2023-cü il: Yeni Azərbaycan Partiyasının uğurlu beynəlxalq əlaqələr ili TƏHLİL

2023-cü il: Yeni Azərbaycan Partiyasının uğurlu beynəlxalq əlaqələr ili TƏHLİL

Yaramasından 31 il keçən Yeni Azərbaycan Partiyası ötən illərin hər birində hakim partiya imicini qoruyub saxlamaqla, dövlətimizin inkişafı, Qarabağ və Şərqi Zəngəzurla bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması, torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin hüquqlarının müdafiəsi və haqqlarının təmin olunması, ümumilikdə ölkə vətəndaşlarının sosial rifah halının yüksəlməsi, qarşıya çıxan problemlərin qısa zaman kəsiyində aradan qaldırılması istiqamətində atılan addımların və əldə olunan uğurlu nəticələrin ünvanıdır.

Bütün bunlar həm də hakim partiyanın ölkədaxili fəaliyyəti ilə yanaşı, həm də xarici ölkələrlə əlaqələrində, əməkdaşlıq və işbirliyində müşahidə olunub. Bu günlər partiya Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olması, burada əhəmiyyətli görüşlərin keçirilməsi və sonda Anlaşma Memarandumunun imzalanması dediklərimizi bir daha təsdiq edir.

Bitməkdə olan ilə qısa nəzər

Başa çatmasına ayyarımlıq bir dövr qalan 2023-cü il, ümumilikdə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində uğurlu il kimi tarixə yazılmaqdadır. Yaranmasının 31-ci ildönümü ərəfəsində partiyanın nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olmasından və burada böyük əhəmiyyətə malik görüşlərin keçirilməsindən yola çıxaraq il ərzində digər ölkələrlə əməkşaşlıq sahəsində həyata keçirilən mühüm tədbirlərdən bir neçəsinə nəzər salmaqla fikrimizi əsaslandırmaq istərdik.

Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin aprel ayının 15-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının İstanbul vilayət təşkilatında görüşü qarşısında duran yeni vəzifələrin həyata keçirilməsi kimi diqqətçəkən olmuşdir. Görüş zamanı məqsədlərə nail olunması üçün genişmiqyaslı fəaliyyətin həyata keçirildiyini vurğulayan Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2021-ci ilin iyun ayının 2-də Türkiyəyə səfər zamanı Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Yeni Azərbaycan Partiyası arasında imzalanmış əməkdaşlıq Sazişinin əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, həmin Saziş imzalandıqdan sonra AK Parti ilə Yeni Azərbaycan Partiyası bir çox layihələri həyata keçirib, uğurlu əməkdaşlıq edib, qısa zaman kəsiyində hətta beynəlxalq səviyyəli tədbirlər də birlikdə reallaşdırılıb.

Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının regionda yeni reallıqlar yaratdığını söyləyən Tahir Budaqov postmünaqişə dövründə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərində Türkiyənin ölkəmizə verdiyi dəstəyi xüsusi vurğulayıb: Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş bütün bölgələrdə aparılacaq quruculuq işlərində də ölkələrimiz birlikdə olacaq, bu işləri birgə həyata keçirəcək.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin sentyabrın 11-də Çin Xalq Respublikasına səfəri iki dövlət arasındakı dostluq münasibətlərinin inkişaf səviyyəsini, ölkə liderlərinin əlaqələrin dərinləşməsində müstəsna rolunun əhəmiyyəti bir daha ortaya qoydu. Səfər zamanı Azərbaycan-Çin münasibətlərinin hazırkı durumu və perspektiv imkanlarından söhbət açılması, Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğunun xatırlanması, Zəngəzur dəhlizinin reallaşdırılmasının regional və beynəlxalq önəminin bir daha vurğulanması münasibətlərin inkişafının yeni mərhələsində böyük əhəmiyyətə malik olmuşdur. Qarşılıqlı münasibətlər Çin və Azərbaycanın ölkələrin ərazi bütövlüyü məsələsində sərgilədikləri mövqeyinin dəyişməz olduğunu bir daha gündəmə gətirmişdir.

Oktyabrın 14-də Nepalın paytaxtı Katmanduda keçirilən və 16 ölkədən 26 siyasi partiya nümayəndəsinin qatıldığı Asiya-Avropa Siyasi Forumunun (AEPF) 5-ci iclasında Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin iştirak isə daha yaddaqalan tarixdir. “Pandemiyadan sonrakı dövrdə maliyyə sabitliyinin qorunması” mövzusunda keçirilən ikinci sessiyada çıxış edən və koronavirus pandemiyasının geniş vüsət aldığı ilk vaxtdan etibarən həm əhalinin sağlamlığını qorumaq, həm də sosial-iqtisadi immunitet yaratmaq məqsədilə respublikamızda həyata keçirilən effektiv mübarizə tədbirlərindən bəhs edən YAP Sədrinin müavini Tahir Budaqov Azərbaycan iqtisadiyyatının pandemiyadan sonrakı mərhələyə hazırlanmasına elə pandemiya dövründə başlandığını vurğulayıb. T. Budaqov çıxışında Azərbaycanın pandemiya dönəmində dövlət siyasətinin təkcə milli məzmun kəsb etmədiyini, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıdığını söyləyərək bu kontekstdə Prezident İlham Əliyevin qlobal səviyyədə göstərdiyi təşəbbüsləri - Azərbaycanın uğurla sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiyaya qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin keçirilməsini, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının baş tutmasını diqqətə çatdırıb. Azərbaycanın dünya miqyasında “peyvənd millətçiliyi”nə qarşı çıxması, Prezident İlham Əliyevin müxtəlif beynəlxalq təşkilatların tribunalarından birmənalı şəkildə peyvəndlərin ölkələr arasında qeyri-bərabər bölüşdürülməsinin yolverilməzliyi barədə çıxışları, eləcə də Azərbaycanın peyvəndlərə əlçatanlığı olmayan bir neçə ölkəyə vaksinlər və digər yardımlar göndərməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində vəsait ianə etməsi də xüsusi qeyd olunub.

Həmçinin, Azərbaycanın suverenliyinə və konstitusiya quruluşuna təhdid yaradan revanşist hərəkətlərin günü-gündən artmasının Azərbaycanı 2023-cü il 19 sentyabr tarixində lokal xarakterli antiterror tədbirlərinin keçirilməsinə məcbur etdiyi və 24 saat ərzində qanunsuz hərbi birləşmələrin ləğv olunması, ölkənin bütün ərazisi üzərində suverenliyimizin tam bərqərar olunmasının təmin edilməsi vurğulanmış, növbəti mərhələdə Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və orada yaşayan erməniəsilli əhalinin reinteqrasiyası, investisiyaların cəlb olunması, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsinin ölkəmiz qarşısında duran prioritet vəzifələr olduğu diqqətə çatdırılmışdır.

Şimali Kipr Türk Cümhuriyyəti: türk dövlətləri arasında növbəti əməkdaşlıq ünvanı

2022-ci ilin dekabr ayında Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin 14 noyabrda- cümhuriyyətin yaranmasının 40-cı ildönümündə yenidən buraya səfər etməsi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun da dediyi kimi, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dost ölkə və xalqlarla, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyinin, Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü siyasətin həyata keçirildiyinin bariz göstəricisidir.

Keçirilən görüşlərdə TDT-nin IX Zirvə Görüşündə Türkiyə ilə Azərbaycanın ortaq mövqeyi və siyasi iradəsi əsasında Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının mühüm tarixi hadisə kimi böyük əhəmiyyətə malik olduğunu vurğulayan Tahir Budaqov müxtəlif sahələri əhatə edən çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu, xalqlarımız arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının mühüm əhəmiyyət daşıdığını bildirib.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, uzun müddət davam edən işğal faktına və separatizmə birdəfəlik son qoyması bütövlükdə regionda yeni situasiya yaradıb, həm respublikamız, həm də bölgə dövlətləri, o cümlədən dost və tərəfdaş ölkələr üçün yeni perspektivlər müəyyən edib: “Azərbaycanın formalaşdırdığı yeni geostrateji reallıqlar Türk dünyasında da etibarlı təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi baxımından xüsusi önəm daşıyır, regiona rifah və inkişaf vəd edir”.

Anlaşma Memorandumu hakim partiyalar arasında məqsədyönlü işbirliyinin yol xəritəsidir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü, Şimali Kipr Türk Cümhuriyyətinin isə 40-cı ildönümlərində qardaş xalqların hakim siyasi partiyaları arasında Anlaşma Memorandumunun imzalanması mühüm mənəvi-siyasi əhəmiyyətə malik hadisə kimi tarixi önəm daşıyır.

Yaranmasının 31 ili ərəfəsinə təsadüf edən səfər çərçivəsində Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Şimali Kipr Türk Cümhuriyyətinin hakim Ulusal Birlik Partiyası (UBP) arasında Anlaşma Memorandumunun imzalanması Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində uğurlu addımının davamıdır.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan, Türkiyə və Şimali Kipr Türk xalqları arasında münasibətlərin inkişafının mühüm prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanan, işğal faktını və separatizmi birdəfəlik aradan qaldıraraq ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regional və beynəlxalq miqyasda önəmli geostrateji reallıqlar formalaşdırdığını vurğulayan Tahir Budaqov ölkəmizin tarixi Zəfərinin Türk dövlətləri üçün də yeni imkanlar və perspektivlər yaratdığını bildirib. YAP Sədrinin müavini mövcud gerçəkliklər fonunda Türk dövlətlərinin ortaq hədəflərə yönəlik birgə təşəbbüslərinin olduqca önəmli olduğunu söyləyib. Və “Bu kontekstdə Türk dövlətlərinin hakim siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi də zəruridir” ,- deyə vurğulayıb.

Tahir Budaqov yeni mərhələdə YAP, AK Parti və UBP arasında üçtərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib, diqqətə çatdırıb ki, Anlaşma Memorandumu çoxşaxəli işbirliyinin əsas istiqamətlərini və prioritetləri müəyyənləşdirən çox önəmli sənəddir.

Memorandumdan irəli gələn vəzifələrin icra olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, ortaq maraqlara əsaslanan tədbirlərin reallaşdırılması, fikir və təcrübə mübadiləsinin aparılması xalqlarımız arasında əməkdaşlığın dərinləşməsinə töhfə olacaq, partiyalararası münasibətlərə dinamizm gətirərək müştərək hədəflərə çatmağa imkan verəcək. Bir sözlə, Anlaşma Memorandumu hakim partiyalar arasında məqsədyönlü işbirliyinin yol xəritəsi olacaq.

***

Yeni Azərbaycan Partiyasının 2023-cü ildə beynəlxalq əlaqələr sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən bir neçəsinə nəzər salmaqla bunların dövlətimiz və xalqımız üçün nə qədər əhəmiyyətli olduğu da göz önünə gəlir. Beləliklə, 31 il əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin iştirakı ilə yaranan və hakimiyyətdə təmsil olunan bu partiya xalqın partiyası olduğunu təsdiqləyib. Həm də Ulu Öndərin dediyi kimi, dünənin, bu günün və gələcəyin partiyası olmağı bacardığını da təsdiqləyib. Bunu keçdiyi 31 illik yoldakı uğurlar, dövlətin bugünkü inkişafı, xalqın rifahı, ən əsası isə şərəf məsələsini-torpaqlarımızın işğaldan azad olunmasını həll etməsi, ərazi büyövlüyümüzü və konstitusiya quruluşunu bərpa etməsi, ümumilikdə Böyük Zəfəri təsdiq edib.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə