"İranda nüvə stansiyasının tikintisi region üçün ekoloji problemlər yarada bilər" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"İranda nüvə stansiyasının tikintisi region üçün ekoloji problemlər yarada bilər" - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Ekologiya qlobal məsələdir. İqlim dəyişikliyi, quraqlıq, su çatışmazlığı bütün bunlar indiki halda bəşəriyyətin qarşısında duran ən önəmli problemlərdir”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

Millət vəkili qeyd edib ki, bu məsələlərlə bağlı BMT üzvü olan dövlətlərin başçılarının iştirakı ilə bağlı problemlər müzakirə olunur, atmosferə atılmış zərərli maddələrin, toksinlərin qarşısını alınması istiqamətində ciddi tədbirlər görülür: “Bir çox ölkələrə qarşı konkret sanksiyalar tətbiq olunur. Bütün bunlar planetin xilas olması üçündür. Atmosferə atılmış zərərli maddələrin, sənaye sahəsində kimyəvi tullantıların maksimum azaldılması lazımdır. Bu baxımda inkişaf etmiş ölkələrdə əsas alternativ və bərpa olunan enerjiyə, yaşıl enerjiyə üstünlük verilir. Məsələn Merkelin federal kanslerliyi dövründə Almaniyada fəaliyyət göstərən 2030-cu ilə qədər bağlanması qərarı verildi. Bu Almaniya kimi iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənayeyə malik ölkə üçün çox ciddi bir qərardır. İnkişaf etmiş ölkələr ənənəvi enerjidən istifadəni məhdudlaşdırırlar. Ancaq İran kimi dövlətlər atom elektrik stansiyalarının tikintisinə indi başlayırlar. Bu da o dövlətlərin hansı inkişaf mərhələsində olduğunu göstərir. Hesab edirəm ki, İran atom elektrik stansiyasını tikməkdənsə yaşıl enerjiyə üstünlük versə daha yaxşı olardı. İranın coğrafi mövqeyi elədir ki, kifayət qədər günəş enerjisindən, külək enerjisindən istifadə edə bilər. Seysmik baxımdan təhlükəli zonada yerləşən İranda bu tipli stansiyanın tikintisi tək İran üçün yox, bütövlükdə region üçün ekoloji problemlər yarada bilər”.

N.Məhəməliyev bildirib ki, qonşu Ermənistandakı Metsamor AES-in dəfələrlə standartlara cavab vermədiyi barədə Avropa İttifaqının, beynəlxalq təşkilatların qərarları var: “O stansiya çoxdan bağlanmalı idi. Çünki onun ekologiyaya vurduğu ziyan verdiyi enerjidən qat-qat artıqdır. Bu baxımdan hesab edirəm ki, bu dövlətin gücsüzlüyünü, ümumbəşər dəyərlərə etinasız yanaşdığını göstərir. Dünyada tendensiya tamam başqa istiqamətdə gedir. Ən yaxşı nümunə kimi göstərmək olar ki, bizim işğaldan azad olunan torpaqlarımızda cənab Prezidentin təşəbbüsü ilə yaşıl enerji stansiyalarına üstünlük verilir. Bütöv bir regionda ekoloji cəhətdən sağlam bir mühit yaradılır. Niyə də İran üçün bundan istifadə etməsin?”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə