"Azərbaycan barədə əsassız fikirlər qəbuledilməzdir" - DEPUTAT DANIŞDI
"Azərbaycan dünyada tolerant, dini baxışların sərbəst fəaliyyət göstərdiyi bir ölkə kimi tanınır. Azərbaycan dünyada az sayda ölkələrdəndir ki, bütün səmavi dinlər açıq şəkildə fəaliyyət göstərir, tərəfdarları dini bayramlarını keçirir, dövlət rəsmiləri həmin bayramlarda iştirak edirlər. Dini zəmində ölkəmizdə hər hansı bir konflikt yoxdur, insanlar sərbəst şəkildə öz dini baxışlarına sitayiş edə bilirlər. Belə olan halda ABŞ Dövlət Departamentinin Azərbaycan barəsində əsassız fikirlər bildirməsi qəbuledilməzdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, ABŞ-ın Azərbaycanda böyük səfirliyi var, istənilən məsələ ilə bağlı müvafiq dövlət qurumu, həmçinin ictimai təşkilatlarla sərbəst fikir mübadiləsi edə bilərlər: "Azərbaycana qarşı əsassız rəyin yayılması qətiyyən Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir edə bilməz.
İki ay öncə ABŞ dövlət katibi köməkçisinin Azərbaycanla bağlı qərəzli çıxışı münasibətlərimizdə soyuqluq yaratdı. Amma ABŞ-ın təşəbbüsü ilə bunun aradan qaldırlması üçün belə bəyanatlar verən şəxs Azərbaycana səfər etdi və münasibətlərin normallaşmasına ABŞ-ın marağı olduğunu göstərdi. İndi isə belə bir rəyin yayılması ABŞ-da müəyyən dairələrin Azərbaycanla olan münasibətlərin daim gərginləşməsində maraqlı olduğunu göstərir. Hesab edirəm ki, ABŞ rəsmi dairələri bu məsələyə diqqət etməlidirlər. Azərbaycanın bu gün demokratik dəyərlər üzərində müstəqil dövlət olan, öz suveren hüquqlarını, beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirən bir dövlətdir. Azərbaycan beynəlxalq birlikdə aktiv fəaliyyəti ilə seçilən dövlətlərdəndir.
Ümumilikdə ABŞ kimi dünya siyəstində böyük rol oynayan dövlət öz müstəqilliyini qoruyan və beynəlxalq normaları gözləyən ölkələrə qarşı münasibətlərdə həssas olmalıdır. ABŞ Azərbaycan kimi bir dövlətlə münasibətlərin yaxşı olmasına çalışmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan da hər zaman ABŞ-la münasibətlərə xüsusi diqqət edib. Bu münasibətləri ABŞ-da müəyyən dairələrin korlamaq cəhdlərinin qarşısı hər iki ölkə tərəfindən qəti şəkildə alınmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB