Düşmən dəyirmanına su tökən XƏYANƏTKAR – TƏHLİL

Müxalifət düşərgəsində təmsil olunmaq, müxalifətçi olaraq siyasi fəaliyyətlə məşğul olmaq heç də dövlət əleyhinə fəaliyyət göstərmək demək deyil. Yaxud, dövlətə xəyanət yolunu tutanlar bunu müxalifətçilik fəaliyyəti hesab edirlərsə, bərk yanılırlar və ciddi səhvə yol verirlər. Dəfələrlə qeyd edilib və xatrladılıb ki, dünya təcrübəsindən də göründüyü kimi, heç bir ölkə müxalifəti dövlət əleyhinə fəaliyyət göstərməyib və göstərmir də. Əksinə, hər bir ölkə müxalifəti öz proqramı, öz təklifləri ilə çıxış edir və əməli fəaliyyəti ilə dövlətə dəstək olmaq, cəmiyyətin inkişafına öz töhvəsini vermək üçün fəaliyyət göstərir. Sözsüz ki, həmin ölkənin vətəndaşları da bu fəaliyyətləri görürlər və lazım olduğu məqamda qiymətləndirirlər. Təəssüf ki, Azərbaycanda bəzi radikal müxalifətçilər hələ də bunu başa düşə bilmirlər, ölkəmizə, dövlətimizə, cəmiyyətimizə qarşı düşmən mövqedən çıxış edirlər və məhz bu səbəbdən də haqlı olaraq, ictimai rəydə onlara qarşı yalnız nifrət hissinin olduğu müşahidə edilir.

Uzun illərdir ki, ölkəmizdə radikal müxalifətin hansı mahiyyət kəsb etdiyini cəmiyyətimiz çox yaxşı bilir. Radikal müxalifətin “nəyin uğrunda”, “nəyin naminə” çalışdığını və cəmiyyətimiz, dövlətimiz üçün heç bir səmərəli fəaliyyət göstərmədiyini xalqımız hələ ötən əsrin sonlarından yaxşı xatırlayır. Ölkə daxilində xaos, hərcmərcilik, qarışıqlıq salmaq üçün əlindən gələni edənlərin özlərini müxalifət adlandırması və əslində isə, belə yanlış və xəyanətkar mövqeləri, fəaliyyətləri ilə düşmən dəyirmanına su tökmələri bizə çoxdan bəllidir. Özlərini pafoslu şəkildə xalq üçün çalışan kimi göstərənlərin əslində, Azərbaycan əleyhinə olan qüvvələrin marioneti kimi fəaliyyət göstərdikləri dəfələrlə öz təsdiqini tapıb. Azərbaycan əleyhinə olan hansısa xarici qüvvələrin qrantlarına, ayırdıqları vəsaitlərinə görə əldən-ayaqdan gedən, dövlətimiz, ölkəmiz əleyhinə bütün xəyanətlərə əl atanlarla bağlı kifayət qədər faktlar var və bütün bunlar cəmiyyətimizə də bəllidir. Ölkəmiz, cəmiyyətimiz, dövlətimiz əleyhinə belə xəyanətkar mövqedən çıxış edənlərdən biri də Qubad İbadoğlu kimi tanıdığımız, qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Demokratik Rafah Partiyasının (ADRF) sədri Bayramov Qubad İbad oğludur və onun fəaliyyətinin də məhz düşmən dəyirmanına su tökməkdən ibarət olduğu dəfələrlə üzə çıxıb.

Qubad İbadoğlu kimdir?

Müsavat Partiyasının divan üzvü olan, 2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya məğlub olan, 2015-ci il fevralın 6-da Müsavat Partiyasından xaric edilən Qubad İbadoğlu radikal müxalifətçilərin ən uğursuzudur. O, müxalifət düşərgəsində belə heç vaxt birincilər sırasında olmayıb. İbadoğlu öz fəaliyyətinin əsas istiqamətini Müsavat partiyası üçün iqtisadi konsepsiyalar hazırlamağa həsr edib. Bunun müqabilində isə partiyada nəinki birinci və ikinci postları tuta bilməyib, heç sabiq başqanın 8 müavinindən biri olmağı da bacarmayıb. Qubad İbadoğlunun ən böyük “mükafatı”, ən böyük “nailiyyəti” Müsavat Partiyasının Divan üzvü seçilmək olub. Sabiq Müsavat başqanı İsa Qəmbər o vaxtlar xeyli gənc olan həmyerlisi Qubadı müavin postuna irəli çəkməyi belə heç vaxt ağlına da gətirməyib.

Müsavat başqanı postundan 2014-cü ildə istefa verəndən sonra İsa Qəmbərlə İbadoğlu arasında ziddiyyətlərin açıq müstəviyə keçdiyini də yaxşı xatırlayırıq. Onu da yaxşı xatırlayırıq ki, İsa Qəmbər tərəfsizliyini qoruyacağını bəyan etsə də, partiyanın 27 sentyabr 2014-cü il tarixində keçirilən Qurultayında müavini Arif Hacılını, yəni, şəxsən Qubad İbadoğlunun əsas rəqibi sayılan şəxsi dəstəkləyib. Çox gözəl bilirik ki, Arif Hacılı da öz növbəsində, Müsavat başqanı seçiləndən sonra rəqibinə, Q.İbadoğluna qapını göstərib və o partiyadan qovulub. Partiyadaxili intriqalara, çəkişmələrə meylli olan həmin o qovulan şəxs də ətrafına Vurğun Əyyub, Adil Qeybulla, Səxavət Əlisoy kimilərini toplayaraq, Müsavat Partiyasının sosial bazası hesabına yeni siyasi təşkilat yaradacağına dair proqnozlar səslənməyə başlayıb. Amma onun pul qazanmaq üçün müxtəlif xarici ölkələrə üz tutması bu proqnozların doğrulmasını mümkünsüz edib və 2-3 il əvvəl ADRP-ni elan edən həmin o İbadoğlu onlayn iclaslar keçirməkdən başqa addım ata bilmədiyi, başqa işlər görə bilmədiyi üçün partiyasını da irəli apara bilməyib. İnternet televiziyası resurslarında vaxtaşırı hakimiyyət əleyhinə sərt çıxışlar etməklə gündəmdə qalmağa çalışan bu uğursuz, zəif təşkilatçı olduğu üçün ətrafındakı adamları da qoruyub saxlaya bilməyib və onlar da həmin uğursuzu davamlı olaraq, tərk etməkdədirlər. Qubad İbadoğlunun rəhbərlik etdiyi və qeyri-rəsmi fəaliyyət göstərən partiyanın cəmi 5-6 nəfərdən ibarət olan rayon təşkilatları isə iclas adı ilə hansısa bir məkanda, bəzən də çayxalanada oturub “məşvərət” etməklə işlərini bitmiş, “öhdəliklərini” başa vurmuş hesab edirlər, hansıki, sosial şəbəkələrin Azərbaycan seqmentində bunu sübut edən kifayət qədər foto və videogörüntülər də mövcuddur.

Qərb niyə indi də Qubad İbadoğlunu sırımağa çalışır?

Qərb artıq belə bir qənaətə gəlib ki, Azərbaycandakı Qərbyönümlü şəbəkə onların “ümidlərini” doğrulda bilmir. Görünür, şəbəkənin başında dayanan AXCP sədri Əli Kərimlinin son 20 ildə heç bir ciddi siyasi uğur qazana bilməməsi Qərb dairələrində onun perspektivsizliyi barədə ciddi rəy formalaşdırıb. AXCP sədrinin də uğursuzluğu artıq donor təşkilatları tərəfindən qəbul edilib və bu arada yeni bir xəyanətkarı “işə cəlb etmək” planı ortaya çıxıb. Amma, sual yarana bilər ki, niyə məhz Qubad İbadoğlu? Başda ABŞ olmaqla Qərbin məhz İbadoğluna diqqəti yönəltməsinin əsas səbəbi nədən ibarətdir? Təbii ki, bunun səbəbləri olmaya bilməz və biz bilirik ki, səbəbsiz yerə Qərb belə bir fikrə düşməz.

Şəxsən Qubad İbadoğlunun tərəfdarları iddia edirlər ki, AXCP sədri Əli Kərimlidən fərqli olaraq, ADRP sədri AXC-Müsavat iqtidarının "şinel"indən çıxmayıb və onunla bağlı Qərbə qarşı hansısa ittihamlar yersiz sayıla bilər. Bununla yanaşı iddia edilir ki, Qubad İbadoğlunun məhz Əli Kərimlidən fərqli olaraq, xarici dil bilgiləri yetərincədir. Hətta zənn edilir ki, Əli Kərimlinin xarici dil bilgilərinin yetərsiz olması fonunda, İbadoğlu rus və ingilis dillərini akademik səviyyədə bilir və məhz buna görə də o, Qərb dairələri üçün daha cəlbedici görünür. Üstəlik, qeyd olunur ki, ADRP sədri iqtisadçıdır, Qərbyönmülü liberal dəyərləri guya yaxşı mənimsədiyi üçün gələcəkdə onunla əməkdaşlıq etmək perspektivləri daha böyükdür.

Sözsüz ki, bütün bunlar İbadoğlunun 3-5 nəfər tərəfdarının şişirtməsindən başqa bir şey deyil. Onun hansısa xüsusi qabiliyyət sahibi olduğu barədə kimdəsə bir məlumat yoxdur. Heç də onu digər xəyanətkarlardan fərqləndirən, üstün edən bir məqama ən azından biz rast gəlməmişik. Məsələ burasındadır ki, artıq Əli Kərimli, Cəmil Həsənli kimi fiqurlardan istifadə etməyin mənasız olduğu qənaətinə gələn Qərb indi də şəbəkəsini Qubad İbadoğlu üzərindən qurmaq niyyətinə düşüb. Burada Əli yox, Qubad olmasının Qərb üçün bir o qədər də fərqi yoxdur. Qərb üçün fərq edən ancaq onların hansının daha xəyanətkar olması və pul, vəsait müqabilində fəaliyyət göstərməyə maraq etməsidir. Həm də Kərimlini bu vaxta qədər alət edən Qərb üçün məhz İbadoğlu kimi başqa bir aləti də ələ keçirmək cəhdi başadüşüləndir. Üstəlik, AXCP sədrinin rəhbərliyi altında Qərbin bu qədər cəhdlərinin fiaskoya uğraması fonunda daha bir cəhdini başa düşmək heç də çətin deyil. Heç şübhəsiz ki, Qubad İbadoğlunu da alət olaraq seçən Qərb tezliklə yenə də ifşa olunacaq, amma qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Demokratik Rafah Partiyasının sədri daha böyük nifrət qazanmış olacaq.

Qubad İbadoğlu ilə əlaqədar paradoks

Bir neçə nəfərdən ibarət tərəfdarının onu guya “beynəlxalq miqyaslı alim, dünya şöhrətli iqtisadçı” kimi göstərməsinə baxmayaraq, başladılan petisiyadan iki ay keçdiyikdən sonra belə, hələ o dövrdə Qubad İbadoğlu ilə bağlı petisiyanı imzalamaq üçün 1500 adam belə tapılmamışdısa, bunun nəyi “dünya şöhrətli” ola bilər axı? İki ay ərzində 1500 tərəfdar toplaya bilməyən biri haqqında bu qədər şişirtmələr ancaq gülünc səslənə bilər. Sosial şəbəkələrin yerli və xarici seqmentində qoparılan “hay-küyün” artıq “anatomiyası” da bizə billidir. Bir neçə pafoslu söz yığınından ibarət rəyin sosil şəbəkədə bildirilməsi hələ heç də Qubad İbadoğlu ilə bağlı fikir formalaşdırmağa kifayət etmir. Əksinə, İbadoğlu ilə bağlı dezinformasiya kononadası təsdiq edir ki, onu şişirtmək üçün bütün vasitələrə əl atılır və bu heç də hansısa bir siyasi fiqur üçün arzuolunan hesab edilə bilməz.

Dünyamız artıq elə bir inkişaf dövründədir ki, təkcə internet resursları ilə istənilən məlumatı almaq imkanımız var. Belə bir şəraitdə, yəni informasiya əldə etmək imkanlarının “əl atında” olduğu məqamda qeyri-rəsmi fəaliyyət göstərən Azərbaycan Demokratik Rafah Partiyasının sədri Qubad İbadoğlu ilə bağlı apologiyaları yoxlamadan keçirməyin nə dərəcədə asan olduğunu hər kəs çox yaxşı başa düşür. Elə isə nəyə görə həmin uğursuz bu qədər şişirdilir və həmin “şişirtmə” ilə reallıq arasındakı paradoks heçmi görünmür? Çox yaxşı görünür, amma ən çox görünən odur ki, Qərb dairələri özləri bunu görməməzliyə vurmağı məqbul hesab edirlər. Çünki, hesab edirlər ki, bu dəfə onların işində məhz İbadoğlu yaraya bilər, amma bu dəfə də bərk yanılırlar. Hər halda, öz dövlətinin, öz ölkəsinin, öz xalqının şanlı Zəfərindən sonra Qərbin öz düşmən mövqeyini necə artırdığını görməyən, yaxud, görməməzliyə vuran, hətta ermənilərin beynəlxalq miqyasdakı mütəşəkkil şəkildə anti-Azərbaycan fəaliyyətinə alət olmağı qəbul edəndən hansısa gözlənti ağılsızlıqdır.

İbadoğlunu süddən çıxan ağ qaşıq kimi göstərmək istəyənlərin də nəzərinə çatdırmaq istərdik ki, onların “bəzəmələri”, “şişirtmələri” ilə bəzi məqamlar qətiyyən üst-üstə düşmür. Məsələn, onun kimi digər alim və tədqiqatçılar da təsdiq edə bilərlər ki, bir tədqiqatçı əmək haqqısı ilə Qubad İbadoğlu Novxanıda bağ evi ala bilməz. Hazırda onun ranqında olan bir çox təqdiqatçı hələ də şəxsi ev arzusundadır və bunun fonunda isə qeyri-rəsmi fəaliyyət göstərən partiya sədrinin şəxsi evi də, bağ evi də var. O zaman sual oluna bilər ki, hardandır bu vəsaitlər. Əgər ortada qrantlar olmasa idi İbadoğlu hansı vəsaitlər hesabına bunları əldə edə bilərdi axı? Üstəlik, Qubad İbadoğlu axı professor da deyil və heç vaxt da olmayıb. Elmi ad və dərəcələri necə gəldi, buna əsas verən müvafiq rəsmi sənədə malik olmadığı halda özünə aid etməklə mənimsəməyə çalışıb və bu da əlbəttə ki, bir şəxsin mənəvi-etik prinsiplərə “münasibətindən” xəbər verir. Rəsmi sənəd olmadan Qubad İbadoğlunun özünə “mən professoram” deməsi, nəinki saxtakarlıq göstəricisi, həm də görünməmiş qeyri-etik davranışdır. Professor adını almaq üçün illərlə zəhmət çəkən və həqiqi alim əməyinin nə olduğunu bilənlər fərqindədirlər ki, onun etdikləri hiyləgərlikdir. Belə hiyləgərin də əlinə keçirdikləri, özünün-özünə qoyduğu adlar da saxtakarlıq nümunəsidir, hansıki, bu nümunə onun haqqında uydurullanlarla birbaşa paradoks deməkdir.

FETO və erməni təşkilatları ilə birlikdə fəaliyyət xəyanətkarlıq nümunəsidir

Bilirik ki, Daxili İşlər Nazirliyinin açıqlamasında da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Həmin tədbirlər zamanı saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında onun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb. Diqqətə çatdıraq ki, Qubad İbadoğlu 2008-2009-cu tədris ilində ABŞ-ın Şimali Karolina Universitetində çalışıb və bu universitetin adı daim FETÖ üzvlərinə yaxınlığı ilə tanınıb, hallanıb. Üstəlik onun fəaliyyətində məhz FETO ilə əlaqələrin olmasını təsdiq edən faktlar ortaya çıxıb. Belə çıxır ki, Qubad İbadoğlu heç də yerində dinc dayanmayıb və terrorçu təşkilata da qoşulmağa imkan tapıb. Onun hətta erməni təşkilatları ilə, hansısa digər Azərbaycan əleyhinə olan təşkilatlarla əlaqələri də müəyyən olunub. Belə olan halda, onun “kimliyi” artıq özünü biruzə vermiş olur.

İbadoğlunun kimliyi heç də onun barəsində uydurulanlarla üst-üstə düşmür. Əksinə, olduqca paradoksal görünür. Qubad İbadoğlunun təkcə Azərbaycan əleyhinə olan qüvvələrlə deyil, həm də ümumiyyətlə türk dünyasının əleyhində olanlarla əlaqələri onun düşmən mövqeyindən xəbər verir. Həmçinin, onun satıldığını, vəsaitlər, qrantlar müqabilində özünə xəyanəti rəva bildiyini göstərir. Belə birindən Qərbin istifadə etməsini sözsüz ki, başa düşməmək artıq mümkün deyil. İslamafobiyanın, türkofobiyanın artdığı bir məqamda, Azərbaycana qarşı Qərbin öz imkanlarını səfərbər etdiyi bir zamanda Qərb üçün Qubad İbadoğlu kimi xəyanətkarlar göydən düşmə hesab olunur. Buna görə də ona Qərbin meyl etməsi tamamilə başadüşüləndir. Amma başa düşülməyən onun vətənini satması, bütün bunları, sadalananları qəbul etməsi, düşmən dəyirmanına su tökən xəyanətkarlığıdır...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə