüquq prinsiplərinə söykəmir. Güc, təhdid, şantaj vasitəsilə öz maraqlarını həyata keçirmək istəyir. Gürcüstan parlamenti demokratik yolla seçilmiş parlamentdir. Xalqın iradəsi ilə formalaşıb. Parlamentdə qəbul ediləcək qanun xalqın maraqlarına söykənməlidir".

"Demokratiyanın təməl prinsipləri azlığın çoxluğa tabe olmasıdır. Bu gün Gürcüstanda azlıq çoxluğa tabe olmaq istəmir. Bir qrup sorosçular bu qanuna qarşı açıq etiraz edir və xaos yaratmaq istəyir. Bu etirazlar da Birləşmiş Ştatlar tərəfindən qızışdırılır. Toplantılara xarici səfirliklərin nümayəndələri də birbaşa qarışır. Birbaşa Gürcüstan hakimiyyətinin daxili işinə qarışmaq beynəlxalq normaların pozulması deməkdir. Hesab edirəm ki, Gürcüstan dövləti buna qarşı adekvat cavab verəcək. Dövlət katibinin şantaj dilində danışmasına gəldikdə isə bu, beynəlxalq normalara ziddir. Gürcüstanda yeni dövlət çevrilişi edərək Cənubi Qafqazda yeni xaos ocağının yaranmasına rəvac verəcək.

Hesab edirəm ki, Gürcüstan bu məsələdə prinsipial mövqe tutacaq. Cənubi Qafqaz qlobal güclərin savaşının bir episentridir. Birləşmiş Ştatlar və Qərb koalisiyası Cənubi Qafqaza girərək Rusiyanın cənub cinahını bağlamaq istəyir. Bu baxımdan Ermənistanda möhkəmlənib Gürcüstanda da hakimiyyəti devirib növbəti hədəf Azərbaycan olacaq. Çünki Birləşmiş Ştatlar Cənubi Qafqazı öz təsirinə saldığı halda Rusiyanın cənub cinahı bağlana bilər. Bu cür siyasət Cənubi Qafqazda xaos yaradacaq. Birləşmiş Ştatların bu siyasəti Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə də mane olan məsələdir. Cənubi Qafqazda stabilliyin yaranması üçün mütləq Cənubi Qafqaz Respublikaları region dövlətlərlə əməkdaşlığını gücləndirməlidir. Xaricdən gələn təsirlərə cavab verməlidir. Hesab edirəm ki, stabilliyin pozulması təkcə Cənubi Qafqaz Respublikaları üçün deyil, region dövlətlər üçün də təhlükə mənbəyidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə