Azərbaycan-NATO: Konstruktiv əməkdaşlıq

NATO-nun baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri dünyanın diqqət mərkəzindədir. Hər kəsi düşündürən bir sual var, baş katib səfərinə niyə Bakıdan başladı və hər üç Cənubi Qafqaz ölkəsinə səfərdə məqsəd nədir? Əvvəla qeyd edək ki, Azərbaycan regionun ən iri və güclü dövlətidir, baş katibin səfərinə Azərbaycandan başlaması ilk öncə NATO-nu maraqlandıran məsələlərin əvvəlcə rəsmi Bakı ilə razılaşdırılmasıdır. Azərbaycan regional gücdür və elə bir layihə yoxdur ki, onun iradəsindən kənarda reallaşdırılsın. Digər regional ölkələrə gəldikdə isə onların gedən proseslərə bir o qədər də təsir imkanları yoxdur.

Səfər ərəfəsində Şimali Atlantika Alyansının saytında da deyilirdi ki, cənab Stoltenberq Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyi planlaşdırır. Martın 18-də baş katibin Azərbaycanın xarici işlər və müdafiə nazirləri Ceyhun Bayramov və Zakir Həsənovla görüşəcək. Həmin gün cənab Stoltenberq Tbilisiyə gedəcək və orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşəcək. Alyansın mətbuat xidməti xəbər verir ki, martın 19-da İrəvanda baş katib Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.

Azərbaycan-NATO əlaqələrinin tarixi

Prezident İlham Əliyevin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edib. Keçirilən görüşün mahiyyəti barədə Azərbaycan Prezidentinin NATO-nun baş katibi ilə mətbuata verdiyi bəyanatda əhatəli şəkildə danışılır. Prezident çıxışında bildirib ki, NATO ilə aparılan dialoq uğurla davam edir. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var.

Yeri gəlmişkən Azərbaycan Respublikası ilə NATO arasında hərbi, strateji münasibətlər hələ 1994-cü ilin may ayında yaradılıb. O vaxtdan bu günədək bu əlaqələr yüksələn xətlə inkişaf edir və genişlənir. 1994-cü ildə Şimali Atlantika Şurası nəzdində "Sülh Naminə Tərəfdaşlıq" Proqramının qəbul edilməsi ölkəmizin həyatında tarixi bir hadisəyə çevrildi. Ümummilli liderimiz Heydər Əliyev həmin ilin 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO "Sülh Naminə Tərəfdaşlın" proqramının Çərçivə sənədinə imza atdı. Azərbaycan-NATO əlaqələrinin etibarlı əməkdaşlıq zəminində yaradılması ordu quruculuğu işinin bütün sahələrində özünü qabarıq şəkildə göstərməyə başladı. Ümumiyyətlə, hərbçilərimiz "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində bütün tədbirlərdə fəal iştirak edir, sülhməramlı təlimlərə, konfrans və seminarlara qatılırlar. Azərabycan Silahlı Qüvvələrinin tərkibində sülhməramlı qüvvələrin yaradılması da ölkəmizin NATO-nun SNT proqramına qoşulması ilə əlaqədardır. 1999-cu ildə isə sülhməramlı taqımımız Kosovoda KFOR tərkibində Sülhü Dəstəkləmə Əməliyyatına qatıldı. 2001-ci il dekabr ayının 20-də BMT Təhlükəsizlik Şurası Əfqanıstanda terrora qarşı mübarizə aparılması ilə bağlı məlum qətnaməni qəbul etdikdən sonra Azərbaycavn Respublikası da bu mübarizədən kənarda qalmadı. Sülhməramlılarımızın uğurlu xidməti beynəlxalq koalisiya qüvvələrinin komandanlığı tərəfindən də yüksək qiymətləndirilmiş, bir qrup Azərbaycanlı zabiti ABŞ-ın "Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı" ilə təltif olunmuş, çoxsaylı fəxri fərmanlarla mükafatlandırılmışdır.

Bakıda görüş

Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə də qeyd edib ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. “Tərəfdaşlığımız müsbət olub. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk”, deyə Azərbaycan Prezidenti bildirib. Əlavə edib ki, 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.

NATO-nun baş katibi isə vurğulayıb ki, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır: “Biz uzun illərdir bir yerdə çalışırıq. Biz Kosovoda KFOR qüvvələrimizə verdiyiniz dəstəyi çox yüksək dəyərləndiririk, o cümlədən təbii ki, Prezident olduğunuz dövrdə Əfqanıstanda missiyamıza uzun illər verdiyiniz töhfə çox vacib idi. Siz tam haqlısınız. Əfqanıstanı tərk edən ən sonuncu qüvvələrdən biri Azərbaycan hərbçiləri olub. Çünki Siz hava limanının mühafizəsinə görə cavabdeh idiniz və bu, NATO qüvvələrinin Əfqanıstandan təxliyəsində əsas məsələ idi”.

Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar yaxşı nəticələr verib. Müdafiə imkanlarımız müasirləşib və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk. Bunu çıxışında qeyd edən Prezident İlham Əliyev islahatların məntiqi nəticəsi olaraq Azərbaycan torpaqlarının 44 günlük müharibə nəticəsində azad olunduğunu bildirib: “Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik. Hazırda isə biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Mənim Brüsselə sonuncu səfərim zamanı mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”.

Dövlətimizin başçısı müharibə variantına niyə əl atıldığını da açıqlayıb: “Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”.

Təəssüratlar...

Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşü barədə ekspert rəyləri də maraqlıdır. Onlar səfərə regional deyil, beynəlxalq gündəm nöqteyi-nəzərindən baxırlar. “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu təklif edib ki, Stoltenberq Şimali Atlantika Alyansının baş katibi kimi fəaliyyətinin yekunlarına dair hesabat hazırlamalı olduğu üçün Cənubi Qafqaza səfər etmək qərarına gəlib. O, oktyabrda bu vəzifəni tərk edərək vətəni Norveçə qayıdacaq. “Stoltenberq müxtəlif ölkələrə səfər edir və hərbi blokda karyerasını uğurla başa vurmağa çalışır. Təbii ki, Ukraynadakı döyüşlər NATO baş katibinin gündəlik fəaliyyətinin böyük bir hissəsini əhatə edir. Bununla belə, Stoltenberq NATO tərəfdaşları ilə əlaqələri nəzərdən qaçırmır”, - Şahinoğlu deyir.

Eyni zamanda o, diqqəti Qərb mediasında Azərbaycanın Kiyevə hərbi dəstək verə biləcəyinə dair eyhamların olmasına diqqət çəkib. Politoloqun fikrincə, bu cür nəşrlər Qərbin Rusiyaya qarşı apardığı informasiya müharibəsinin tərkib hissəsidir. “Moskva ilə tərəfdaşlığı olan ölkələr onunla münasibətləri gərginləşdirmək istəmir. Təbii ki, NATO Rusiyanın tərəfdaşlarının Ukraynaya hərbi yardım göstərməsini istərdi. Lakin bununla bağlı risklərə görə Rusiya ilə əlaqələri olan ölkələr Kiyevə raket və hərbi texnika göndərməyəcək. Buna baxmayaraq, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu dövlətə humanitar yardım göndərir”, - ekspert bildirib. Şahinoğlu Bakı ilə NATO arasında konstruktiv əməkdaşlığın qurulduğunu xatırladıb. “Azərbaycan Şimali Atlantika blokunun müxtəlif proqramlarında iştirak edir və NATO-nun ikinci böyük ölkəsi olan Türkiyənin strateji müttəfiqidir. Azərbaycan ordusu Türkiyə ordusunun modelinə keçib. Bu, NATO standartlarının tətbiqi deməkdir”, o izah edib.

Politoloq İlqar Vəlizadə hesab edir ki, Stoltenberq Bakıya ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsini deyil, Rusiya-Ukrayna məsələsini müzakirə etmək üçün gəlib. “Regional təhlükəsizlik sisteminə gəlincə, hərbi blok, şübhəsiz ki, onun formalaşmasına öz töhfəsini vermək istəyir. Amma Qərb yaxşı bilir ki, Bakının öz qırmızı xətləri var, ona görə də çətin ki, onlar anti-Rusiya və ya İran əleyhinə proqramlarda israr etsinlər. Ümumiyyətlə, Azərbaycan NATO üçün Cənubi Qafqazda ən maraqlı və mürəkkəb tərəfdaşdır, ona görə də Stoltenberq Bakı ilə danışıqlara regionun digər ölkələri ilə müqayisədə daha çox vaxt ayırıb”, - deyə Vəlizadə yekunlaşdırıb.

Maraqlıdır ki, NATO baş katibinin səfəri ərəfəsində İlham Əliyev Gürcüstanın baş naziri İrakli Kobaxidzeni qəbul edib. Siyasətçilər iqtisadi əməkdaşlığı müzakirə edib, həmçinin bir-birlərinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. “Heç bir ölkənin suveren ərazisi zorla dəyişdirilə bilməz. Beynəlxalq hüquq hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz”, - İlham Əliyev bildirib.

Rusiyalı ekspert Vadim Muxanov hesab edir ki, bu mövqe Rusiya tərəfindən qınaq doğurmur, ona görə ki, Bakı bunu heç vaxt gizlətməyib. Azərbaycanın Türkiyəyə yönəlməsi də təəccüblü deyil. Eyni zamanda, iqtisadi əməkdaşlıq Azərbaycan-Rusiya münasibətlərini möhkəmləndirir. “Məsələ ondadır ki, respublika Moskva ilə əməkdaşlığın dərinləşməsində nə dərəcədə maraqlıdır, lakin ümumilikdə münasibətləri mehriban qonşuluq adlandırmaq olar”, - Muxanov vurğulayıb. Qafqazlı ekspert əmindir ki, Stoltenberqin turunun ən maraqlı hissəsi Qərbin Rusiyaya münasibətində heç də razı olmayan Gürcüstan və Avropaya inteqrasiyaya maraq nümayiş etdirən Ermənistanda olacaq. Eyni zamanda, Azərbaycanda sıçrayışlı sazişlər olmayacaq, lakin səfər Bakı ilə alyans arasında yaxşı münasibətləri qeyd edəcək. “Etiraf etməliyik ki, NATO çoxdan Cənubi Qafqazda, ilk növbədə Türkiyənin simasında mövcuddur. Stoltenberqin Bakıya səfəri alyansın Ankaranın regiondakı siyasətini dəstəklədiyini vurğulayır”, - deyə ekspert yekunlaşdırıb.

SİA-nın siyasət şöbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə