Məşhur Məmmədov: “TDT artıq beynəlxalq aləmdə öz sözünü deyən, nüfuzu olan nəhəng bir birliyə çevrilib” RƏY

Məşhur Məmmədov: “TDT artıq beynəlxalq aləmdə öz sözünü deyən, nüfuzu olan nəhəng bir birliyə çevrilib” RƏY

“Məlum olduğu kimi, Ankarada Türk Dövlətləri Təşkilatları dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçirildi və bu görüşün məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şuşada deyil, qardaş ölkənin paytaxtında keçirilməsi önəmli faktorlardandır. Çünki bildiyimiz kimi, qardaş Türkiyə xalqı əsrin fəlakətini yaşadı və bu hadisədən zərər çəkən ölkənin qarşılaşdığı fəsadların aradan qaldırılması əsas mövzulardan biri oldu”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Məşhur Məmmədov mövzu ilə bağlı açıqlamasında deyib.

O qeyd edib ki, TDT-nin Fövqəladə Zirvə görüşündə müzakirə edilən digər məsələlər də türk dövlətlərini eyni zamanda bütün dünyanı narahat edən məsələlərdir: “Zirvə görüşündə Türkiyədə baş verən dəhşətli zəlzələnin aradan qaldırılmasına görə qardaş türk dövlətlərinin yardımı ilə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması, türk dövlətlərinin daxili inteqrasiyasının gücləndirilməsi, birgə mülki müdafiə strukturunun yaradılması və s. kimi bir sıra mühüm məsələlər müzakirə olundu və xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra əhəmiyyətli məqamlarla bağlı irəli sürdüyü fikirləri, təşəbbüsləri birmənalı olaraq dəstəkləndi. Zirvə görüşünün aktual mövzularının önə sürlməsi həmçinin qarşıdakı illərdə planlaşdırılan layihələrin əsasını qoydu”.

“Bu gün vacib olan məqam ondan ibarətdir ki, türkdilli qrupa daxil olan dövlətlər dünya birliyində birgə hərəkət etməyə üstünlük verdiklərini əməli şəkildə nümayiş etdirirlər”, deyən Məşhur Məmmədov onu da bildirib ki, TDT-nin daxili inteqrasiya prosesi də bu kimi əhəmiyyətli güclənir və onların bir yumuruq kimi dünya birliyinə çıxması dünyada türk dövlətlərinin nüfuzunu artırır: “Düşünürəm ki, Fövqəladə Zirvə görüşü təşkilatın bütün dünyada nüfuzunun artmasına eyni zamanda türk dövlətlərinin inteqrasiyasının güclənməsinə çox böyük töhfə olacaqdır. Həmçinin, TDT-ni ortaq tarix, mədəniyyət, müştərək dəyərlər birləşdirir. Bu gün bu təşkilatda təmsil edilən dövlətlərin xalqları əsrlər boyu bir-biri ilə sıx əlaqədə olmuş, əməkdaşlıq etmiş, bir regionda yaşamışı, bir-biriminə dayaq, arxa olmuşular. Bu gün isə Zirvə görüşündə təmsil olunan müstəqil dövlətlər kimi yeni mərəhələlərə doğru inamla gedilməkdədir".

Millət vəkilinin sözlərinə görə, əbəs deyil ki, Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan da bu kimi amilləri önə sürməklə həmin məqamları xüsusilə vurğuladı və artıq qarşıda növbəti inkişaf, tərəqqi mərhələləri dayanmaqdadır. Belə ki, qardaş ölkənin rəhbəri TDT-nin əhəmiyyətinin hər anda özünü ən yüksək cəhətdən nümayiş etdirdiyini vurğulayıb və xüsusilə əldə edilən uğurlarda cənab İlham Əliyevin fəaliyyətini ayrıca olaraq dəyərləndirib: "Təbii ki, əldə edilən uğurların hər birinin təməlində Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi əməyi vardır. Bu baxımdan, onu da hesab edirəm ki, TDT artıq beynəlxalq aləmdə öz sözünü deyən və nüfuzu olan nəhəng bir birliyə çevrilib”, deyə Milli Məcllisin deputatı Məşhur Məmmədov fikirlərini başa çatdırarkən vurğulayıb.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə