2500-dən çox palçıq vulkanlarından 350-yə qədəri Azərbaycanın payına düşür - NAZİR

2500-dən çox palçıq vulkanlarından 350-yə qədəri Azərbaycanın payına düşür - NAZİR

“Türk dövlətlərinin zəngin maddi və mənəvi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında TÜRKSOY-un rolu əvəzolunmazdır. Geniş coğrafiyada yerləşən türk dövlətlərinin zəngin təbii irsinin movcudluğu və bu sahədə birgə fəaliyyətin aparılması TÜRKSOY-u beynəlxalq miqyasda təbii irsimizin qorunmasında əsas təşkilatlardan biri edir”.

SİA xəbər verir ki, bu sözləri TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir qeyd edib ki, bu xüsusda TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə Milli Komissiyalarının Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş 8-ci iclasında qəbul edilmış qətnamələrdə qeyd olunan məsələlərin, xüsusilə təbii və mədəni irsin qorunmasında birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamaq istərdim.

Azərbaycan Respublikası UNESCO ilə əməkdaşlığa 1992-ci ildən etibarən başlamış və bir çox sahələr üzrə uğurlu fəaliyyətlər həyata keçirilmişdir.

Ötən dövr ərzində Azərbaycanın bir sıra zəngin mədəni irs nümunələri UNESCO-nun müvafiqsiyahısına daxil edilmiş və qlobal miqyasda öz layiqli yerini tutmuşdur.

Biocoğrafi cəhətdən Azərbaycanın unikal bir ərazidə yerləşməsi və bunun nəticəsində müxtəlif ekosistemlərin formalaşması bizə bu ərazilərinin bəzilərinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsinə imkan yaradır.

Qeyd edim ki, Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən meşə massividir. Bu meşələr Pleistosen dövründə buzlaşmaya məruz qalmış və planetimizdə öz unikallığını qoruyub saxlaya bilən nadir ekosistemlərdən biridir. Bu baxımdan qədim relikt növlərlə zəngin olan Hirkan meşələrinin xüsusiyyətləri nəzərə alınaraq UNESCO-nun Təbii İrs Siyahısına daxil edilməsi təklif edilmişdir.

Bu məqsədlə hazırlanmış nominasiya sənədinə əsasən Hirkan Milli Parkının daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi əsas götürülməklə transmilli “Hirkan meşələri” nominasiyası hazırlanmış və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir.

Məlumat üçün bildiririk ki, Yer kürəsində yayılmış 2500-dən çox palçıq vulkanlarından 350-yə qədəri Azərbaycanın payına düşür və ölkəmiz dünya üzrə bu sahədə özünəməxsus yer tutur.

Bu səbəbdən TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə milli komissiyalarının 8-ci iclasında qəbul edilmiş qətnaməsinə uyğun olaraq, Azərbaycan ərazisində geoparkların yaradılması və UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə qoşulması istiqamətində işlərə başlanılmışdır.

İnanırıq ki, palçıq vulkanları əsaslı geoparkın yaradılması ölkədə geoturizmin inkişafına və Azərbaycanın palçıq vulkanlarının ən çox yayıldığı ölkə kimi tanınmasına təkan verəcəkdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə