"Azərbaycanda islahatlar artıq uzun müddətdir ki, fasiləsiz xarakter daşıyır" - ŞƏRH EDİLDİ

"Azərbaycanın özünəməxsus iqtisadi, siyasi və diplomatik fəaliyyət modelinin formalaşdırılması özü-özlüyündə olduqca qiymətli tarixi hadisə və faktdır. Çünki ölkəmiz, özünəxas geosiyasi reallıqlara malik olmaqla yanaşı, eyni zamanda, unikal bir geostrateji məkanda yerləşir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözləri görə, belə bir şəraitdə hər hansı ölkənin təcrübəsini olduğu kimi təkrarlamaq, şübhəsiz ki, Azərbaycanın maraqlarına və tələblərinə tam şəkildə cavab verə bilməzdi: "Ən optimal və düzgün yol, məhz ölkənin bütün sahələr üzrə - iqtisadiyyat, daxili siyasət, sosial sfera, humanitar və mədəniyyət sahələri, habelə xarici siyasət istiqamətində - özünəməxsus inkişaf modelinin işlənib hazırlanmasıdır. Bu modelin qurulmasında və davamlı olaraq təkmilləşdirilməsində həlledici rol Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Prezident, ölkə Konstitusiyasını rəhbər tutaraq, gündəlik dəyişən çağırışları və yaranan problemləri nəzərə almaqla, fasiləsiz şəkildə bu inkişaf modelinin təkmilləşdirilməsi üzərində çalışır.

Azərbaycanda islahatlar artıq uzun müddətdir ki, fasiləsiz xarakter daşıyır. Məhz bu davamlı islahatlar sayəsində ölkənin inkişaf modeli daim yenilənir və daha da möhkəmlənir. Nəticə etibarilə, bu gün Azərbaycanda sabitlik təmin olunub, iqtisadi və sosial dinamika yüksələn xətlə inkişaf edir. Bununla yanaşı, Azərbaycan həm regional, həm də qlobal miqyasda beynəlxalq münasibətlər sistemində öz mövqeyini getdikcə daha da gücləndirir. Ölkəmizə ciddi şəkildə mane ola biləcək və onu inkişaf yolundan döndərə biləcək real güc yoxdur. Bu da bir daha təsdiq edir ki, Azərbaycanın düşünülmüş və praqmatik xarici siyasət modeli mövcuddur və bu model, Prezident İlham Əliyevin bilavasitə strateji rəhbərliyi altında uğurla icra olunur".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə