"Azərbaycan sülh danışıqlarının davamında maraqlıdır" - ŞƏRH EDİLDİ

"Azərbaycan sülh danışıqlarının davamında maraqlıdır" - ŞƏRH EDİLDİ

Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçiriləcək. Görüşdən gözləntilər nələrdir, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinə necə təsir edəcək? SİA olaraq mövzu ilə bağlı politoloq Elxan Şahinoğlunun fikrini öyrəndik.

Onun sözlərinə görə, bir müddət Münxen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş baş tutmuşdu: “İrəliləyiş olmasa da ortamın yumşaldılması üçün bu görüş çox faydalı idi. Amma çox təəssüf ki, daha sonra Nikol Paşinyan Fransaya gedərək rəsmi Parisin əmrlərini yerinə yetirdi. Fransanın pozuculuq fəaliyyəti yenə də sül danışıqlarının irəliləməsinə mane oldu. Bundan əlavə rəsmi Paris Ermənistana yeni müasir silahlar göndərəcəyini vəd etdi”.

Politoloq bildirib ki, Azərbaycan danışıqların davamında maraqlıdır: “Xarici işlər nazirləri arasında Berlində görüş keçiriləcək. Görüşdən ciddi irəliləyiş gözlənilməsə də Azərbaycan öz təkliflərini Ermənistan tərəfinə verəcək ki, iki dövlət bir-birinin ərazi bütövlüyünün tanınması şərtilə sülh sazişinin mətni qısa müddətdə hazırlansın. Əgər Ermənistan məsələləri uzatmaqla məşğul olacaqsa, bu birinci növbədə Ermənistana problem yaradacaq, gərginliyi artıracaq. Ona görə də seçim Ermənistanındır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə