Ermənistanın maraqlarına xidmət edən, haqlı olmadıqları halda ermənilərin qondarma, dırnaqarası “haqlarını” guya müdafiə etməyə çalışan və bunun üçün də çox absurd şəkildə Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi avropalı siyasətçilər bununla heç nə əldə edə bilmədiklərini və bundan sonra da heç nə əldə edə bilməyəcəklərini dərk etməlidirlər. Çünki Azərbaycanla dialoqda ultimatum dilindən istifadə etmək cəhdlərinin uğursuz olduğunun dəfələrlə şahidi olublar. “Bizimlə heç kim diktə və ultimatum dilində danışa bilməz!”, - deyə Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 21-də xalqa müraciətində də bu barədə hər kəsə qətiyyətlə xəbərdarlıq edib. Bu xəbərdarlıqdan nəticə çıxara bilməyən Avropa Parlamenti özünü çox gülünc bir vəziyyətə salıb və tutduğu qərəzli mövqe, ikili standartlardan çıxış etməsi imicini zərbə altında qoyub.
Təəssüflər olsun ki, hələ də boş illüziyalarla ermənilərə, Ermənistana təsəlli verənlər, dəhşətli dərəcədə yanılaraq, Azərbaycanla münasibətdə tamamilə gülünc, qəbuledilməz dialoq, ultimatum yolunu seçənlər var. Məsələn, Avropa Parlamenti Avropa İttifaqını “Dağlıq Qarabağda baş verənlərə görə” Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, o cümlədən, qanuna yenidən baxmağa çağıran hüquqi qüvvəyə malik olmayan qətnamə qəbul edib. Üstəlik, Azərbaycan qazının idxalından asılılığın azaldılması fonunda ölkəmizlə əməkdaşlıq şərtləri barədə də iddialar irəli sürülüb ki, bunlar həqiqətən də nəinki təəssüf, hətta təəccüb doğurur. Çünki Azərbaycan qazına ehtiyacı olanların bu şəkildə çıxış etmələri, həqiqətən də, gülməli və təəccüblüdür. Maraqlıdır, qarşıdan qış gəldiyi onların ağıllarına gəlməyib, yoxsa Azərbaycan qazının idxalından asılılığın azaldılması barədə çıxış edənlər qarşıdan gələn soyuq fəsillərdə hüquqi qüvvəyə malik olmayan, kağız üzərində qalacaq qətnamələrini yandırıb qızınmağı planlaşdırırlar? Hər halda Azərbaycan qazına ehtiyacı olan məhz onların özləridir və hansısa absurd fikirləri onları gülünc vəziyyətə qoyur.
Qəbul edilən qətnamə birmənalı olaraq, Azərbaycana qarşı ədalətsizlikdir. Avropa Parlamenti özünü elə aparır ki, elə bil rəsmi Bakının Qarabağ ermənilərinə dəfələrlə təhlükəsizlik zəmanəti verdiyini bilmir. Hətta Qarabağ ermənilərinin yaşadıqları yerləri şəxsi maşınları və onların gedişi üçün ayrılan avtomobillərlə öz istəkləri ilə tərk etdikləri zaman dinc və sakit şəkildə getdiklərini də, Azərbaycan ərazilərini tərk edən zaman azərbaycanlılar tərəfindən onlara su və yemək təklif edildiyini də, köç edən erməniləri daşıyan avtomibillərin bəzi hallarda yanacağa belə ehtiyacı olduğu zaman tərəfimizdən yanacaqla təmin olunduğu barədə də Avropa Parlamenti özünü bilməməzliyə vurur. Üstəlik, 30 il bundan əvvəl, ötən əsrin sonlarında azərbaycanlıların evlərindən silahlı basqınla qovulduğunu, başqasına məxsus əraziləri deyil, öz yurd-yuvalarını ermənilərin təhdidi ilə məcburi şəkildə tərk edən qocaların, qadınların, uşaqların namərdcəsinə ermənilər tərəfindən güllələndiyini də guya Avropa Parlamenti bilmir. Bəlkə bütün dünyada insanlıq dramı olaraq qəbul edilən Xocalı faciəsi barədə, ölüm təhlükəsi ilə qarşılaşdıqları zaman qaçaraq canlarını qurtarmaq istəyən xocalıların vəhşicəsinə, amansızlıqla erməni cəlladları tərəfindən güllələnməsini, onların cəsədləri üzərində belə təhqiramiz hərəkətlər etdiklərini də bilmirlər Avropa Parlamentinin həmin o qətnamənin lehinə səs verən siyasiləri? Bilirlər, amma hələ də özünü bilməməzliyə qoyurlar. Lakin bütün dünya ictimaiyyəti bilir ki, Avropa Parlamenti ermənilərin bu cinayətkar hərəkətlərinə, barbarlığına, vəhşiliyinə elə həmin vəhşiliklər törədiləndə də göz yumub və indiyə qədər heç olmasa Ermənistan tərəfini qınayan da olsa bir qətnamə qəbul etməyib. İndi həmin o Avropa Parlamentinə nə düşüb ki, haqlı tələblərlə qanuni addımlar atan, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmayan hərəkətlərlə öz suveren hüquqlarından istifadə edərək, ərazi bütövlyünü, ərazilərinin təhlükəsizliyini təmin edən Azərbaycana qarşı haqsız və ədalətsiz şəkildə çıxış edir?
Bu zamana qədər sanki qış yuxusunda olan Avropa Parlamenti elə bil indi ayılıb və bir zaman “Qarabağ Ermənistandır və nöqtə” deyən, nəticədə də müharibənin qaçılmazlığı qənaətinə gəlməyə əsas yaradan erməni baş nazir Nikol Paşinyan sözügedən bu qurumun gözünə indi “sülhə sadiq” biri kimi görünüb. Bu, çox gülməlidir. Həqiqətən də, Avropa Parlamenti son zamanlara qədər yatmışdı ki, 44 günlük müharibə dönəmində Ermənistanın ölkəmizə məxsus olan böyük şəhərlərə, Gəncəyə, Bərdəyə, Mingəçevirə Paşinyanın göstərişi ilə raket zərbələri endirildiyini, bunun nəticəsində onlarla dinc sakinin həlak olduğunu görməyib? Görüb və sadalananlar barədə ərtaflı şəkildə də bilir. Lakin erməni təəssübkeşliyi, ikili standartlar siyasəti, ədalətsiz mövqeyi, Azərbaycana qarşı qərəzi bunu etiraf belə etməyə imkan vermir. Azərbaycan tərəfinin heç bir zaman dinc əhalini hədəfə almaması fonunda Ermənistan tərəfinin həmin şəhərləri bilərəkdən hədəfə aldığı barədə etirafları, bunu onların qürurla bəyan etməsi də Avropa Parlamenti üçün kifayət etmədimi ki, məsələ ilə bağlı real, doğru yanaşma sərgiləsin?
Görünür, Avropa Parlamentinin, yaxud da Avropa İttifaqının köməyi olmadan Azərbaycanın separatizmi məğlub edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini Avropanın bəzi siyasətçiləri də, sözügedən qurum da tamamilə unudub. Yaxud, belə çıxır ki, müşahidə etdiklərinin məhz rəsmi Bakının qəti mövqeyi olduğunu, heç vaxt geri çəkilməyəcəyini dərk etməkdə Avropa Parlamenti çətinlik çəkir. Həmçinin onu da dərk etməkdə çətinlik çəkir ki, Fransa kimi hansısa ermənipərəst ölkə, yaxud Avropa Parlamenti kimi hansısa ermənipərəst beynəlxalq qurum Azərbaycanın iradəsinə təsir göstərə bilməyəcək. Əks halda, yəni dərk edilsəydi, Azərbaycana qarşı belə absurd şəkildə qərəzli mövqe sərgiləməz, sanksiya tələbi ilə çıxış etməz, ədalətsiz yanaşma ortaya qoymaz, ölkəmizlə ultimatum dili ilə danışmaq yolunu seçməzdi.
Maraqlıdır, Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanıldığı zaman, qanunsuz erməni silahlı dəstələrinin qeyd-şərtsiz ərazilərimizi tərk etməsi barədə BMT kimi bir mötəbər təşkilatın qətnamə qəbul etdiyi zaman, işğal faktı ilə əlaqədar məlum dörd qətnamə qəbul edildiyi vaxt Avropa Parlamenti niyə reaksiya belə vermədi? Birləşmiş Millətlər Təşkilatı kimi ən mötəbər beynəlxalq qurumun qətnaməsi məgər Avropa Parlamentinin qətnaməsindən hüquqi baxımdan zəif sənəd hesab olunurdu, yoxsa BMT-nin 4 qətnaməsi Avropa Parlamentinin 1 qətnaməsi qədər deyildi? Məlum 4 qətnaməyə məhəl qoymayan Avropa İttifaqından, yaxud ABŞ, Rusiya, Fransa kimi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən Avropa Parlamenti özünün 1 qətnaməsi ilə indi nə tələb edir? Silahlı basqın etməklə, qətllər, soyqırımlar törətməklə bir milyondan çox azərbaycanlını öz yurd-yuvalarından məcburi şəkildə didərgin salan, onlara qaçqınlıq həyatı yaşadan Ermənistana 30 il ərzində sanksiya tətbiq olundu ki, indi humanizm qaydalarını, beynəlxalq hüququn norma və prinsplərini pozmayan, suveren hüquqları çərçivəsində hərəkət edən Azərbaycana qarşı Avropa Parlamenti sanksiya tətbiqi barədə tələblə çıxış edir? Əslində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, ədalətin və qanunçuluğun bərpasına, təntənəsinə yalnız öz səyləri ilə, minlərlə azərbaycanlının həyatı bahasına nail olan Azərbaycana beynəlxalq təşkilatlar və eləcə də müvafiq qurumlar sanksiya barədə yox, minnətdar olmaları barədə düşünməli və belə bir qərar qəbul etməli idilər. Təəssüf ki, biz bunun əksini müşahidə edirik və ermənipərəstliyin fonunda ikili standartların davam etdiyinin şahidiyik.
Zor tətbiq edilərək, təhdid olunaraq, ölüm təhlükəsi ilə üz-üzə qoyularaq, ayaqyalın, başıaçıq şəkildə bir milyondan çox azərbaycanlını ermənilərin məcburi şəkildə didərgin saldıqlarına görə sanksiya tətbiqi barədə düşünməyənlər, indi sivil qaydada, təhlükəsiz şəkildə, hətta yardımlar belə edilərək, öz istəyi, ya da ağalarının buyruğu, tapşırığı ilə özlərinə aid olmayan ərazilərdən, bizim ərazilərimizdən köç edənlərə görə heç olmasa susaydılar. Azərbaycanlılara qarşı saysız hesabsız vəhşiliklər törədərək onları dədə-baba torpaqlarından didərgin salanlara qarşı eyni şəkildə davranmadığımızı heç olmasa görərək dinməyəydilər. İkili stndartlar siyasəti yürüdənlərin, ədalətsiz mövqe sərgiləyənlərin qiymət verməsi bizə lazım da deyil, amma heç olmasa onlar ədalətsiz, qərəzli mövqedən çıxış etməyəydilər. Azərbaycan tərəfi hələ də bəyan edir ki, dövlətimizin qanunlarına tabe olmağı qəbul edərək, məşkunlaşdıqları yerlərə, bizim ərazilərimizə ermənilərin qayıtmasına qətiyyən maneçilik törədilməyəcək və onların ölkə vətəndaşlarımız kimi hüquqları, təhlükəsizlikləri təmin ediləcək, amma bunun Ermənistan tərəfindən bəyan edilməsini hələ də Avropa Parlamenti eşidə bilməz. Çünki Ermənistan rəhbərliyi həmin ərazilərdən bir zamanlar məcburi şəkildə qovulmuş yüz minlərlə azərbaycanlının öz evlərinə qayıtmasına qətiyyən razılıq verməyib. Heç Avropa İttifaqı və ya Avropa Parlamenti də rəsmi İrəvandan belə bir şey tələb etməyib və yüz minlərlə azərbaycanlının öz evlərinə qayıtmasına Ermənistanın niyə razılıq vermədiyini hələ də soruşan belə yoxdur, nəinki sanksiya tətbiqini tələb edən. Yerli media nümayəndələrinin belə, Avropa İttifaqının bitərəf tərəf hesab oluna biləcəyi ilə bağlı sual verdikdə, Şarl Mişel Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin hüquqlarına məhəl qoymayaraq, diqqəti yalnız erməni tərəfinə yönəldirsə, deməli, ikili yanaşma, ədalətsiz mövqe göz önündədir. Avropanın ağız dolusu danışdığı dəyərlər bunlardırmı və indi Avropa Parlamenti hansı üzlə sanksiya tələbi ilə çıxış edir? Bütün bu sadalananların fonunda belə bir tələblə, sanksiya tələbi ilə çıxış etmək siyasi riyakarlıqdır.
Reallıqlar göz önündə olduğu zaman yardımçı platforma sayılan hansısa bir görüş təşkil edib qətnamə qəbul etmək məsələyə kvaziformal yanaşmadır. Bunun mənasız olduğu, heç bir mahiyyət belə kəsb etmədiyi, hansısa hüquqi qüvvəyə malik olmadığı artıq bəllidir. Təsadüfi deyil ki, öz ermənipərəstliyi ilə seçilən və haylara dırnaqarası “sədaqətini” göstərmək istəyən Makron özü belə Azərbaycana qarşı sanksiyaların əks-məhsuldar olacağını bildirib. Ermənipərəst deputat Marina Kalyurandın təşəbbüsü ilə Bakıya qarşı sanksiyaları tövsiyə edən qətnamənin qəbul edilməsi Avropa Parlamentinin elə kvaziformal yanaşma sərgilədiyini təsdiqləyir. BMT missiyasının Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfərinin nəticələri də, heyət üzvlərinin orada gördükləri də, yəni Azərbaycanın qanundan kənar heç bir addım atmadığının şahidi olmaları da, əksinə, humanizm prinsiplərini əsas götürdüyünü görüb şahidi olması da Avropa Parlamenti üçün mahiyyət kəsb etməz sayılırsa, hansısa erməni uydurması əsas hesab olunursa, deməli, bu qurumun özü barədə ən azından müvafiq tələblə çıxış edilməlidir və barəsində Avropa İttifaqının müvafiq, uyğun qərar verməsi gərəkir. Anti-Azərbaycan intriqasına zəmin hazırlamaq niyyəti ilə sanksiya tələb edən qətnaməni qəbul etmək blefdir, çünki heç bir əsası olmadan qəbul ediləndir.
“Ermənistana gəlincə, mən həmrəyliyimi bildirirəm və görəsən, biz bu ölkəni Azərbaycanla enerji sövdələşməsinin qurbangahında qurban vermək niyyətindəyikmi? Biz zaman-zaman cəsarət göstərməliyik. Biz hamımız Ermənistanı və Dağlıq Qarabağ ermənilərini dəstəkləməliyik. Onlar özlərinə məxsus olan torpaqları tərk etməyə məcbur olublar. Əgər bu etnik təmizləmə deyilsə, nə olduğunu bilmirəm”, deyən Fransa Senatının sədri Jerar Larşenin çox komik səslənən sözlərini xatırladıqda görürük ki, bu ermənipərəstin, nə olduğunu bilmədiyi barədə belə pafosla danışmasının gülünc görünməsi eyni ilə Avropa Parlamentinin yanaşması ilə üst-üstə düşür. Yəni, bu kvaziformal yanaşma bütün ermənipərəst siyasətçilərə də, qurumlara da, qüvvələrə də aiddir və yardımçı platformalar müstəvisində hansısa qətnamənin qəbul edilməsi mahiyyət etibarı ilə kvaziformal görüntü də yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB