Qərəzin iki üzü – ikisi də Qərb - RAKURS

Qərəzin iki üzü – ikisi də Qərb - RAKURS

Güclü dövlətlərin mizan-tərəzisində çaşmalar bu günün reallığıdır. Çünki ədalət itib, haqqı olanlar nahaqların qarşısında tərksilah edilib. İşğalçı ilə işğal olunan arasında fərq qoyulmur, əksər hallarda isə birincilərə üstünlük verilir. Bir az da dərinə getsək, heç bir qərəzə yol vermədən deyə bilərik ki, müharibələrin iştirakçısı olan dövlətlərin haqlı, yaxud haqsız olduğu deyil, xristian qardaşlarına tərəfkeşlik etmək missiyası daha qabarıq şəkildə özünü göstərir.

Noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələrdə də hər sözdə, hər cümlədə Azərbaycana qarşı qərəz açıq-aşkar özünü göstərib. Bunun yeganə səbəbi var. Bu barədə bir az sonra. Məsələnin əsas qayəsi ondan ibarətdir ki, dünya gücləri, ABŞ və digər Qərb ölkələri dünyada münasibətləri nizama salmağın yeganə yolunu bildikləri halda, bunu heç kimin qəbul etmədiyi bir ortamda həyata keçirməyə çalışırlar. Maraqlar naminə ədalətsizliyə tərəf çıxırlar, işğalçıları qoruyur, onları himayə edirlər.

Maraqlıdır, dinləmədə “şahid” qismində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksander Sokolovksi iştirak ediblər. Dinləmə altkomitənin sədri konqresmen Tom Kinin giriş nitqi ilə başlayıb. Sədr Azərbaycan və Ermənistan arasında son illər ərzində baş verən müharibənin nəticələri, o cümlədən sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri (dinləmələrdə isə “şahidlər” bunu hərbi əməliyyat adlandırıblar – müəllif) nəticəsində Qarabağda yaşayan ermənilərin Ermənistana köçməsinə toxunub. O, “Azərbaycanın Qarabağda güc tətbiq etməsindən məyus olduğunu” vurğulayıb.

Obrayn giriş nitqində ölkə administrasiyasının hal-hazırda üç istiqamət üzrə iş gördüyünü bildirib. O, Qarabağdan çıxan ermənilərin evlərinə maneəsiz dönməsinin mümkünlüyü, o cümlədən onların mülklərinin və mədəniyyətinin qorunmasının bu istiqamətlərdən birincisi olduğunu vurğulayıb. Daha sonra Obrayn Ermənistan hakimiyyətinin xarici münasibətlərinin çoxşaxəli olmasına açıq olduğuna və ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını deyib.

ABŞ dövlət katibi köməkçisinin müavini daha sonra fəaliyyətin üçüncü istimətinin tərəflərlə sülh sazişinin əldə edilməsi ilə bağlı ünsiyyətin saxlanılması olduğunu deyib: “Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və Yerevana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək”.

Obrayndan sonra “şahid” qismində iştirak edən Sokolovki giriş nitqində USAID-in Ermənistan rəhbərliyi ilə görüşərək ölkənin ehtiyacları ilə bağlı məlumatlar topladığını, o cümlədən USAID rəhbəri Samanta Pauerin Ermənistana səfəri, eyni zamanda Azərbaycanla sərhəddə Qarabağdan köçmüş ermənilərlə görüşdüyünü qeyd edib. Sokolovski həmçinin Ermənistan dəstəyi və humanitar yardımın artırılması, o cümlədə islahatların keçirilməsi üçün uzunmüddətli dəstəkdən danışıb. Bildirib ki, ABŞ Konqresinin səxavətli dəstəyi sayəsində USAID Ermənistanda dəstəyini 2018-ci ildən bəri 50 faiz artıra bilib. Bu dəstək bizə Ermənistan hökuməti və vətəndaş cəmiyyəti ilə işləmək imkanı verdi. Eyni zamanda bu dəstək Ermənistanın iqtisadi artımı, vətəndaş iştirakçılı, enerji təchizatının diversifikasiyası və plüralistik informasiya mühitinin güclənməsinə imkan yaradır.

Buradan bir məsələ qaynaqlanır, ABŞ, Fransa və digər Qərb dairələri, təşkilatları güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmir. O da məlumdur ki, dinləmələrin keşirilməsinə ən çox dəstək verən ABŞ-dakı erməni lobbisi olub, tədbirin təşkilatçısı Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuns ilə görüşüb. Deməli məsələ aydındır. Əvvəlcə ermənilərlə məsləhətləşmələr aparılır, hətta 2018-ci ildən bu yana, yəni Pasşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanla əlaqələrin genişlənməsi, yardımların artırılması dab u nəticələrin əldə olunmasında tutarlı və əsas rol oynayıb. Ermənistanın indiki rəhbərliyi Qərbin əl buyruqçusu və onların marionetidir. Təbii ki, kuklanı oynadanlar onun gələcək taleyini də necə lazımdırsa, elə də yönləndirirlər.

Azərbaycanın isə nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Ona görə də ABŞ-ın Azərbaycanı ram etmək istəyir və bu istək açıq-aşkardır və ortadadır. ABŞ anlamalıdır ki, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada siyasəti olmayacaq. Konqres ABŞ-ın günbəgün artan dövlət borcundan başlayaraq, irqi ayrıseçkilik, polis zorakılığı, kriminalın baş alıb getməsi və digər çoxsaylı daxili problemlərlə məşğul olsaydı, daha düzgün olardı. ABŞ-ın dövlət borcu ilk dəfə 32 trilyon dolları ötüb. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin saytındakı “ümumi dövlət borcu” bölməsində iyunun 16-na 32,04 trilyon dollar məbləğində vəsait göstərilib. Bu, ABŞ-ın dövlət borcu üçün rekord göstəricidir. Hələ yanvar ayında ABŞ hökumətinin 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş borc tavanı aşılıb.
ABŞ-ın xarici siyasəti, daha doğrusu hərbi müdaxiləsi sayəsində Liviya, Suriya, İraqın, Əfqanıstanın düşdüyü vəziyyətə diqqət etmək kifayətdir ki, Vaşinqtonun hansı xislətə malik olduğunu aşkarlaya biləsən. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikmədi, yol salmadı, amma bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb.

“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq”, deyən ABŞ-ın niyyəti nədir? Bizə ağıl vermək, yoxsa özünün ağılsızlığını nümayiş etdirmək? ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen bildirib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən (1992-ci ildə qəbul edilib – red.) imtinanın müddətini uzatmayacaq. Səbəbi də, guya vəziyyətin real yaxşılaşmasını görmədikləri üçün. Guya bütün bunlar sülhü təşviq etmək məqsədi daşıyır.

Əlavə edib ki, Azərbaycan və Ermənistan öz gələcəyini Rusiya-İran oxundan kənarda qura bilər. Yəni onları bir kənara qoyun və bizim çətirimizin altına girin. Əslində ABŞ rəsmiləri Ermənistanla Azərbaycanı qarışdırırlar, bizi tərəzinin eyni gözünə qoymağa çalışırlar. Guya Rusiya və İran oxu ətrafındakı gələcək həm Azərbaycan, həm də Ermənistan hökuməti üçün qeyri-stabil və arzuedilməzdir. Bəs ABŞ-ın yanında olmaq, necə, təhlükəsizlikdirmi?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə