"İlham Əliyev Azərbaycanı inkişaf zirvəsinə çatdırdı" - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin hakimiyyəti dövründə görülən işlər barədə danışmaqla günlərlə fikir bildirmək mümkündür. 2003-cü ildə hakimiyyətə gələn İlham Əliyevin bu gün Azərbaycanı çatdırdığı inkişaf zirvəsinə nəzər yetirdikdə, keçdiyimiz yolun nə qədər şərəfli və əhəmiyyətli olduğunu görmək mümkündür". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin əldə etdiyi ən böyük uğurlardan biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır: "Hazırda dünya üzrə bir çox münaqişələr davam edir və onların əksəriyyəti həll olunmamış qalır. Məsələn, bütün Qərbin dəstəklədiyi Ukrayna belə ərazi bütövlüyünü bərpa edə bilməyib. Amma cənab Prezident, 2020-ci ildə dünyanın aparıcı güclərinin təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqını və ordusunu arxasına alaraq işğal altında olan torpaqlarımızı azad etdi.

Bu qələbə nəticəsində Azərbaycan geosiyasi gücə çevrilib. Ölkəmiz artıq regional və qlobal siyasətdə söz sahibi olan, əməkdaşlıq üçün can atılan bir tərəfdaşa çevrilib. İqtisadi baxımdan da ciddi uğurlar əldə olunub. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu iqtisadi layihələr bu gün davam etdirilir. Azərbaycan "Orta Dəhliz", "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin üzərində yerləşən açar ölkədir və regionun enerji təhlükəsizliyini təmin edən əsas aktordur. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir, bunlardan 11-i Avropa ölkəsidir və onların 8-i Avropa İttifaqına daxildir. Bu, Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlığının göstəricisidir.

Daxili siyasətdə də humanist və ədalətli yanaşma diqqət çəkir. Son imzalanan amnistiya aktı 20 mindən çox şəxsi əhatə edib. Bu, Prezidentin mərhəmətli və humanist siyasətinin bariz nümunəsidir. Bu gün biz güclü, müstəqil və söz sahibi olan bir Azərbaycan dövlətində yaşayırıq və bu tarixi mərhələnin şahidi olduğumuz üçün özümüzü şanslı saymalıyıq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə