"İran və Naxçıvan arasında bağlantı mühüm əhəmiyyət kəsb edir" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan hökuməti ilə İran ötən ilin sentyabr ayında Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun yaradılmasına dair müqavilə imzalayıb. Əldə olunmuş razılığa əsasən, 2022-ci il sentyabrın 22-də Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutub. Bu layihə çərçivəsində oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Prezident İlham Əliyevin ötən gün imzaladığı “Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən, tikinti işlərinə 14 milyon manat pul ayrılacaq və layihənin maliyyələşməsinin ilkin mərhələsi təmin olunacaq". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkili bildirib ki, bu layihə Zəngəzur dəhlizinin bir hissəsi kimi mühüm əhəmiyyət kəsb edir və regiona ölkələri arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir kommunikasiya xətti hesab edilə bilər: "Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region ölkələrinə yeni iqtisadi imkanlar yarada bilər. “Bu dəhlizindən Azərbaycan və qardaş Türkiyə ilə bərabər, Rusiya, İran, Orta və Uzaq Asiya ölkələri istifadə edəcək, dəhlizin region üçün faydası daha çoxdur. Dəhliz imkan verir ki, bütün ölkələr öz mallarını bu dəhliz vasitəsi ilə Türkiyə vasitəsilə Orta Asiya və Avropaya nəql etsin. Eləcə də İran üçün bu dəhlizin Avropaya asan və daha qısa yolla çıxışına imkan yaranmış olur. Eləcə də, Qərb, Ərəb dövlətləri, o cümlədən Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər xarici ölkələr faydalana bilər”.
A.Hüseynov qeyd edib ki, Araz çayı üzərindən tikintisi başlanılan körpünün koordinatları və texniki parametrləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq müvafiq sərhəd-gömrük məntəqəsinin göstəriciləri Şərqi Zəngəzur dəhlizinin əhəmiyyətli kommunikasiya qovşağı olacağından xəbər verir: "Avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəriciləri ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcəyini xüsusi qeyd ediblər. Belə ki, 7 gediş-gəliş xətləri olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 təşkil edəcək".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB