Qafqazdan qan iyi gəlir - RAKURS

Yazının başlığını təsadüfi seçməmişik. Bəli, Qafqazın hərbi-siyasi durumuna yaxından baxsaq müharibələrdən çıxmış, lakin hələ də özünə gəlməmiş regionu yeni müharibələrin gözlədiyini açıq gözlə görə bilərik. Soruşa birərsiniz ki, Gürcüstan 2008-ci il Cənubi Osetiya hadisələri ilə başlanan və Abxaziyanın da itirilməsi ilə sonuclanan müharibədən sonra öz daxili problemləri ilə baş-başa qalıb, gah Rusiyaya “buynuz” göstərir, gah da Qərbdən “çətir” istəyir.

44 günlük müharibədə alacağını alan İrəvandan fərqli olaraq Bakı qalib ölkə kimi yeni layihələr üzərində işləyir. Suveren hüquqlarını bütün ərazilərində bərpa edən Azərbaycan məcburi köçkünlərini öz doğma yurduna qaytarmaq üçün quruculuq işləri ilə məşğuldur. Ermənistanla müharibə bitər-bitməz sülh müqaviləsi imzalamaq üzərində 5 baza prinsipi üzərində iş aparır. Həmin sənəd beynəlxalq hüquqa söykəndiyindən Ermənistanın bundan imtina etməsi üçün heç bir səbəb yoxdur.

Ermənistana gəlincə, bu ölkə 30 il ərzində Azərbaycana qarşı etdiyi beynəlxalq səviyyəli cinayətlərinin bədəlini ödəməkdədir. Torpaqlarımızdan qovulan işğalçı ordunun tör-töküntüləri Qarabağdan çıxarılandan sonra bu vəziyyətlə barışanlar olsa da, revanşistlərin də olduğuna dair xəbərlər gəlir. Məsələ burasındadır ki, həm reallığı qəbul edən ermənilərə qarşı Qərbin, həm də yeni müharibə alovunu yandırmağa hazırlaşanlara qarşı Rusiyanın təhdidləri var. Qərb və Rusiya Ermənistanda nəzarəti bundan sonra təmin etmək üçün açıq mübarizəyə başlayıblar. Məsələnin kulminasiya nöqtəsi də budur. Müharibə tərəfləri reallığı qəbul edib sülh danışıqlarına başlamaq niyyətlərini ortaya qoyan gündən bu günə qədər işğalçı Ermənistanın arxasında duran güclər yeni oyunlar qurmağa, yeni müharibə tərtib etməyə qərar veriblər.

Qərbin yeganə niyyəti Rusiyanı regiondan vurub çıxarmaqdır. Düşünürlər ki, uzun illər Rusiyanın təsiri altında olan ölkələri, yəni keçmiş sovet respublikaları Moskvadan qurtulmaq istəyi onların işinə yarayacaq, eyni zamanda prosesi bir az da sürətləndirəcək. Amma unudurlar ki, Azərbaycan kimi digər “sovet respublikaları” Rusiyanı Qərbə dəyişmək üçün müstəqil olmayıblar. “Ağa-qul” düşüncəsi ilə yaşayan Qərb ölkələri Cənubi Qafqazı ələ keçirmək üçün bu dəfə ən zəif bəndi –Ermənistan üzərində plan qururlar. Bu yanaşma ilk növbədə sülh müzakirələrinin gedişatına zərbə vurur, prosesi zəiflədir. Eyni zamanda Ermənistanı fərqli bəhanələr uydurmağa kökləyir.

Digər tərəfdən Qərb ölkələri Rusiyanın başının Ukrayna savaşına qarışmasından istifadə edərək Cənubi Qafqazda yerləşmək istəyinə Moskvanın qarşılıq verəcəyi aksiomadır. Unutmaq lazım deyil ki, Rusiyanın Ermənistanla 102-ci bazanın 2049-cu ilə qədər bu ölkənin ərazisində qalacağına dair müqaviləsi var. Bu müqavilədən birtərəfli qaydada imtina İrəvanın görmək istəmədiyi fəsadlara yol aça bilər. Qərb isə Ermənistana Rusiyadan yaxşı heç nə vəd etmir, yalnız quru söz. Bir sözlə, Qərbin hələlik “mülkü müşahidəçi” statusunda Ermənistana yerləşdirdiyi missionerlər əyinlərinə hərbi mundir geydikləri dəqiqədən rus hərbiçilərinin hədəfinə çevriləcəklərini hər kəs bilir. Ona görə də ehtiyatla tərpənirlər...

Bəs İrəvandakılar nə düşünür?

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hazırda tarixi Ermənistandan real Ermənistana ağrılı keçid gedir. "Bu proses bizim tarixi məsuliyyətimizdir və biz bununla üzləşməli, bu prosesə münasibət bildirməliyik", - o, Gümrüdə Mülki Müqavilə Partiyasının təşəbbüs qrupunun iclasında deyib. Baş nazirin sözlərinə görə, bu prosesə iki yanaşma var. “Yanışmalardan biri belədir - biz hər cür şəkildə tarixi Ermənistandan reallığa keçidin əleyhinəyik, bunun qeyri-mümkün və qəbuledilməz olduğunu deyirik, ikinci yanaşma isə odur ki, tarixi Ermənistandan keçidi tarixi zərurət hesab edirik. Ermənistanı reallaşdırmaq, Ermənistan Respublikasını bizim hökumətimizin məsuliyyət sahəsi kimi təsbit etmək, real Ermənistanın təhlükəsizliyini, rifahını, iqtisadi inkişafını və xoşbəxtliyini təmin etməkdir. Mənim qavrayışım və qiymətləndirməm ondan ibarətdir ki, biz bu yolla getməliyik”.

Paşinyan bəyan edib ki, hakim partiyanın missiyası uzunmüddətli və institusional inkişafı üçün dövlətin və xalqın tarixi Ermənistandan həqiqi Ermənistana keçidinə rəhbərlik etmək və təmin etməkdir. “Əgər biz bu seçimi etməsək və hərəkətlərimizin motivi tarixi Ermənistandırsa, qorxuram ki, real Ermənistanın da tarixə çevriləcəyini ehtimal edəcəyik”.

Fransanın baş naziri Qabriel Attal Rusiyanı “Ermənistanı sülh arzusuna və öz suverenliyinə hörmətə, Moskvanın Ukraynada məhəl qoymadığı prinsiplərə görə cəzalandırmaq istəməkdə” ittiham edib. “Le Figaro” bu haqda yazır ki, bu, yalançı damğası vurulmadan inkar edilə bilməyən bir həqiqətdir. Üstəlik, Rusiyanın özü də bunu xüsusilə inkar etmir. “Rusiya Ermənistanı cəzalandırmaq istəyir, çünki o, Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaqla cəzasızlıqla mübarizə yolunu seçib, Ermənistan isə sadəcə olaraq demokratiya və qanunun aliliyi yolunu seçib”, - Fransa hökumətinin başçısı bildirib. Və onun sözlərini dəstəkləmək üçün rusların çoxlu sayda anti-erməni çıxışlarını göstərmək olar.

Rusiyanın BMT Təhlükəsizlik Şurasında Daimi Nümayəndəsinin birinci müavini Dmitri Polyanski martın 12-də keçirilən iclasında bildirib ki, Aİ-nin Ermənistan, Moldova və hətta Afrika da daxil olmaqla hər yerdə tətbiq etdiyi “anti-Rusiya siyasi optikası”na görə, təkcə Ukrayna deyil, digər ölkələr də yüz minlərlə insan bunun bədəlini öz həyatları ilə ödəyir”, - bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iddia edib ki, “Ermənistanın NATO ilə dialoqunun dərinləşməsi Ermənistanın müdafiə suverenliyini itirməsinə gətirib çıxarır”. Ermənilər isə bunu şantaj, hədə adlandırırlar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun da mütəmadi olaraq eyni şəkildə günah etdiyini düşünürlər. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat aludəçisi Mariya Zaxarova haqqında isə “danışmağa dəyməz” ifadəsini işlədirlər: “O, Azərbaycanın müdafiəsi üçün öz sözünü deməyə hazır olduğunu çoxdan və aydın şəkildə nümayiş etdirib. O, kobudluğuna gülünc bəhanələr uyduraraq Azərbaycandan broş-hədiyyə taxmaqdan utanmır. O, rəsmi Bakının müdafiəsində “arqumentlər” səsləndirməkdə müntəzəm olaraq Azərbaycan Xarici İşlər Nazirliyini qabaqlayır. Azərbaycan və Rusiyanın bir çox məsələlərdə mövqelərinin oxşarlığı, ilk növbədə, ermənifobiya məsələsinə və demokratik dəyərlərə etinasızlıq çoxdan özünü büruzə verir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın baş nazirinə qarşı bəyanatından narahat olan ermənilər Bakı ilə Moskvanın bu məsələdə sinxron addım atdıqlarını düşünürlər. Onlar “Fransanın baş naziri Azərbaycandan yalnız bir şey tələb edir - silahlı qüvvələri Ermənistanın ərazilərindən çıxarmaq” kimi yalanlar tirajlamaqla münasibətlərdə inamsızlıq mühiti formalaşdırırlar. Bu isə sülhə kökündən zərbə vurur. ƏslindəŞ Fransaya da bu lazımdır.

Lakin Azərbaycan heç nəyi işğal etmədiyini qeyd edir, hər şeyin aşkar olmasını istəyir. Ermənistanın hamıya məlum olan aşkar və primitiv yalanları regionu barıt çəlləyinə çevirir. Fransa tarix boyu proksi müharibələrə alışıb, Ermənistanın timsalında oyuncaq və qondarma dövlət tapmaq və bütün planlarının onun üzərindən həyata keçirmək Parisin çoxdankı arzusudur. Ermənilər Qərbin Rusiyaya münasibətində olduğu kimi, Azərbaycana münasibətində də eyni mövqenin olduğunu görmək istəyirlər. Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmadığını, əksinə, Ursula fon der Leyenin və Şarl Mişelin İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etmələrini sindirə bilmirlər. Böyük Britaniyanın baş naziri Rişi Sunakı da eyni mövqeyinə görə günahkar bilirlər. O, bu yaxınlarda iki dəfə Azərbaycan rəhbərinə təbrik məktubu yazıb.

Bəli, Ermənistan və ermənilər onları dəstəkləməyən, günahlarına şərik çıxmayan, yalanlarına züy tutmayan kim varsa hamısını günahlandırmaqdadırlar. Belə çıxır ki, bir günahsız Ermənistandır, həm də 30 il qonşu ölkənin 20 faiz suveren ərazilərini işğalda saxlayan, bir milyona yazın vətəndaşını məcburi köçkün vəziyyətinə salan Ermənistan...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə