Cənub Qaz Dəhlizi: dünyaya açılan enerji qapısı TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Cənub Qaz Dəhlizi uğur hekayəsidir"

"İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan dayanıqlı inkişafı ilə daim dünyanın diqqətindədir". Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə hesablanmış mühüm addımları sırasındadır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın aparıcı qüvvəsinə çevrilən ölkəmiz, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazandı. İllər keçdikcə əməkdaşlığın coğrafiyasının genişlənməsi, Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması enerji diplomatiyamızın uğurlarında da özünün aydın ifadəsini tapdı. Çıxışlarında daim Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Bu fikirlər ulu öndər Heydər Əliyevin tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişinin imzalanmasından əvvəl söylədiyi "Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz" tezisinin davamı kimi dəyərləndirilir.

CƏNUB QAZ DƏHLİZİ LAYİHƏSİ AZƏRBAYCANIN AVROPA MƏKANINDA ARTAN NÜFUZUNUN GÖSTƏRİCİSİDİR

Bəli, artıq üç ildir istifadəyə verilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropa məkanında artan nüfuzunun göstəricisidir. Belə ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında iştirak edən Prezident İlham Əliyev Məşvərət Şurasının ötən illərdəki toplantılarında həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə edildiyini söyləyib: "Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gündə belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir".

Dövlət başçısı Cənub Qaz Dəhlizinin Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olduğunu vurğuladı: "Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir".

CƏNUB QAZ DƏHLİZİ LAYİHƏSİ – AVROPANIN YENİ ENERJİ DAMARI

Bu real faktordur. Başqa cür desək, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan ötən beş il ərzində Cənub Qaz Dəhlizi layihəsini gerçəkləşdirə bildi. 2018-ci ildən isə layihə kağız üzərindən işlək bir layihəyə çevrildi. Digər tərəfdən, o layihələri işlətmək üçün investorların kapital qoyması çox vacib idi. Cənub Qaz Dəhlizinin ən böyük əhəmiyyəti də budur.

Dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında bildirib ki, bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir: "Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük".

Prezident İlham Əliyev Gülüstan sarayında sonuncu - bir il əvvəlki görüşdən sonra bu yana baş verən mühüm hadisələrə də toxunub və vurğulayıb ki, ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, "Abşeron" qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu "Şahdəniz"dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. "Abşeron" qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. "Abşeron" layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.

Dövlət başçısı Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsini tarixi hadisə olduğunu deyərək bildirib ki, bu da onu göstərir ki, Azərbaycanın Avropaya qaz təchizatınını coğrafiyası genişlənməkdədir: "Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir".

Bəli, bu gün Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Məhz buna görə də, Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış etməkdədir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması, məhz regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Eyni zamanda, Azərbaycan dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Və bu gün müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Həmçinin, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.

Bir sözlə, bir vaxtlar Cənub Qaz Dəhlizini yalnız möcüzə kimi qiymətləndirənlər, bu gün nəhəng layihənin reallaşmasına şahidlik edirlər. Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində sözün həqiqi mənasında dəyişkən enerji xəritəsi formalaşdıra bildi. Bu gün dünyanı heyrətləndirən meqalayihələrin təşəbbüskarına çevrilən ölkəmiz yalnız regionun deyil, Avropanın belə enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu isə Azərbaycanın həm coğrafi, həm də regional mövqeyini möhkəmləndirir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə