Biabırçılığın zirvəsi - RAKURS

Bu gün regionun bütün diqqəti Ermmənistan-Azərbaycan münasibətlərinin nə ilə nəticələnəcəyinə fokuslanıb. 44 günlük müharibənin nəticələrinə əsasən deyə bilərik ki, hansı platformada və hansı vasitəçinin iştirakından asılı olmayaraq sülhün yaradılması təşəbbüsü Azərbaycana aid olduğu kimi, şərtləri də rəsmi Bakı diqtə edir. Vaşinqtonda keçirilən görüşdə Ermənistan və Azərbaycanın XİN başçıları bəzi detallara aydınlıq gətirmək üçün bir həftəyə yaxın müzakirə apardılarsa, Brüsseldə Aİ-nin vasitəçiliyi ilə baş tutan görüşdə ölkələrin liderləri bir araya gəldilər. Hər iki görüşü məhsuldar adlandırmaq olsa da qənaətbəxş hesab etmək sadəcə, tezdir. Çünki, Ermənistanın rəhbərliyi ilə bərabər erməni cəmiyyəti də mövcud durumla barışmaq istəmirlər. Yalan maşınının cəmiyyət üzərində hansı fəsadlar yaratdığını ermənilər üzərində açıq şəkildə görmək olar. Qonşu ölkənin 20 faiz ərazisini işğal altında saxlayan, heç bir beynəlxalq sənədlərə, BMT-yə üzv ölkələrin hər birinin ərazi bütövlüyünü qoruyan norma və prinsiplərə əhəmiyyət verməyən ermənilər özlərini cəzasızlıq mühitində o qədər rahat hiss edirlər ki, bu günün reallığını dərk etməkdə çətinlik çəkirlər. Amma ölkələr arasında münasibətləri tənzimləyən və bu sistemi qoruyan beynəlxalq təşkilatları da unutmaq lazım deyil.

Düzdür, həmin təşkilatlar erməni vandalizminə, beynəlxalq sənədlərin çeynənməsinə göz yumdular və hələ də müəmma olaraq qalan 30 illik işğala tutarlı reaksiya vermədilər, erməni həyasızlığını həzm etdilər, amma Azərbaycanın qətiyyətli addımı sayəsində üzərlərinə götürdükləri ağır yükü çiyinlərindən ata bildilər. Azərbaycanın haqqını çətin də olsa tanıdılar. Bəli, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində oldu. Hərb meydanında olduğu kimi, danışıqlar masasında da Ermənistan və onun arxasındakıları “pat” vəziyyətində qoyan da Azərbaycanın rəhbəri idi. İki ildir ki, Ermənistanla Azərbaycan arasında danışıqlar gedir, demək istərdik. Amma daha dəqiq ifadə etsək, Azərbaycan döyüş meydanında olduğu kimi, masada da Ermənistanı sülhə məcburetmə fəaliyyətindədir. Qəribədir, Ermənistan 28 il Azərbaycanın təkidlərinə baxmayaraq torpaqlarımızı sülh yolu ilə qaytarmaq niyyətində olmadığını deyirdi, amma xalq və ordu birliyi, Ali Baş Komandanımızın isə qətiyyəti sayəsində düşmən ərazilərimizdən qovuldu. Bu gün isə kapitulyasiya aktına imza atmış Ermənistan rəhbərliyi sülhə gəlməkdə çətinlik çəkir. Paradoksdur, deyilmi?

Nəhayət tərəflər arasında Moskva görüşü də baş tutdu. Bəri başdan deyək ki, Azərbaycan tərəfinin tələbi də, təklifi də, istək və arzusu da dəyişməz olaraq qaldığı halda, sözdə bir, əməldə isə başqa fikirlərə sahib Ermənistan haqqında bunu demək xeyli çətindir. Moskvada da belə oldu. Ermənistan rəhbərliyi danışıqlardan əvvəl verdikləri açıqlama ilə, danışıqların gedişində söylədikləri arasında fərq yetərincədir. Buna baxmayaraq, bu ölkənin baş naziri onsuz da nəticəsi bəlli olan danışıqların vaxtını uzada və sülh müzakirələrinin bundan sonra da davam etdirməyə “həvəsli” olduğunu sübut etdi. Dəhliz terminindən bixəbər olan baş nazirdən, əslində, tutarlı bir arqument gözləməyə də dəyməz. Paşinyan Ermənistandan Xankəndiyə Laçın rayonu ərazisindən keçən və daha çox erməni əsilli Azərbaycan vətəndaşlarının istifadə etdiyi yolla bütün region ölkələrinin yük daşımalarında istifadə edəcəyi və Cənub-Şərqi Asiya ölkələri ilə qərbi Avropanı birləşdirən tarixi İpək Yolu üzərindəki Zəngəzur dəhlizini eyni tutması, statuslarını eyniləşdirməsi Paşinyanın dünya siyasətinə nabələdliyini sübut edir. Və Prezident İlham Əliyevin də Moskvada Aİİ-nin sammitində bütün iradları bu məsələnin üzərində qurulmuşdu. Azərbaycan Prezidentinin dediklərini olduğu kimi dərc edirik: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir”.

Prezidentimiz dünya birliyi – Şərqi Asiyadan Qərbi Avropaya qədər olan geniş coğrafi ərazi ilə region ölkələrinin inteqrasiyasını təmin edəcək böyük layihə təqdim edir, bu projeyə Ermənistanı da cəlb etmək, nəhayət Cənubi Qafqaza sülh və təhlükəsizlik gətirmək istəyir, irəvan isə bu xeyirxah addımı qərəz kimi anlayır, öz erməni xislətindən çıxış edərək yaxşı nə varsa əlahinə gedir. Baş nazir Nikol Paşinyanın, “Azərbaycan Prezidenti çıxışında son illər Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsinə əsas verən ifadədən istifadə etdi” deməsinə İlham Əliyevin cavabı da tutarlı və ermənilər üçün öldürücü oldu.

Prezident İlham Əliyev bildirdi ki, bizim belə iddialarımız yoxdur: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.

Görünür, Ermənistanla və ermənilərin indiki baş naziri ilə işimiz hələ bundan sonra çox olacaq. Çünki, bu xalqa dövlət, sərhəd, ərazi bütövlüyü, “qara” və “bağ”dan əmələ gəlmiş Qarabağın məhz Azərbaycana və azərbaycanlılara aid olmasını, öz yalanlarının özləri üçün yaratdığı böyük problemləri erməni cəmiyyətinə və onların ideoloqlarına dəfələrlə anlatmalıyıq. Bu da işə yaramasa “dəmir yumruq”u bir daha başımızın üzərinə qaldırmalı olacağıq. Bu, ermənilərin başa düşəcəyi, anlayacağı dildir.

Aİİ sammiti prezident İlham Əliyevlə şifahi "söz savaşına" başlamağa cəhd edən, amma nəticədə həm Azərbaycanda, həm də Ermənistan və Rusiyada özünü gülüş obyektinə çevirən Nikol Paşinyan üçün növbəti biabırçılığın zirvəsi oldu. Paşinyanın savadsız və səbatsız olduğunu, provakatorluğunu bilirdik, amma bu qədər də yox. Onun çıxışına Rusiya Prezidentinin ironik münasibəti də Ermənistan rəhbərinin və bütövlükdə ermənilərin mahiyyətini tam olaraq ortaya qoydu. Hələ görüşdən əvvəl Paşinyanın destruktiv addımlar atacağı gözlənilirdi. Bu barədə siyasətçilər dəqiq proqnozlar da verirdilər. Amma görüş başa çatar-çatmaz erməni silahlı birləşmələrinin Zəngilan rayonu istiqamətində diversiya aktı törətməyə cəhdi inandırıcı deyildi. Çünki bundan əvvəlki cəhdlərin ordumuz tərəfindən hansı formada qarşısının aldındığını hər kəs, o cümlədən Paşinyan da bilir. Belə olan halda maraqlı bir sual yaranır, sülhə bu qədər yaxınkən Ermənistan rəhbərliyi niyə qarşıdurmanı seçsin. Axı güc də yoxdur.

Görünür, Ermənistan reallıqla barışmaqda çətinlik çəkir, həqiqəti qəbul edə bilmir. Ermənistanın baş naziri özü üçün "uğurlu lokal qələbə" ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib. Bununla o, həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də Kişinyov görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edir. Sülh danışıqlarını uzatmaq Ermənistanın məlum taktikasıdır. Ermənistanın diversant qrupu Azərbaycan hərbçilərini öldürməyi planlaşdırsa da, Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən vaxtında aşkar edilib. Diversiya baş tutsa, onlar Azərbaycan ərazisinin dərinliyində də təxribat törədib dinc vətəndaşları hədəf götürə bilərdilər. Amma bu olmadı, ermənilərin niyyəti boğazlarında qaldı.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə