Artıq regionda yaranan, daha dəqiq desək, Azərbaycanın yaratdığı reallıqlar dünyanın diqqətini həm cəlb edir, həm də bütün dünya tərəfindən bu reallıqlar etiraf edilir. Etiraf edilir ki, regionda digər dövlətlərdən fərqli olaraq, Azərbaycan məhz Avropa üçün də, Qərb üçün də, hətta İsrail üçün də həyati vacib tərəfdaş olaraq qəbul edilir. Məsələn, ABŞ-ın dünyaca məşhur “Newsweek” jurnalında deyilənlər öz əksini tapir və bütün bunlar müəllif tərəfindən xüsusilə qeyd olunur.
Azərbaycanın Ermənistan üzərində zəfəri artıq çoxdandır ki, Cənubi Qafqazda sabitliyi möhkəmləndirən faktor kimi dəyəndirilməkdədir. Elə sözügedən nəşrdə dərc olunan yazıda bu məqamın vurğulanması xüsusilə diqqəti cəlb edir. Sözsüz ki, Azərbaycanın öz ərazisinə nəzarəti bərpa etməsi bütün regionda sabitliyi möhkəmləndirməlidir. Əvvəla ona görə ki, iki Cənubi Qafqaz ölkəsi arasında 30 ildən yuxarı davam edən münaqişənin nəhayət başa çatması elə sabitliyə əsaslı zəmin deməkdir. Digər tərəfdən də Azərbaycanın istənilən sahədə potensialının olması, imkanlarının region ölkələrinin imkanlarından dəfələrlə üstün olması ölkəmizin sabitliyə töhvə vermək əzmini təsdiqləyir, hansıki bu məqamlar dünyaca məşhur olan nəşrdə müəllif tərəfindən açıq-aşkar şəkildə qeyd olunur.
Sözsüz ki, ölkəmizin region ölkələri arasında söz sahibi, eləcə də lider olması kimləri isə narahat etməyə bilməz. Hansısa ölkələrin bundan qıcıqlandığı yenilik deyil və hətta gözlənilən idi. Söhbət təkcə Ermənistan kimi cırtdan dövlətdən, tamamilə iflas həddində olan ölkədən getmir, Rusiya və İranın timsalında bölkədə öz varlığını təsdiq etmək üçün dəridən-qabıqdan çıxan ölkələrdə də bu qıcıq hiss olunur. Çünki əvvəla, bu ölkələr Azərbaycanın potensialından narahatdırlar və ölkəmizin istənilən anda həlledici qərar qəbul etmək imkanı onlar üçün heç də arzuolunan deyil. Digər tərəfdən də gücü, qüdrəti artan Azərbaycan onların bölgədə dilinin qısalması deməkdir ki, bu da onların həzm edə bilmədiklərindəndir. Üstəlik, Azərbaycanın məhz İsraillə hərbi əməkdaşlığı rəsmi Tehranı narahat etməyə bilməz, çünki İran özünə düşmən bəllədiyi bir ölkə ilə Azərbaycanın əlaqələrinə biganə deyil. Son bir neçə ildə İranın Azərbaycana qarşı dini ekstremist İslam Müqavimət Hərəkatını yaratması və dəstəkləməsi, “radikal ekstremist dini ideyaları” təbliğ etməsi, Qərb, İsrail və yəhudilərə məxsus obyektlərdə planlaşdırılan sui-qəsd və terror aktları vasitəsilə Bakını sarsıtmağa çalışması heç də təsadüfi sayılmır. Bütün bunlar İranın Cənubi Qafqazda sabitliyi pozmaq cəhdləri olaraq diqqətdən yayınmır və elə dünyaca məşhur nəşrin, “Newsweek” jurnalının bu barədə qeyd etməsi təsdiq edir ki, reallıqlar bütün dünyada çox yaxşı görünür. Çox yaxşı görünür və qəbul olunur ki, Ermənistanla münaqişədə ölkəmizin qələbəsi rəsmi Tehran üçün təkcə Azərbaycanın qələbəsi sayılmır, İran tərəfi buna bütövlükdə rəqiblərinin qələbəsi kimi baxır və ona görə hələ də həzm edə bilmir. Rusiyanı da qıcıqlandıran məsələlər var, hərçənd ruslar bunu göstərməməyə çalışırlar. Əvvəla, indi bütün danışıqlarda Bakının qalib tərəf olaraq iştirakını görmək, bunu müşahidə belə etmək Moskva üçün heç də xoş deyil, çünki ruslar qalib ölkəyə hansısa diqtə etmək kimi şanslarının olmamasının fərqindədirlər. Digər tərəfdən də bölgədə sabitliyi təmin edən, sülhün bir addımlığında olan Azərbaycanın Avropanın enerji təminatçısı kimi çıxış etməsi Kreml üçün ürəkaçan məqam sayıla bilməz, çünki Azərbaycan Rusiyanın enerji ixracına alternativ təqdim edir və beləliklə də Rusiyanın avropalılara qarşı əsas təsir etmə rıçaqlarını zəiflədir, hətta aradan götürür. Məhz bütün bu reallıqlar, ölkəmizin yaratdığı reallıqlar fonunda bu iki ölkə Azərbaycanın uğurlarından heç də sevincək ola bilməz və bunun elə sözügedən nəşrdə də öz əksini tapması təsdiq edir ki, həqiqətlər dünya tərəfindən də qəbul olunmaqdadır.
İşğaldan azad olmuş torpaqlarda Azərbaycanın reallaşdırdığı böyük bərpa və abadlıq işləri diqqətdən yayına bilməz. Bütün dünya bu prosesi diqqətlə izləyir və Böyük Qayıdış planı elə məhz dünyanın marağına səbəb olub. Ələlxüsus həmin ərazilərin minalardan təmizlənməsinin, əkin-biçin üçün yararlı hala salınmasının nəticə etibarı ilə kənd təsərrüfatına müsbət təsir edəcəyi də qəbul olunur. Bir çox tanınmış siyasətçilər belə bu məsələlərin böyük əhəmiyyətə malik olduğunu qeyd edirlər. Bəziləri bunu öz ölkələri üçün də faydalı hesab edirlər. Xüsusilə də sülhün əldə olunması fonunda buna maraq daha böyükdür. “Azərbaycanla Ermənistan arasında sülh əldə olunarsa, İsrail bundan çox faydalana bilər”, deyən İsrailin keçmiş rabitə naziri Ayyub Kara dünyaca məşhur olan “Jerusalem Post” nəşrində dərc etdiyi yazısında ərazilərin mina təhlükəsindən azad olunmasının öz ölkəsi üçün də əhəmiyyətini vurğulayıb. O, həmin yazısında qeyd edib ki, mina təhlükəsi azaldıqdan sonra regionun kənd təsərrüfatı potensialı kəskin şəkildə artacaq, hansıki bu, Azərbaycanın kənd təsərrüfatı məhsullarının İsrailə ixracının və İsrail texnologiyasının Azərbaycana ixracının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Bəli, keçmiş rabitə naziri Ayyub Kara haqlıdır, çünki həqiqətən də işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi taxıl zəmiləri ilə zəngin və məhsuldar region yaratmağa imkan verəcək və bu zaman Azərbaycana İsrail texnologiyasından istifadə edəcək, hansıki həmin məhsulu, həmin buğdanı da elə məhz İsrail idxal edə bilər. Diqqətə çatdıraq ki, Ukraynadakı müharibə fonunda taxılla bağlı yaranmış arzuolunmaz vəziyyəti nəzərə alsaq bu, İsrail üçün də çox maraqlı olacaq, çünki həmin ölkənin ərzaq təhlükəsizliyini təmin etmək baxımından əvəzsizdir.
Bütün bu sadalananlar onu deməyə əsas verir ki, bəli, həqiqətən də Azərbaycanın yaratdığı reallıqlar həm dünyanın diqqət mərkəzindədir, həm də bu reallıqların əhəmiyyəti qəbul da olunur, etiraf da edilir. Doğrudur, bu reallıqların əhəmiyyətini məhz Ermənistan tərəfinin və ermənipərəst ölkələrin timsalında görməyənlər, daha dəqiq desək, görmək istəməyənlər də ola bilər. Amma artıq dəfələrlə müxtəlif müstəvilərdə vurğulanır ki, Ermənistan özü belə bu reallıqlardan faydalana bilər. Ümumiyyətlə, sülh sazişindən, regionda sülhün təmin olunmasından, məhz Azərbaycanın yaratdığı reallıqlardan Ermənistanın belə qazanacağı çox şeylərin olduğu qeyd edilir. Həmin reallıqlar bu gün marginallaşmış bir durumda və səfalət içərisində olan ölkə, yəni Ermənistan üçün acınacaqlı durumdan xilas olmaq deməkdir. Hazırda küncə qısılmış bir vəziyyətdə olan Ermənistan adlı bir ölkə Azərbaycan və Türkiyə ilə ticarət edərək iqtisadiyyatını bərpa etmək, inkişaf etmək şansını qaçırmamalıdır, sözsüz ki, ermənilər bunu dərk edəcəkləri halda bu şansdan istifadə edə bilərlər. Bu şans erməni xalqı, haylar üçün nəinki münaqişəsiz həyat sürmək, müvafiq iqtisadiyyata və həyat səviyyəsinə malik olmaq deməkdir. Əks halda yenə də Rusiya və İran kimi ölkələrə, bəzən də Qərbə boş yerə güvənərək daha dəhşətli fəlakətə düçar olacaqlar. Bax elə ən böyük reallıqlardan, Azərbaycanın yaratdığı reallıqlardan biri də məhz budur. Odur ki, ölkəmizlə, xalqımızla sülh şəraitində yaşayan qonşu dövlətlər bundan qazana, əksini düşünənlər belə itirə bilərlər, hansıki bu reallıqların etirafı dünya mətbuatında da öz əksini tapır.
Bütün xəbərlər Facebook səhifəmizdə