PREZİDENT İLHAM ƏLİYEV: “Nə vaxt, nəyi, necə etmək lazımdır – bunu biz bilirik” TƏHLİL

"Ermənistan heç vaxt bizimlə açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Biz lazım olan vaxtda – bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik".

Prezident, Ali Baş Komandan İlham Əliyev bu sözləri iki il əvvəl, 2020-ci il iyulun 15-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi hərbi təxribatın qarşısının alınmasından bəhs edərkən demişdi. Prezident diqqətə çatdırmışdı ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ildə uğurlu Naxçıvan (Günnüt) əməliyyatında olduğu kimi, Tovuz döyüşləri də Azərbaycan Ordusunun qalibiyyət səhifəsidir.

"O ki qaldı bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm... Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik", – deyə dövlət başçısı bildirmişdi.

RƏŞADƏTLİ AZƏRBAYCAN ORDUSU ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNƏ LAYİQ OLDUĞU YERİ GÖSTƏRDİ

Sentyabrın 19-da Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin həyata keçirdiyi hərbi təxribatlar və terror hücumlarına cavab olaraq Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. Bu təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edən və hüquqi əsasını formalaşdıran müddəalar isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndində aydın şəkildə ifadə olunub. Təəssüflər olsun ki, nə Ermənistan tərəfi, nə də Rusiya sülhməramlı kontingenti bu günə qədər bu bəndin icrası ilə bağlı öhdəliklərini icra etmək üçün heç bir xoşniyyət addım atmayıb. Əksinə, həmin terrorçuların silahlandırılması və növbəti təxribatların həyata keçirilməsi üçün mümkün bütün vasitələrdən istifadə etməyə davam ediblər. Məhz bu səbəbdən üçtərəfli Bəyanatın müddəalarının icrası, bölgədə yaşayan və fəaliyyət göstərən mülki vətəndaşlarımızın, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilən antiterror tədbirləri qaçılmaz olmaqla yanaşı, mütləq xarakter daşıyır.

Sözü imzası qədər dəyərli və keçərli olar Ali Baş Komandan, Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində antiterror tədbirlərinin dayandırılması üçün Azərbaycanın şərtlərindən danışarkən deyib ki, bu gün səhər saatlarında bizə bildirildi ki, şərtlərimiz qəbul edilib. Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar.

Dövlətimizin başçısı qeyd edib: "Mənim cavabım belə oldu ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da bilir, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq və bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu".

HEÇ KİM BİZİMLƏ DİKTAT VƏ ULTİMATUM DİLİ İLƏ DANIŞA BİLMƏZ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib ki, biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi: "Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin".Cənubi Qafqazın əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olduğunu xatırladan dövlətimizin başçısı bildirib: "Yetər artıq! Biz bunu tələb edirik".Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqenin ümidlər verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyi, sülh müqaviləsi imzalayacağı və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda olmadığına ümidvar olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun çox qısa zamanda yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi. Və dövlət başçımızın söylədiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır: "Ermənistan rəhbərliyi əgər vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyirdisə, indi "Qarabağ Azərbaycandır" deyir. Hətta ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?!"

Dövlətimizin başçısı bizə xor baxanlara da xəbərdarlıq edərək deyib: "Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".

Beləliklə, tarix də sübut edirik biz haqlı mübarizə aparırıq. Çünki dövlət başçımızın dediyi kimi: "Nəyi ediriksə, dəqiqliklə edirik. O ki qaldı bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm... Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında!".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə