Ermənistanda sərhədlərin açılışı ilə bağlı QORXU KOMLEKSİ - TƏHLİL
İndi erməni cəmiyyəti qonşu ölkələrlə sərhədlərinin açılması məsələsi ilə bağlı tərəddüd içərisindədir. Sərhədlərin açılacağını və bunun nə dərəcədə səmərəli olub-olmayacağını təsəvvürə belə gətirə bilməyən ermənilər qorxu hissi də keçirirlər. Hətta Türkiyənin timsalında qonşu ölkələrlə iqtisadi əlaqələrin yaranması fonunda belə bunun Ermənistana faydasının olmayacağı barədə düşünən ermənilər az deyil. Görünür, qorxu komleksi var və hər halda, erməni cəmiyyətində bu qorxu əbəs yerə deyil.
Bir çox erməni ekspertlər elə hesab edirlər ki, Türkiyənin Azərbaycanla qardaşlıq münasibətlərini və əməkdaşlıqlarını, yaxınlıqlarını nəzərə aldıqda, 80 milyonluq Türkiyə bazarı da, qonşu ölkələrlə sərhədlərin açılışı da Ermənistan üçün təhlükəyə çevriləcək. Onlar hətta bunu açıq şəkildə bəyan edirlər. Bir çoxları bildirirlər ki, Ermənistanın mövcud zəif vəziyyətini nəzərə almadan, iqtisadiyyat naziri Vahan Keronyan təhlükəsizlik təhdidlərinə məhəl qoymamağa davam edir. Onların fikrincə, iqtisadiyyat nazirinin Türkiyə bazarını, qonşu ölkələrlə sərhədlərin açılışını Ermənistan üçün bir təhdid deyil, fürsət olduğunu düşünməsi və bunu bəyan etməsi tamamilə yanlışlıqdır. Ola bilsin ki, ermənilər nəyi isə nəzərdə tutaraq belə təlaş içərisindədirlər və hər halda, nədənsə qorxur, ən azından ehtiyat edirlər.
Niyə ermənilər qorxu içərisindədirlər? İqtisadi əlaqələrə, qonşu ölkələrin bazarına çıxış imkanlarına görə niyə qorxuya düşüblər? Bəlkə, iqtisadi müstəvidə də, bazar münasibətlərində də özlərinə inanmırlar? Məsələ burasındadır ki, indi Ermənistana məxsus mətbuat səhifələrində həmin o iqtisadiyyat naziri Vahan Kerobyanın ünvanına kifayət qədər suallar ünvanlanır. Amma həmin suallara cavab verilsəydi, hər halda, bizim üçün də maraqlı olan sualların cavabı tapılardı.
İqtisadiyyat naziri Vahan Kerobyanın ünvanına erməni cəmiyyətinin, ələlxüsis da Ermənistanın mətbuat səhifələrinin ünvanladığı suallar içərisində ən çox səsləndirilən iqtisadi hesablamalarla bağlıdır. Ermənistanın iqtisadiyyat nazirinə sual edilir ki, yollar açıldıqdan sonra erməni məhsullarının məsələn, Türkiyədə nə qədər rəqabətədavamlı olacağı ilə bağlı iqtisadi hesablamalar varmı? Bu sualı Ermənistana məxsus 168.am saytı ünvanlayıb, amma iqtisadiyyat nazirindən hələ də cavab ala bilməyib. Sözügedən saytın yazılı sorğusunda həmçinin sual olunur ki, iqtisadi təhlükəsizliyə təhdidlərlə mübarizə aparmaq üçün həmin ölkənin, Ermənistanın İqtisadiyyat Nazirliyinin hesablamaları varmı? Göründüyü kimi, erməni cəmiyyəti yenə də, münasibətlər fonunda da qorxu işərisindədir. Nədir axı bu qorxu və həmin qorxunun səbəbi nədən qaynaqlanır?
Gözlənildiyi kimi, suallara cavab olaraq, Ermənistanın İqtisadiyyat Nazirliyi heç bir iqtisadi hesablama təqdim etməyib. Ermənistan məhsullarının Türkiyədə, eləcə də hansısa bir ölkədə nə qədər rəqabətədavamlı olacağını təsəvvür etmək üçün erməni cəmiyyətinə bir kəlmə söz belə deyilməyib. Ən azından, yollar açıldıqdan sonra Ermənistan məhsullarının taleyinin necə olacağını proqnozlaşdırmaq üçün mətbuat səhifələrinə bircə dənə də cavab verilməyib. Hansısa hesablamanın olub-olmadığı barədə də açıqlama da olsa verilmir. Məhz elə bu səbəbdən də erməni cəmiyyəti nəinki tərəddüd, hətta qorxu içərisindədir. Üstəlik, ermənilər öz içlərindən olan yalançılardan, yalançı vəd verənlərdən o qədər uydurma, mif eşidiblər ki, iqtisadi münasibətlər barədə deyilənlərə belə ya inanmırlar, ya da bunun acısını çəkə biləcəklərini düşünürlər. Başa da düşə bilmirlər ki, söhbət hansı münasibətlərdən və hansı əlaqələrdən gedir.
Bəzi ermənilər elə hesab edirlər ki, Ermənistanın Türkiyə və digər qonşu ölkələrdə sərhədinin açılmasından sonra həmin ölkələr tərəfindən Ermənistana bir investisiya qoyuluşu ola bilməz və bu, heç gözlənilmir də. Bunu da onunla izah edirlər ki, ortada müqavilələr yoxdur və danışılanlar yalnız ölkələrinin hakimiyyət komandasının vədidir. Məsələn, sual olunur ki, yollar açıldıqdan sonra Ermənistan Respublikasına investisiya qoymağa hazır olan potensial investorlarla hansısa müqavilələr varmı? Açıq şəkildə erməni mediasında bildirilir ki, İqtisadiyyat Nazirliyindən bu barədə soruşulub. Hətta qeyd olunduğu kimi, sual olunub ki, əgər müqavilələr varsa, həmin müqavilələr hansı sektorlar və hansı sahələr üzrə bağlanılıb? Amma, bu barədə də cavab alınmayıb və tərəddüd də, qorxu da buna görə artmaqdadır.
Çoxdandır ermənilər açıq şəkildə deyirlər ki, hazırda Ermənistana investisiya qoyacaq potensial investorlar qətiyyən yoxdur. Onlar hətta çəkinmədən bildirirlər ki, yollar açılandan sonra investorların investisiya qoymağa hazır olacağına dair ancaq vədlər ola bilər. Qeyd olunur ki, İqtisadiyyat Nazirliyi investorun adını açıqlamayıb və investisiya qoyulması üçün maraqlı sahələr də göstərməyib. Artıq erməni mediasında dəfələrlə qeyd olunub ki, məsələn, Türkiyədən kənd təsərrüfatı, tekstil və digər məhsulların ixracına subsidiya verilməsi kontekstində Ermənistan Respublikasında yerli istehsalın azaldılması təhlükələrinin nəzərə alınıb-alınmaması ilə də maraqlanılıb. Guya cavab olaraq da bildirilib ki, hökumət Ermənistan məhsullarının rəqabət qabiliyyətini təmin etmək üçün emal sənayesi və bir sıra digər sənaye şirkətlərinə geniş spektrli dövlət dəstəyi alətləri də təqdim edir. Əlbəttə ki, həmin cavab məntiqi olaraq sual doğurur ki, əgər hakimiyyət geniş alətlər təqdim edirsə, niyə Ermənistanın sənayesi və kənd təsərrüfatı fəlakətli vəziyyətdədir? O zaman sual yaranır ki, fəlakət nə qədər davam edəcək və sərhədlər açıldıqdan sonra vəziyyət necə olacaq?
Əslində, əlaqələrin yaranmasında, iqtisadi münasibətlərin genişlənməsində qorxulu heç nə olmamalıdır. Hər bir ölkə nəinki qonşu dövlətlərlə, eləcə də dünya ölkələri ilə iqtisadi əməkdaşlıq etməyə, əlaqələri, münasibətləri genişləndirməyə çan atır və bu da başadüşüləndir. Ona görə başadüşüləndir ki, əlaqələrin, münsibətlərin genişləndirilməsi hər zaman olduqca əhəmiyyətli hesab olunub. Çünki münasibətlərin və əlaqələrin genişlənməsi dövlətlər üçün divident, gəlirlərin artması, imkanların genişlənməsi deməkdir. Amma nədənsə ermənilər bu məsələdə də qorxuya düşüblər və bu qorxu kompleksi də təsadüfi ola bilməz.
Uzun müddətdir bölgədə marginallaşmış, küncə qısılmış vəziyyətdə qalan, özünün işğalçılıq siyasəti fonunda bir sıra regional və beynəlxalq layihələrdən məhrum olan Ermənistan qonşu ölkələrlə iqtisadi əlaqələrdən də məhrum olub və bəlkə də erməni cəmiyyəti həmin əlaqələrin nə demək olduğunun da fərqində deyil deyə qorxuya düşüb. Qısa şəkildə desək, iqtisadi əlaqələrin mahiyyəti barədə təsəvvür belə formalaşmadığı üçün ermənilərin bir çoxları təlaş içərisindədirlər. Bəlkə də onlar başa düşə bilmirlər ki, iqtisadi əlaqələr, qonşularla sərhədlərin açılması, əməkdaşlıq edilməsi, münasibətlərin normallaşdırılması fonunda investisiya da qoyula bilər, üstəlik bir sıra layihələrdə iştirak etməklə əlavə gəlir də formalaşar. İşğalçılıqdan, təcavüzdən, başqalarına məxsus olanı mənimsəməkdən başqa heç bir siyasətin şahidi olmayan, münasibətləri körlayacaq təbliğatdan başqa heç nə ilə qarşılaşmayan ermənilərin qorxu kompleksini başa düşmək çətin deyil. Bu zamana qədər aparılan işğalçılıq siyasətinin də, təcavüzlə bağlı təbliğatın da acısını yaşayanlar, indi yolların açılması, münasibətlərin, ələlxüsus da iqtisadi əlaqələrin bərası dedikdə, anlaşılmazlıq nöqteyi-nəzərdən də qorxu keçirirlər. Zərb məsəldə deyildiyi kimi, “ilan vuran ala çatıdan da qorxar” və indi öz ölkələrinin hakimiyyətindən də, həmin hakimiyyətdə təmsil olunan iqtisadiyyat naziri Vahan Kerobyanın onlara daha bir təhlükə yardacağından da qorxan hayların qorxu kompleksləri anlaşılandır.
Anlaşılan həm də odur ki, Ermənistanın təklif edəcəyi heç nə yoxdur və hansı iqtisadi əlaqələrdən danışılacağı da bu mənada ermənilər üçün müəmmalı görünür. Münasibətlər də yaradacağı, iqtisadi əlaqələr də quracağı təqdirdə, rəsmi İrəvanın hansı məhsulu təqdim edəcəyi hayları hamıdan çox düşündürür. Bu ölkədə təbii ehtiyatlar, faydalı qazıntılardan danışmağa dəyməz. Heç bir ölkə üçün maraqlı olacaq təbii sərvətlər Ermənistan tərəfindən ixrac olunmur. Dünyanın enerji təhlükəsizliyi ilə qarşı-qarşıya qaldığı bir zamanda Ermənistanda olan Metsamor Atom Elektrik Stansiyası belə qəzalı vəziyyətdədir və elektrik enerjisi ilə bağlı ölkənin öz tələbatını artıq ödəyə bilmir. Əksinə, dünya dövlətləri rəsmi İrəvana həmin stansiyanın qəzalı vəziyyəti, təhlükəliliyi barədə dəfələrlə xəbərdarlıq da edib və gözləntilər heç də qənaətbəxş deyil. Deməli, elektrik enerjisi ixracından da söhbət gedə bilməz. Bəs onda nədir Ermənistanın təklif etdiyi və ermənilərin qorxduğu bazarlara nə ilə çıxa bilər bu ölkə?
Ermənistanda istehsal barədə də danışmaq mümkün deyil. Uzun illərdir bu ölkədə istehsaldan söhbət belə gedə bilməz. Bəlkə də xırda istehsal sahələri ola bilər, amma bir ölkə üçün buna ümid etmək, bununla hansısa bazarlara çıxmaq şansı qazanıldığını düşünmək olmaz. Elə məhz haylar özləri də bunu düşünə bilmirlər və buna görə də qorxurlar. Türkiyə kimi böyük bir ölkənin timsalında hansısa ölkələrin bazarlarına çıxarılacaq məhsullarının olmadığına görə qorxurlar və bilirlər ki, qondarma da olsa, müstəqillik əldə etdikdən sonra həmin ölkədə heç bir istehsal sahəsi inkişaf etməyib. Əksinə, görürlər, eləcə də bilirlər ki, istənilən sahədə istehsal Ermənistanda yox dərəcəsindədir və buna görə də haylar, qonşu ölkələrlə sərhədlərin açılışının Ermənistan üçün təhlükəyə çevriləcəyi qənaətindədirlər. Ermənistanın mövcud zəif vəziyyətini nəzərə almadan, iqtisadiyyat naziri Vahan Keronyanın əlaqələrdən danışmasını təhlükəsizlik baxımından təhdid hesab edirlər. Məhz iqtisadi hesablamalar dedikdə də, rəqabətədavamlı dedikdə də bunu nəzərdə tuturlar ki, Ermənistan digər əlaqələrdə olduğu kimi, iqtisadi əlaqələr zamanı da özünü doğrultmayacaq və bu özü də həmin qorxu kompleksi üçün yetərlidir. Amma istənilən halda haylar başa düşməlidirlər ki, bu zamana qədərki yanlış siyasəti, işğalçılığı, təcavüzkarlığı, terrorçuluği bir kənara qoyub, mifləri, uydurmaları uzaq tutub, normal qonşuluq münasibətlərinə, istənilən sahədə məqsədyönlü fəaliyyətə, iqtisadi əlaqələrə üstünlük verilməzsə, onlar üçün daha qorxulu o zaman ola bilər və bu qorxu onların sonuncu qorxularına çevrilər, çünki məhvə səbəb olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB