"Azərbaycan dövləti heç bir təzyiqə boyun əyməyəcək" - HƏRBİ ESKPERT ŞƏRH ETDİ
"Bir neçə gün öncə Vaqif Xaçaturyanın Laçın keçid məntəqəsində saxlanılması bir daha Azərbaycan tərəfinin məlum məsələdə güzəştə getməyəcəyinə daha bir sübutdur". Bu sözləri hərbi ekspert Tərlan Eyvazov
SİA-ya açıqlamasında deyib.
Ekspert qeyd edib: "Məlum olduğu kimi, Azərbaycan tərəfindən hələ illər öncə Qarabağda yaşayan ermənilər və onların qondarma rejiminin silahlıları tərəfindən orada yaşayan dinc Azərbaycan sakinlərinə qarşı törədilən qətliamlar, vəhşiliklər və digər cinayətlər barədə cinayət işləri qaldırılıb, konkret günahkarlar, qatillər, canilər müəyyənləşdirilib və onlar barədə beynəlxalq axtarış elan edilib.
Bütün bunlar beynəlxalq hüquq orqanları vasitəsilə hər bir hüquq orqanlarına çatdırılıb, hər bir dövlətin bu barədə məlumatı vardır. Eləcə də, təbii ki, bizim Laçın keçid məntəqəsində olan əməkdaşlarımızda, onların texniki vasitələrində, kompyuterlərində həmin şəxslər barəsində konkret məlumatlar vardır. Baxmayaraq ki, onların əlində olan köhnə Sovet pasportları və yaxud qondarma rejim, Ermənistan tərəfindən verilən erməni dilində olan sənədlərdir, orada olan qurğular vasitəsilə həmin şəxslərin kimliyi dəqiqliklə yoxlanılır. Buna görə də həmin erməni sakininin saxlanılması bir daha Azərbaycan dövlətinin belə hallar, cinayətkarlarla barışmayacağının göstəricisidir".
"Son vaxtlar ermənilər istər Qarabağ iqtisadi zonasında yaşayan erməni kökənli insanlar, istərsə də Ermənistan lobbisi tərəfindən və onları dəstəkləyən beynəlxalq güclər tərəfindən belə bir “teatr” şousu düzənlənir ki, guya orada yaşayan insanlar çox böyük ehtiyac içərisindədirlər. Lakin heç kim düşünmür ki, artıq 30 ildən çox vaxt keçməsinə baxmayaraq, bir milyona yaxın Azərbaycan vətəndaşı öz doğma yurdlarına qayıda bilmir. Çünki həmin yerdə olan və bilavasitə Ermənistan silahlı qüvvələri tərəfindən dəstəklənən ermənilər və erməni silahlı birləşmələri bizim insanları öz ata-baba yurdlarından didərgin salıblar, beynəlxalq cinayətlər törədiblər. Onların sayı elə o vaxt da, indi də hazırda Qarabağ İqtisadi zonasında yaşayan ermənilərdən 10 dəfələrlə çoxdur. Onların nədənsə hüquqları, problemləri dilə gətirilmir. Eləcə də, bizim Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əlaqələrimiz yalnız hava vasitəsilədir və bir müddət də İran vasitəsilə müəyyən yüklər daşına bilir. Yenə də Ermənistan tərəfindən Naxçıvan blokadadır. Bu, uzun illər torpqalarımızın işğal altında olmasından irəli gəlirdi. İndi isə baxmayaraq ki, bizim bütün Ermənistanla təmas olmalı olan dəmiryolu və digər sosial yollar nəzarətimizdədir, Ermənistan tərəfi buna yol vermir. Lakin nədənsə bu da unudulur və beynəlxalq ictimaiyyətə bu barədə məlumat verilmir. Yalnız birtərəfli qaydada, həmişə olduğu kimi yalnız ermənilərin hüquqlarının qorunması məsələsi gündəmə gətirilir.
Xaçaturyanın və onun silah yoldaşlarının etdiyi cinayətlər haqqında kifayət qədər məlumatlar vardır. Bu gün də dövlət orqanlarımız bu sahədə yorulmadan çalışırlar və bu şəxs Azərbaycan vətəndaşı olan erməni kökənli Qarabağ sakini Azərbaycan hakimiyyətinə qarşı qiyam qaldıran qüvvələrin ön cərgələrində olub. Azərbaycan kəndlərinin yandırılması, yağmalanması, insanların öldürülməsi, şikəst edilməsi, əsir götürülməsi, qadınların, qocaların, uşaqların qətlə yetirilməsində konkret günahkardır. Onun bu gün də şahidləri hələ qalmaqdadır. Bu gün də bizim aidiyyəti orqanlarımızın dəftərxanalarında onun və onun kimilərin işlədiyi cinayətlərin çox böyük dosyesi vardır. Düşünürəm ki, Xaçaturyanın vəziyyətinin necə olmasından asılı olmayaraq (xəstə olduğu deyilir), o, iki-üç il öncə ermənilərin müharibədən sonra yenidən hücum etdiyi zamanı tutulan bəzi şəxslər kimi Azərbaycan məhkəməsi qarşısına çıxarılacaq, əminəm ki, onun bütün günahları sübuta yetiriləcəkdir. Bu, həm də bir daha Ermənistana və onu dəstəkləyən qüvvələrə qəti bir mesajdır ki, Azərbaycan dövləti heç bir təzyiqə boyun əyməyəcək, öz lazım bildiyi beynəlxalq və Azərbaycanın qanunlarına uyğun şəkildə hərəkət edəcəkdir", - T. Eyvazov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB