Öz dövlətini qurmaq, müstəqil yaşamaq, taleyinin sahibi olmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır, Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və tarixi nailiyyətidir. Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi göstərir ki, xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Güclü lideri olan dövlətlər və millətlər yüksək inkişaf yolu keçib və tarixi uğurlar əldə ediblər. Belə liderlər bizim xalqın tarixində də yetişib, Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında əhəmiyyətli rol oynayıblar. Onların arasında öz işıqlı əməlləri ilə xalqı müstəqilliyə qovuşdurub, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olan böyük öndər Heydər Əliyevin adı qürur hissi ilə çəkilir.
Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə önəmli yeri olan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bugünkü dövlətimizin müstəqilliyinin, suverenliyinin və azərbaycançılıq məfkurəsinin mövcudluğu məhz ümummilli lider Heydər Əliyevlə bağlıdır. Bəli, bu bir faktdır ki, otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və Vətənini canından artıq sevən Heydər Əliyevlə bağlı olmuşdur. Ulu Öndər özünə xas siyasi duyumu ilə zamanın tələbini hamıdan daha çox hiss etdiyi və bunu lazımınca qiymətləndirməyi bacardığı üçün öz xalqını tarixin acı, sərt taleyüklü sınaq məqamlarından uğurla çıxara bilmişdir. Məhz ölkənin gələcək inkişaf modelini yaratmaq Ulu Öndərin siyasi reallıqları, problemləri dərindən bilmək ,onun istiqamətlərini, inkişaf yollarını düzgün göstərmək, bu gün və gələcək üçün vəziyyəti proqnozlaşdırmaq bacarığı sayəsində mümkün oldu.
Ulu Öndər Heydər Əliyevin ömür yoluna nəzər saldıqda görürük ki, onun bir addımı belə boş yerə atılmayıb. O, nə etdiyini və nə istədiyini çox gözəl bilirdi. Bütün ömrü boyu tükənməz enerjiylə dövlətciliyə və xalqa xidmət edən Heydər Əliyevə yorulmaq hissi yad idi. Usanmadan qurub yaratmaq yazılmışdır bu fədakar ömrə. Tariximizə millət atası, milli varlığımızın daşıyıcısı kimi düşən böyük Öndər dünya siyasətinə Azərbaycan adlı bir dövləti qürurla, xalqının əzəmətli tarixinə, zəngin mədəniyyətinə və istedadına güvənərək təbliğ etdi, tanıtdı. Beynəlxalq siyasətin bütün mürəkkəblikləri, ziddiyyətləri, gizli çəkişmələri fonunda vəziyyətdən asılı olmadan, öz siyasi istedadına, məntiqinə, çevik manevrlərinə, uzaqgörənliyinə, nüfuzuna güvənərək yalnız və yalnız Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarını müdafiə etdi. Dünyanın hansı dövlətinə getdisə, onun məntiqinə, siyasi ustalığına, yüksək intellektinə, qeyri-adi yaddaşına heyran qaldılar. Böyüklüyünə, ucalığına və istedadına bütün dünya baş əydi. Azərbaycan xalqının qüdrətli oğlunun tarixi xidmətlərindən danışarkən hansı sahədən başlasan, mütləq vətənpərvərlikdə, böyük ümumxalq məhəbbətində dayanmalı, fikrini milli qanun və təəsübkeşlik hissləri ilə tamamlamalı olursan. Başqa cür də mümkün deyil. Çünki bu amal onun həyatının başlıca məramı idi. O, bütün həyatını yalnız bu məqsədə həsr etdi.
Bu gün tam əminliklə söyləmək olar ki, Heydər Əliyevin milli maraqlara söykənən inkişaf strategiyası nəinki Azərbaycanın XXI əsrdəki inkişafının əsasını qoydu, həm də ölkənin bütün resurslarını hərəkətə gətirərək yeni inkişaf mərhələsinə yol açdı və beləliklə onu Cənubi Qafqazın lider dövlətinə çevrilməsində həlledici rol oynadı. Heydər Əliyevin ucaltdığı müstəqil Azərbaycan Respublikasının dövlətçilik “binası”, tarixin sınaqlarına davam gətirən, xalqımızın birliyinə əsaslanan qranit üzərində qurulmuşdur.
"Biz azərbaycanlıyıq. Hamımızın vətəni Azərbaycandır. Bu torpaq bizi xalq kimi, millət kimi, şəxsiyyət kimi böyütmüşdür. Ona görə də hər birimizin varlığında azərbaycançılıq ruhu yaşayır. Azərbaycançılıq ruhu, azərbaycançılıq ideologiyası bizi biri-birimizlə daha sıx bağlayan birliyə sövq edən amildir", - deyən böyük azərbaycanlı Heydər Əliyev ölkəsinin milli ideologiyasını məhz dövlətçilik ideologiyası və azərbaycançılıq ideyası ilə bağlayır, siyasi proseslərin inkişaf səbəblərinin çoxcəhətli və çoxşaxəli tərəflərini hüquqi, demokratik dünyəvi dövlət quruculuğu prinsipləri üzərində təkmilləşdirir, həmin ideologiyanı milli-mənəvi dəyərlərin vəhdətində, ideya sintezliyində görürdü
Azərbaycan Respublikasının Elmlər Akademiyasında ziyalılarla görüşdə “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır” deyən Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Ulu Öndərin müəyyənləşdirdiyi müstəqil dövlətçilik siyasəti xalqımızın gələcəyinə yönəlmişdir və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Bu siyasi xətt dünyanın yeni nizamına uyğun olaraq, bəzi məqamlarda isə ona təsir göstərərək təkamül yolu ilə inkişaf edir. Məhz buna görədir ki, Azərbaycan dünya siyasətində öz sözünü deməklə yanaşı, digər dövlətlərin də problemlərini həll etməyə qadir olan dövlətə çevrilir. Bunun üçün sarsılmaz zəmin-dahi Heydər Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici və daxili siyasəti olan hüquqi, demokratik, müstəqil Azərbaycan dövləti və bu ideyaların daşıyıcısı Azərbaycan xalqı və onu yeni zəfərlərə aparan müdrik Prezidenti İlham Əliyev vardır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır. Bunu 44 günlük şanlı Vətən müharibəsində müzəffər Ali Baş Komandanın, rəşadətli ordumuzun və müdrük xalqın qazandığı parlaq gələbə bir daha təsdiq edir. Xalqımız Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, İlham Əliyev ölkəmizi Heydər Əliyev yolu ilə daha işıqlı gələcəyə aparır.
Rövşən Yolşiyev,
Şirvan Şəhər Statistika İdarəsinin rəisi .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB