"Ordu ilə hakimiyyət arasında problemlər var" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ordu ilə hakimiyyət arasında problemlər var" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan hərbçilərinin mütəmadi olaraq atəşkəsi pozması və təxribata əl atması bir daha göstərir ki, ölkədə ordu ilə hakimiyyət arasında problemlər var. Bu, eyni zamanda Ermənistan baş nazirinin bəyanatının saxtalığını və dünya ictimaiyyətini aldatmaqla məşğul olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, həmişə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın görüşlərindən öncə təxribatların şahidi oluruq: “Ona görə də hesab edirəm ki, Ermənistan hökuməti hərbi rəhbərliyi bir daha yoxlamalı və onlarla müəyyən söhbətlər aparmalıdır. Mayın 14-ü və iyunun 1-də olacaq görüşlərdə müəyyən razılaşmaların əldə olunacağı gözlənilir. Bunun üçün zəmin də yaradılıb. ABŞ-da hər iki dövlətin xarici işlər nazirlərinin görüşləri baş tutub”.

Politoloq sözlərinə davam edərək bildirib ki, belə olduğu təqdirdə sülhün əldə olunmağı üçün zəminin hazır olduğunu düşünmək olar: “Çünki belə bir hal olmamışdı ki, xarici işlər nazirləri ardıcıl olaraq bir neçə gün görüşlər aparsın. Ona görə də münaqişənin bitməsini və sülh sazişinin imzalanmasını istəməyən qüvvələr əlbəttə ki, Ermənistan hərbi qüvvələri üzərindən təxribatlar törədir. Bütün bunların qarşısını almaq üçün iradə lazımdır və Ermənistan hakimiyyəti ilə hərbi qüvvələri arasında bir bağlılıq yaranmalıdır. Ancaq təəssüf ki, biz bugünkü gündə bunun şahidi ola bilmirik. Bu məsələdə cavabdeh Ermənistan ordusudur. Azərbaycan ordusu isə üzərinə düşən vəzifəni yerinə yetirərək düşmən tərəfi layiqincə cəzalandırırlar”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə