Paşinyan erməni cəmiyyətinin hədəfindədir - ŞƏRH + ANALİTİK

Aşot Andreasyan: "O, xroniki yalançı, saxta vətənpərvər, xalqı hər an nəyəsə görə aldadan fırıldaqçıdır"

Bu sözləri erməni politoloqu Aşot Andreasyan ölkəsinin mətbuatına verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, Nikol Paşinyan müstəqillik bəyannaməsini, konstitusiyanı ciddi şübhə altına alır: "Onun psixi problemləri var, problem onun başındadır, çünki o, hər şeyi sıfırdan başlamaq istəyir. Bu o deməkdir ki, ondan əvvəl mövcud olanları ləğv edir. Nikol Paşinyan Əliyevin tələblərini yerinə yetirmir, onunla əməkdaşlıq edərək öz planını həyata keçirir. Mənim üçün o, erməni deyil, damarlarından türk qanı axır, bu qədər qurbana, müharibə yolu ilə qazanılan müstəqilliyə ancaq türk "yox" deyə bilər".

Onun fikrincə, Ermənistan Konstitusiyanı dəyişdirməklə belə sülh əldə etməyəcək: "İndiki hakimiyyətin ermənilərə və milli ideyalarımıza, ənənəvi yanaşmalarımıza heç bir aidiyyəti yoxdur və hakimiyyət Konstitusiyanı dəyişdirməklə nəyin bahasına olursa-olsun, istədiyinə nail olmaq istəyir. Onlar kreslolarını saxlamaq istəyirlər. Vətənimizi satmaq bahasına da olsa, hər şeyə hazırdırlar".

A.Andreasyan daha sonra bildirib: "Bu gün müxtəlif mənbələrdən oxudum ki, Nikol Paşinyanın reytinqi aşağı düşüb. Hesab edirəm ki, bu "utka"nın gündəmə gətirilməsi və ya Konstitusiyanın dəyişdirilməsi üçün növbədənkənar seçkilərin keçirilməsi o deməkdir ki, Nikol Paşinyan xalqı növbəti dəfə aldadaraq öz hakimiyyətini beş il ərzində möhkəmləndirmək istəyir. Amma əminəm ki, Nikol Paşinyan bunu bacarmayacaq, çünki ermənilər Nikola onun bütün əməllərindən sonra dözə bilmirlər. O, hamımıza, vətənimizə pislik etdi, kiminsə evinə girdi. Nikol hakimiyyətə gəlib nəsə edə bilməyən "axmaq" erməni deyil, ölkəmizi türklərə təslim etməyi planlaşdıran hiyləgər adamdır".

Onun fikrincə, Nikoldan ancaq hakimiyyət dəyişikliyi ilə qurtulmaq olar: "Hazırda hakimiyyət dəyişikliyinin hansı yolla baş verəcəyini söyləmək isə çətindir".

Küçə mübarizəsinin bərpası baxımından isə Aşot Andreasyan bildirib ki, mübarizə dayanmayıb: "Hakimiyyətə vətənpərvər, diplomatik təhsili olan, dünyanın fövqəlgücləri, nüfuzlu simaları tərəfindən hörmət edilən lider gəlsə, heç olmasa status-kvonu bərpa etmək və bu vəziyyətdən çıxmaq olar".

Digər erməni siyasi yazarı Harutyun Avetisyan isə iddia edib ki, Paşinyan Bakıya təşrif edə blər. "İstisna etmək olmaz ki, Nikol Paşinyan İlham Əliyevi prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edə və tezliklə onun andiçmə mərasimində iştirak etmək üçün Bakıya gedə bilər. Keçən il Ankarada Ərdoğanın andiçmə mərasimində iştirak etmədimi?"

O daha sonra fikirlərini belə davam etdirib: "Bu gün Xankəndidə Azərbaycanın seçki məntəqələrinin açılmasında Nikol Paşinyanın dolayı, lakin əhəmiyyətli iştirakı var. Biabırçı idarəçilik ucbatından müharibədə uduzan Ermənistana məhz o rəhbərlik edirdi. Ermənistanın strateji yüksəkliklərini və yollarını şifahi razılaşmalarla Azərbaycanın nəzarətinə verən də, ermənilərin Qarabağdan qovulmasına tamaşa edən də o idi. Təəssüf ki, Nikol Paşinyan Ermənistan Respublikasının sütunlarını bir-bir uçurur və ümid edir ki, seçkilərdən sonra Azərbaycanla sülh danışıqları uğurla davam edəcək".

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə