Hər danışan “millət vəkili” Rusiya dövlətinin mövqeyini ifadə etmir - DEPUTAT DANIŞDI

Hər danışan “millət vəkili” Rusiya dövlətinin mövqeyini ifadə etmir - DEPUTAT DANIŞDI

«Rəşadətli ordumuz 44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi. Ancaq Vətən müharibəsindən artıq üç ilə yaxın vaxt keçməsinə baxmayaraq ermənilər və onlara açıq şəkildə havadarlıq edənlər könül bulandırmağa davam edirlər...»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov SİA-ya açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Bu günlərdə Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun ölkəmizlə bağlı qərəzli açıqlaması ictimaiyyətdə haqlı narazılıqla qarşılandı. Bu açıqlama Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə kölgə salan və dostluğa xələl gətirən bir açıqlamadır. Tolstoya qısa bir xatırlatma edək ki, Azərbaycanın qədim və zəngin dövlətçilik tarixi və ənənələri var. Rusiya Qafqazı işğal edəndə həmin dövrdə Azərbaycanın sərkərdələri, mədəniyyət və incəsənət xadimləri var idi. Bu da Azərbaycanın zəngin dövlətçilik tarixinin, mədəni irsinin bir təzahürüdür. Hesab edirəm ki, Rusiyada yaşayan bir neçə dırnaqarası millət vəkilinin və jurnalistin ermənipərəst mövqeyi dövlətin qərarlarına təsir etmir.
Deputat diqqətə çatdırıb ki, Rusiya və Azərbaycanı həm də bir-birinə tarixi, siyasi, mədəni tellər bağlayır. İllər keçdikcə münasibətlərin inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilir, birgə səylər göstərilir.
Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır. Bəzən bu münasibətlərdə müəyyən qalxmalar, enmələr, təbəddüllatlar olsa da, amma xalqlar, sadə insanlar arasında heç zaman ziddiyyətlər, gərginliklər, enmələr-qalxmalar yaşanmayıb. İkinci Qarabağ savaşında Azərbaycan vətəndaşı olan rus soydaşlarımız da canlarından keçərək vətəndaşı olduqları məmləkətə vəfa borclarını ödədilər. Bu igidlərdən fərqli olaraq eməni media maqnatlarının əlində olan Rusiya telekanllarının əksəri müharibə vaxtı qərəzli mövqelər nümayiş etdirdilər.
K.Bayramov əlavə edib ki, Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri vardır. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.
Eyni zamanda Azərbaycanda da çoxsaylı rus icması yaşayır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur.
Azərbaycan və Rusiya Prezidentləri arasında etibar və dostluğun olması hər iki dövlət başçısının açıq siyasət yürütməsi ilə bağlıdır. İki ölkənin dövlət başçılarının, hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, müzakirə olunan məsələlər də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Əlbəttə ki, əsas hədəf sülh müqaviləsinin imzalanması və sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin olunmasıdır. Azərbaycan dövləti də daim bu məsələ üzərində çalışır.
K.Bayramov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan bu gün sözün əsl mənasında müstəqil dövlətdir və müstəqil siyasət yürüdür və heç kimdən, o cümlədən də, Rusiyadan asılı deyil. Azərbaycan iqtisadi müstəqilliyə tam şəkildə nail olub. Dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Əlaqələrin artıq yeni strateji mərhələyə qədəm qoyduğunu qeyd edən dövlətimizin başçısı bildirib: «Hər iki ölkənin həyata keçirdiyi işlərin həcminə baxarkən görünür ki, hər iki tərəf əməkdaşlığın gücləndirilməsinə və konkret nəticəyə yönəlmiş işbirliyinə yönəlib. Biz bu münasibətlərin dərinliyinə yaxşı bələdik. Bizim qarşılıqlı əlaqələrin sferası olduqca genişdir”.»

Bütün xəbərlər Facebook səhifəmizdə