Füzulinin azad edilməsi strateji əhəmiyyət kəsb edib

Füzulinin azad edilməsi strateji əhəmiyyət kəsb edib

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Fizuli şəhəri günü kimi müəyyən olub. Cənab Prezident cənab İlham Əliyev 17 oktyabrda “Füzuli Şəhəri Günü” ilə əlaqədar Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlətimizin başçısı tədbirdə çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuş və mesajlar verərək bildirilmişdir ki,-Füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu doğrudan da böyük hadisədir çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var.

Qeyd olunmuşdur ki, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və digər şəhərlərdə bütün layihələr təqdim edilmişdir. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Yeni salınan bütün şəhərlərimiz Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra olunur. Burada şəhər tamamilə yenidən qurulur artıq şəhərdə 800-dən çox insan yerləşib, ilin sonuna qədər isə burada təqribən 2 minə yaxın insan yaşayacaqdır.

Cənab Prezidentin gəstərişi ilə Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda yəni 2026-cı ilin axırına kimi 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Cənab Prezident işğalın və işğal zamanı xalqımızın çəkdiyi əzab-əziyyətin yaddaşlarda saxlanılmasının vacibliyini qeyd edərək bildirmişdir ki, “Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb”.

Dövlət başçımız İlham Əliyev şəhidlərimizin xatirəsinə dərin ehtiramını bildirərək qeyd etmişdir: "Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək”.

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli qələbələrlə dolu anlar olub, onların sırasında Füzulinin azad edilməsi xüsusi yer tutur.

17 oktyabr nəinki füzulilərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İşğaldan azad olunmuş doğma torpaqlarına qayıdan on minlərlə qaçqın və köçkünlər bu ərazilərdə başlanmış geniş miqyaslı tikinti quruculuq işlərində yaxından iştirak edəcəklər.

Rauf Əliyev

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə