Rusiya-Ukrayna cəbhəsində son vəziyyət NECƏDİR? - POLİTOLOQ DANIŞDI

"Rusiya-Ukrayna müharibəsində vəziyyət gərgin olaraq qalmaqda davam edir. Əvvəldən də proqnozlaşdırıldığı kimi Ukrayna artıq Rusiyaya qarşı əks-hücum əməliyyatlarına start verib. İlk əməliyyatlar isə Baxmut istiqamətində həyata keçirilib. Müharibə başlayandan hər iki tərəfdən minlərlə insanın öldüyü Baxmutun həm Rusiya, həm də Ukrayna üçün strateji məqsəd daşıdığını nəzərə alsaq əks hücum əməliyyatlarının məhz bu istiqamətdə daha da yoğunlaşacağını deyə bilərik. İlkin nəticələr isə artıq var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusunun hücumu nəticəsində Rusiyanın 72-ci motoatıcı briqadasının Baxmutdakı mövqelərdən çəkilməsinə nail olunub və nəticədə bir neçə kənd, işğaldan azad olunub: "Həmçinin, ötən həftənin sonu Ukraynaya məxsus dronlar tərəfindən Krımdakı neft zavodu da hədəfə alınıb. Bütün bunlar onu deməyə əsas verir ki, hər keçən gün Rusiya daha ağır itkilərlə üzləşir. Və bu itkilər təkcə canlı qüvvə deyil, həm də texnikanı əhatə edir. Hər kəs rusların ehtiyatlarının tükəndiyini görür. Ehtiyatların tükənməsi isə Rusiya daxilində, xüsusilə də hərbi rəhbərlik arasında fikir ayrııqlarına və çaxnaşmalara səbəb olur. Fikir ayrılıqlarını xüsusən də V. Putinin ən yaxın adamlarından hesab olunan, "Vaqner"in rəhbəri Yevgeni Priqojinin timsalında görmək mümkündür. Priqojin artıq uzun müddətdir ki, orduda əməliyyatların davam etdirilməsi üçün silah-sursat çatışmazlığı olduğunu bildirir və bir-birinin ardınca müraciətlər edir.

Ukraynanın Baxmut istiqamətində hücumlarından sonra isə Priqojinin müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında qarşılıqlı ittihamlar daha da güclənib. Müaşhidələr onu deməyə əsas verir ki, güclü hərbi resurslara malik Priqojın və Şoyqu bir-birini sıradan çıxartmaq üçün mübarizəyə başlayıb. Orduda vəziyyətin nəzarətdən çxması müharibədə ağır məğlubiyyətə yol açmaqla yanaşı, indiyə qədər mövcud rəqabətdən faydalanmağa çalışan Putinin hakimiyyəti üçün də ciddi təhlükəyə çevrilə bilər.

Müharibənin dayanması ehtimalına gəldikdə isə belə ehtimal hələ ki, mövcud deyil. Çünki rəsmi Kreml müharibənin məhz elə indiki şərtlər əsasında, yəni işğal olunmuş ərazilərin Rusiyada qalması ilə bitməsini istəyir. Ukrayna üçün isə bu heç bir halda məqbul hesab edilə bilməz. Putin anlayır ki, Ukrayna ərazilərindən tamamilə çıxacağı halda öz siyasi karyerasına son qoymuş olacaq. Çünki bu zaman o, bu qədər itkinin hesabatını verməli və müharibəyə niyə başladığını izah etməlidir. Rusiyanın şərtləri ilə müharibənin dayanması isə Vladimir Zelenskini ittiham altına qoyacaq. Odur ki, indiki şərtlər altında sülhə nail omaq mümkün deyil. Müharibənn sonlanması üçün tərəflərdən birinin tam məğlubiyyəti qaçılmazdır. Düşünürəm ki, qarşıdakı üçü ay müharibənin nə ilə nəticələnəcəyi ilə bağlı qənaətə gəlmək üçün müəyyən ipucları verəcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə