“Qərb təşkilatları Azərbaycanda pozuculuq fəaliyyətlə məşğuldur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qərb təşkilatları Azərbaycanda pozuculuq fəaliyyətlə məşğuldur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan dövləti dünya çapında siyasi və iqtisadi müstəqilliyinə nail olunmuş çox az ölkələrdəndir. İqtisadi müstəqilliyimiz ölkəmizi xarici mənbələrdən asılılığını aradan qaldırmış və döyüş meydanında olduğu kimi siyasi meydanda da söz sahibinə çevirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanı 90-cı illərin Azərbaycanı ilə müayisə etmək özü-özünü aldatmaqdan başqa bir şey deyil: “Amma təəssüf ki, Qərbin maliyyələşdirdiyi bəzi təşkilatlar Azərbaycana qədəm qoyduğu 90-cı illərin abu-havasında qalmaqdadır və maliyyə yardımlar pərdəsi altında siyasi proseslərə təsir etmək mövqeyindən çəkinmirlər. Dövlətimiz inkişaf etdikcə pozuculuq fəaliyyəti ilə məşğul olan Qərbin bir çox təşkilatların ölkəmizdə fəaliyyətinə qadağa qoyulmuşdur. Bu təşkilatlar vətəndaş cəmiyyətinə yardım adı altında 5-ci kolon şəbəkəsini yaradır və dövlətin qazandığı uğurlara kölgə salmaq məqsədilə ölkədə siyasi sabitlliyi pozmağa çalışırlar”.

Deputat sözlərinə belə davam edib: “Bu istiqamətdə ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər. Belə qurumlara USAID, Milli Demokratiya İnstitutu, “Fridrix Nauman”, “Marşall”, IREX və digərlərini misal göstərmək olar. Bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub. USAİD bu gün də ölkəmizdə öz fəaliyyətini davam etdirməkdədir və bu beynəlxalq qurumun Azərbaycanda fəaliyyətini davam etdirməyinə ehtiyac varmı kimi bir sual meydana çıxır.

Əvvəlcə bu təşkilat haqqında: USAID ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur. Hər il ABŞ Federal büdcəsinin təxminən 1 faizi bu təşkilatın proqramlarının maliyyələşdirilməsinə ayrıldığı bildirlir. USAID dünyanın yüzdən çox ölkəsində iqtisadiyyatın və demokratiyanın inkişafı, səhiyyə, münaqişələrin qarşısının alınmasında yardım və təcili humanitar yardımın göstərilməsi ilə məşğul olunduğu görünsə də əsas məramı pozucu donor funksiyasını yerinə yetirməkdir.

Təcrübə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına tövhə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Təbii ki, Qərbin müxtəlif institutlar vasitəsilə xərclədiyi maliyyənin hər dollarının məqsədi var. Əlbətdə ki, onlar üçün ehtiyacı olan ölkələrə yardım göstərmək əsas məqsəd olmayıb, sadəcə yardım pərdəsi altında özlərinin siyasi maraqlarını reallaşdırmaq və xərclədiklərinin bir neçə dəfə artığını qazanaraq orada söz sahibinə çevrilməkdir.

ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatlarının yardım göstərdikləri dünyanın çoxlu ölkəsində siyasi-iqtisadi mühitinin necə məhv edildiyinin şahidi olmuşuq. Bu institutların siyasi texnioloqları ölkələrin qazandıqları uğurlarını məhv etmək üçün demokratiya, insan hüquqları və vətəndaş cəmiyyətinə dəstək pərdəsi altında özlərinin çirkin niyyətlərinə nail olublar. Belə ölkələr dövlət çevrilişlərə, vətəndaş müharibələrə məruz qalmış və xalqların firavan yaşadıqları ölkələri cəhənnəmə çevrilmişdir. Təbii ki, bu proseslər Azərbaycanda baş tutmayıb və bundan sonra da baş tutmayacaqdır. Çünki, ölkəmizdə yüksək dövlət-vətəndaş birliyi var və pozuculuq fəaliyyəti ilə məşğul olan belə qurumların fəaliyyətinə imkan yaradılmır. O cümlədən USAİD-in fəaliyyətinin də ölkəmizdə dayandırılmasının zamanı gəldiyini hesab edirəm. Ona görə ki, bu gün Azərbaycan özü donor ölkəsinə çevrilmişdir və dünyada yardıma ehtiyacı olan ölkələrə özü yardımlar göndərir. Azərbaycana Qərbin məqsədli yardımlarına ehtiyacı yoxdur. Belə yardımlar ehtiyac olan Ermənistan kimi ölkələrə göndərilməkdə davam edilməlidir. Bu gün Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə yüksək səviyyəli şəffaf əməkdaşlığı qurulmuş xarici mənbələrdən maliyyə asılılığı aradan qaldırılmışdır. O cümlədən ölkəmizdə vətəndaş cəmiyyəti yüksək inkişaf etmiş, dövlət sağlam əməkdaşlıq prinsiplərinə uyğun fəaliyyətinin davam etdirilməsinə şərait yaradılıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə