"Görüşdə təklif olunan məsələlər reallaşarsa,..." - MÜNASİBƏT BİLDİRİLDİ
"Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirlərin Moskva görüşündə kifayət qədər ciddi müzakirələr aparıldı və təkliflər verildi. Bəllidir ki, Azərbaycan qalib dövlət kimi regionda yeni reallıqlar yaradıb. Habelə, həm Rusiya-Ukrayna müharibəsi fonunda şimal qonşumuza, bununla yanaşı İrana Qərbin tətbiq etdiyi sanksiyalar yeni tendensiyalar yaradıb. Xüsusilə logistika, nəqliyyat, daşımalar məsələsində tamamilə yeni şərtlər formalaşmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmdəli deyib.
Onun sözlərinə görə, Xəzərdə əməkdaşlıq məsələsi bu kontekstdə olduqca mühüm məsələdir: "Təsadüfi deyil ki, Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirlərinin Moskva görüşündə Xəzər Şurasının yaradılması təklif edilib. Bu təkliflə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. Bu, beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılmasını, onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün təklif edilir. Əgər bu baş tutarsa, kifayət qədər səmərəlilik artar".
Elşad Məmmədli sözlərinə belə davam edib: "Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da çıxışında bildirdi ki, Xəzər dənizi sülh, dostluq və əməkdaşlıq məkanına çevriləcək. Nazir Xəzər regionun investisiya cəlbediciliyinin artırılması, Xəzəryanı ölkələrin iqtisadi rəqabət qabiliyyətliyinin yüksəldilməsi istiqamətində fəaliyyəti genişləndirməyə çağırıb. Məlumdur ki, Azərbaycan Xəzərdə ən iri ticarət donanmasına malikdir. Yük daşımalarının dövriyyəsinin genişləndirilməsi üçün ölkəmizdə Ələt dəniz limanı sürətlə modernləşdirilir.
Nəzərə çatdıraq ki, Xəzər Şurasının yaradılması təklifi daha öncələr də olub, ancaq müəyyən mübahisəli məsələlər həllini tapmadığı üçün baş tutmayıb. Ancaq indi regionda tamamilə yeni reallıqlar var. Hazırkı şərtlər Şuranın yaradılmasını şərtləndirir. Şübhəsiz ki, bu görüşdə təklif olunan məsələlər reallaşarsa, bunun ciddi əhəmiyyətini hiss edəcəyik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB