“Cənubi Qafqaz sanki qarşıdurma meydanına çevrilməkdədir“ - ŞƏRH EDİLDİ

“Ümumiyyətlə Qərb dövlətlərinin və təsisatlarının təşəbbüsü ilə belə görüşlər keçirilərkən Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın rəyi mütləq alınmalıdır, Azərbaycan onsuz da Cənubi Qafqazda sülh və əməkdaşlığa nail olmaq üçün çox işlər görmüşdür, bu regionun inkişafı və çiçəklənməsi məhz Azərbaycanın investisiyaları hesabına başa gəlib. İndi qəribə bir vəziyyət yaranıb. ABŞ və Aİ Ermənistanı dəvət edir, onların inkişafı ilə bağlı hansısa infrastruktur layihələrini müzakirə edir və maliyyə yardımı ayırmaq haqqında qərar verir, lakin ən önəmli infrastruktur layihəsi məhz Azərbaycanın irəli sürdüyü Zəngəzir dəhlizi layihəsidir ki, Qərb bu layihəni kənarda tutur”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə. Zəngəzur dəhlizi bölgəyə inkişaf və inteqrasiya vəd edir: “Lakin bizim indi müşahidə etdiyimiz kimi Cənubi Qafqaz sanki qarşıdurma meydanına çevrilməkdədir, Ermənistan lazım olmayan bir məqamda Qərb ölkələrindən hərbiçiləri sərhədə gətirir, halbuki buna bir lüzum da yoxdur”.

V.Əhmədov sözlərinə davam edərək bildirib ki, xüsusən indiki Rusiya sülhməramlı kontingentin bölgədən çıxdığı bir zamanda iki ölkə arasında vasitəçisiz da anlaşma əldə oluna bilər: “Lakin təəssüf ki, həm Ermənistan və onun havadarları prosesi yenidən qarşıdurmaya doğru sürükləməyə çalışırlar. Digər tərəfdən Gürcüstanda gedən proseslər və orada da Qərbin əlinin olması açıq aşkar görsənir. Qərb orada da bu ölkənin daxili işlərinə müdaxilə etməyə çalışır. Ümumilikdə bütün bu proseslər Cənubi Qafqazda yenidən sabitliyin pozulmasına və qarşıdurma meydanına çevrilməsinə gətirib çıxara bilən amillərdir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə