“Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın qazandığı qələbəni həzm edə bilməyən Tofiq Yaqublu kimilər xalqımızın uğuruna kölgə salacaq fikirləri ilk dəfə söyləmir. Bunu etmək üçün insanın dəyər və ənənələrimizdən uzaq olması lazımdır. Xalqımızın uğurunu görməzdən gəlmək dəyərlərimizə və qələbəmizə yaraşmayan hərəkətdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov Tofiq Yaqublunun dediklərinə münasibət bildirərkən deyib.
Deputat sözlərinə belə davam edib: “Düşüncən və gözün nə qədər nifrətlə dolu olmalıdır ki, belə bir fikir söyləyəsən, Azərbaycanın qələbəsini görməzdən gələsən. Bu Azərbaycanın tarixində əldə etdiyi ən böyük qələbələrdən biridir. Bu qələbə böyük bir uğurdur. Buna xalqımız öz qəhrəmanlığı və fədakarlığı nəticəsində çatıb”.
Ceyhun Məmmədov sözlərinə belə davam edib: “Torpaqlarımız 30 il düşmənin işğalında qalıb. Son 250-300 illik tarixində Azərbaycan ilk dəfə öz qələbəsini, suverenliyini və ərazi bütövlüyünü təmin etdi. Tofiq Yaqublunun bu açıqlaması kökündən yanlışdır. Bu qələbəmizə kölgə salan və xələl gətirən yanaşmadır. Bu düşüncələrə sahib olmaq bir insanın mənəviyyatdan və dəyərlərdən kasad olduğunun göstəricisidir.
Biz qələbəni qanımız hesabına əldə etmişik. Qələbənin qorunması üçün hər kəs çalışmalıdır. Burada Ümummilli Lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin göstərdiyi qəhrəmanlığı inkar etmək nankorluqdur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə