Orta Dəhliz enerji təhlükəsizliyinin coğrafiyasını tamamilə dəyişib – DEPUTATIN ŞƏRHİ
“Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə zamanı regionumuzda Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar bir çox mətləblərə aydınlıq gətirdi. Bildirdi ki, layihənin həyata keçirilə biləcəyinə inananlar çox deyildi, amma biz bunu həyata keçirə bildik. Bu gün dünyanın diqqəti Azərbaycandadır, hər kəs bu layihənin bir hissəsi olmaq istəyir. Məsələ burasındadır ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Dövlətimizin başçısı İlham Əliyev aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağı bacardı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, 3500 kilometr uzunluğunda olan kəmər artıq reallığa çevrilib: “Layihə getdikcə daha çox ölkələri əhatə edir. Həmçinin enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişib. Eyni zamanda bəzi ölkələri narahat etməyə başlayıb. Dünya ölkələri arasında qütbləşmənin dərinləşməsi sanksiyaların və embarqoların aşırı formalarının tətbiqinə gətirib çıxarıb. Məsələ burasındadır ki, Qərbin İran və Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəbindən Şərq-Qərb marşrutlarında böyük əngəllər yaranıb. Yeni dəhlizlərin açılması günün tələbi olsa da qütblərdə dayanan dövlətlər güzəştə getmək istəmir. Əslində bunu iqtisadi müharibə də adlandırmaq olar. Belə bir şəraitdə böyük İpək yolunun keçəcəyi xəttlər arasında Azərbaycanın liderlik etdiyi Orta Dəhliz aktuallığını qoruyub saxlayır. İri və imperiya xislətində olan ölkələr Orta Dəhlizə hakim olmaq üçün hətta region ölkələrindən də bizə təzyiq kimi istifadə edir. Amma Azərbaycanla hesablaşmadan, bizim şərtlərimizə əməl edilmədən bu layihədə iştirak mümkün deyil. Azərbaycan yeni reallıq yaradan, diktə edən tərəfdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB