Qərbdən gələn qeydiyyatsız qrantlar Azərbaycanda necə realizə edilir? - MÜNASİBƏT BİLDİRİLDİ

Qərbdən gələn qeydiyyatsız qrantlar Azərbaycanda necə realizə edilir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan dövləti şəffaflığı təmin etmək üçün, əlbəttə ki, mümkün olan bütün addımları atıb, atır və atmağa da davam edəcək. Çox təəssüflər olsun ki, bizə demokratiyadan, şəffaflıqdan, qanunçuluqdan danışan qərb fondları, qərb təşkilatları, hətta, qərb dövlətləri bu cür məsələlərdə Azərbaycan dövləti ilə həmrəy deyillər. Yəni, bir şeyi danışıb başqa şey edirlər. Ona görə də, dövlət mümkün qədər çalışır ki, qərbdən gələn qrantların şəffaflığını təmin etsin. Amma, təəssüflər olsun ki, o qrantlar hesabına Azərbaycanda, guya, insan haqları, demokratiya uğrunda mübarizə apardığını iddia edən şəxslər faktiki olaraq özləri qanunları pozur və gizli şəkildə maliyyə əldə edirlər. Həmçinin, o maliyyənin necə xərclənməsi ilə bağlı hər hansı hesabat və cəmiyyətə açıqlamalar vermirlər". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Azər Həsrət sözlərinə belə davam edib: "Onlar ümumiyyətlə, şəffaflıq sərgiləmirlər. Bu da ölkədə qanunsuz fəaliyyətə gətirib çıxarır. Qanunsuz fəaliyyət olunca da, əlbəttə ki, dövlət hərəkətə keçməlidir, keçir və o şəxslərə qarşı tədbir görür. Tədbir də görəndə, yenə də, o qərb institutları ölkədə, guya, ifadə, fəaliyyət və vətəndaş cəmiyyəti azadlığının pozulduğunu iddia edir. Bax, belə bir durum var.

Əlbəttə ki, o pullar necə xərclənir, biz bunu illər öncə də demişik. Bu gün də eyni sxem işləyir. Yəni, adamların şəxsi hesablarına maliyyə göndərilir, onların adına bank kartı açılır. Həmin bank kartları Azərbaycandan kənardakı bankların kartlarıdır. Yəni, Azərbaycan dövlətinin nəzarətindən kənar tuta bilmək üçün bunu edirlər. Və çox zaman da bu kartlar, ümumiyyətlə, adsızdır. Yaxud da ki, mümkün olduqca nağd şəkildə pulu başqa ölkədə, hətta, Azərbaycanın daxilində ötürürlər. Yəni, bütün bunlar da qanunsuz fəaliyyətdir. Ona görə də, dövlət onlara qarşı tədbir görməyə məcburdur. Yəni, biz həmişə demişik ki, istər qərbdən, istər ölkə içindən qrant alan qurumlar, şəxslər bununla bağlı açıq hesabatlar verməli, şəffaf olmalıdırlar. Amma göründüyü kimi o sözdə demokratiya aşiqləri o qrantları alır, xərcləyir, hər hansı hesabat vermir, şəffaflıqdan da söz gedə bilməz. Bax, belə bir sxem işləyir. Ona görə də, bu dövlət üçün çox ciddi təhlükədir. Yəni, şəffaflıqdan yayınanların fəaliyyətləri də təbiidir ki, dövlətin və xalqın faydasına yönəlik deyil. Əlbəttə ki, belə olanda dövlət onlara qarşı tədbir görməyə məcburdur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə