Prezident İlham Əliyev: “Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin təzahürüdür”
Nizami Gəncəvini bütün dünya Azərbaycan filosof-şairi kimi tanıyır və dünyanın tanınmış şəxsiyyətləri müxtəlif dövrlərdə söylədikləri fikirlərlə bunu təsdiq edirlər. Lakin yəqin bu, bir alın yazısıdır yaşayırıq ki, qonşularımız tarixən bizim olanları özlərininki kimi təqdim etməkdən utanmır və usanmırlar. Ermənistan və İranın belə yersiz iddialarına cavab tutarlı faktlarla verilsə də, lakin onlar öz xislətlərindən əl çəkmir, məqam düşən kimi yenə də iyrənc və gülünc fikirlərini gündəmə gətirməklə dünyanı özlərinə güldürürlər. Bu günlərdə Tehranda keçiirlən “Nizmi Gəncəvi həftəsi”nin açılış mərasimində İran XİN-in rəsmi sözçüsü Nasir Kənaninin Azərbaycan şairi Nizami Gəncəvini “fars zadəganlarından olan İran şairi” kimi təqdim etməsi kimi. Onun “Gəncəvi məhz İranın təsiri altında yaradıcılıqla məşğul olub” sözləri təbii ki, kökündən yanlışdır və Azərbaycana qarşı böyük sayğısızlıqdan başqa bir şey deyil.
Nizami Gəncəvi Azərbaycan şairidir və Azərbaycan xalqı zaman-zaman şairin irsinin yaşadılması işinin öhdəsindən layiqincə gəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır.
Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlətimizin başçısı qeyd edib:“Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.
Qədim Azərbaycan torpaqlarında məskunlaşan farslar nədən danışır?
Azərbaycanın şəxsiyyətləri, zəngin maddi və mənəvi sərvətləri həmişə türkləri sevməyənlər tərəfindən böyük qısqanclıqla qarşılanıb. İran və Ermənistan 30 il işğal altında qalan torpaqlarımızda əlbir olub bütün yeraltı və yerüstü sərvətlərimizi mənimsədikləri kimi, mənəvi dəyərlərimizi də mənimsəmək istəyindən kənar durmurlar. Milli musiqimizdən tutmuş musiqi alətlərinədək, xalçalarımızadək, milli mətbəximizdən adət-ənənələrimizədək özününküləşdirmək arzusunda olan ermənilərə illərdir ki, İran da yoldaşlıq edir. Qarabağdakı minlərlə evlərin dam örtüyünü, qapı-pəncərəsini söküb-talayan bu iki qonşudan başqa nə gözləmək olar ki?.. Onlar üçün Azərbaycanın digər dəyərlərini mənimsəmək arzusu bütün bu hadisələrin fonunda o qədər adi görünür ki...
İranın Nizami Gəncəvinin fars olduğunu, İranın təsiri altında yazıb-yaratdığını vurğulaması, sözün həqiqi mənasında, böyük günahdır. Birincisi, ona görə ki, bu sözləri söyləyənlər bir baxsınlar, görsünlər kimin torpaqlarında özlərinə vətən qurublar. İkincisi, farsların başında olduqları molla rejiminin İran xalqının başına açdığı oyunlar fonunda Nizami Gəncəvi kimi bəşəriyyətə tərbiyə-təlim mücəssəməsi necə yetişə bilərdi. Bütün varlığı ilə əsrlərdir, ətrafa ölüm saçan, dar ağacları əhatəsində xalqı inlədən, əksər çoxluğu azərbaycanlılar olan ölkəsində ayrı-seçkiliyin bütün formalarını tətbiq edən, insanlara öz dilində danışmaq, oxumaq, təhsil almaq yasağı qoyan, bir telin görünməsi ilə qadınlara divan tutub onları ölüm kaloniyalarına göndərən, gənclərin əməyini istismar edib onları aşağı səviyyədə yaşamağa vadar edən, insanların sosial vəziyyətini sıfıra endirən və bu barədə danışanları gecə ilə yoxa çıxaran bir rejimin istismarı, təsiri altında Nizami Gəncəvi kimi bəşəriyyətə azadlıq, hüquq dərsi keçən, haqqın nahaqqa qurban olmamasına çağıran, ədaləti həyatı boyu başı üzərində tutan, əsərlərinin hər birində yuxarıdan aşağıya baxanları rəzil edən, ibrətamiz kəlamları ilə dünya içərisində yeni bir dünya qurmaq istəyən, gənclərin ən yaxşı yolgöstəricisi, tövsiyədarı, nəsihətkeşi olan Nizami necə yetişə bilərdi? Görəsən Nizami Gəncəvinin İran təsiri altında yaşayıb-yaratdığını söyləyənlər məsələnin bu tərəfini fikirləşiblərmi? Dönüb Nizami dövrünün İranına, İran mühitinin çirkinliyinə nəzər sala biliblərmi? Görə biməyiblər ki, o mühitdə Nizami deyil, nizamlı bir insan yetişə bilməzdi? O təsir altında Nizami kimi azad, bəşəri filosof yetişə bilməzdi. Bu səbəblərdən də Nizami Gəncəviyə fars deməyin özü böyük günahdır. Hələ bunun şairin müqəddəs ruhun hörmətsizlik, sayğısızlıq olduğunu demirəm.
Nizami Gəncəvi azərbaycanlıdır və Azərbaycan şairidir. Onun yaradıcılığı bütün bəşəriyyət tərəfindən bütün zamanlarda ölməzliklə, bu gün deyilmiş və yazılmış kimi qarşılanır.
Tək İran yox, həm də Ermənistan
Bir zaman ermənilər də Nizami Gəncəvinin fars şairi olduğunu iddia edəndə heç ağlımıza gəlməzdi ki, bu, onlara İranın təsiridir. Deməli, qonşuluqdakı düşmənlərin əlbir olduğu anlamına həmin illərə bu günün primasından baxmaqla asanlıqla gəlmək olar. Araşdırma apararkən belə bir faktla qarşılaşdım.
Dövlət Elm və Texnika Sənədləri Arxivində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Bakıda abidəsinin qoyulması prosesində ermənilərin törətdikləri əngəllərlə bağlı xeyli faktlar var imiş. Bu barədə arxiv rəsmilərindən birinin söylədikləri: “1941-ci il fevralın 17-də Moskvada Nizaminin abidəsinin hazırlanması ilə bağlı layihə sənədlərinə baxılır. Memarlar Sadıq Dadaşov, Mikayıl Hüseynov, Xalıq Əbdürrəhmanov və başqalarını Moskvaya dəvət etmişdilər. Nizaminin dəqiq surətinin tapılaraq abidədə ifadə edilməsi məsələsi son dərəcə ciddi məsələ kimi qarşıda dururdu. Bu işin ruhumuza uyğun səviyyədə həllinin istər-istəməz böyük anlaşılmazlıqlara səbəb olacağını təxmin etmək olurdu. Farslar Nizamini fars şairi hesab edirdilər. Göründüyü kimi, məsələ siyasi məna kəsb etməyə başlayırdı. Vaxtilə Məmməd Əmin Rəsulzadə yazırdı ki, “farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər”.
Moskvada keçirilən müzakirələrdə ermənilər də iştirak edirdilər. Bakıda Nizaminin heykəlinin necə qurulması ilə bağlı kəskin mübahisələr yaranırdı. Türkü sevməyənlər israrla deyirdilər ki, əgər Nizaminin miniatür rəsmi belə yoxdursa, o zaman onun Azərbaycan türkü olduğunu təsdiq edən heykəli də müəmmalı olacaq. Ermənilər deyirdilər, nə ilə sübut edə bilərsiniz, təqdim edilən şəkil variantları həqiqətən Nizaminindir? Tələb olunurdu ki, bu variantlar geri qaytarılsın.
Ermənilər mümkün qədər bu ideyanın əngəllənməsini istəyirdilər. Onların məntiqinə qarşı cavab üçün memar Sadıq Dadaşov məruzə ilə çıxış edir. Onun məharətli arqumentləri erməniləri çıxılmaz vəziyyətə salır, vəziyyətin xeyrimizə həll olunmasına səbəb olur.
S.Dadaşov deyir ki, illərlə Azərbaycanın müstəmləkə altında yaşaması ona səbəb olub ki, farslar bundan yararlanaraq Azərbaycanın bir çox mənəvi sərvətlərini adlarına çıxıblar. Səbəbi də belə gətiriblər ki, konkret olaraq Nizami farsca yazıb. Ancaq Nizami bütün ruhuyla Azərbaycan-türk şairidir. Farslar həmişə əsaslandırmaq istəyiblər ki, feodal-patriarxal bir ölkə olaraq Azərbaycan Nizami kimi böyük şairi yetirə bilməzdi.
Məhz o zaman SSRİ-nin bir imperiya olaraq maraqları tələb edirdi ki, Azərbaycanın paytaxtı Bakıda Nizaminin heykəlinin qoyulmasına razılıq versin, həmçinin onun Azərbaycan şairi olması həqiqətinin arxasında dursun. Hər halda bu, mahiyyətcə Moskvanın üstünlüyü sayılacaqdı: “Stalin bu qənaətə gəlir ki, hökmən Bakıda Nizaminin heykəli qoyulmalıdır. Təsadüfi deyil ki, 1941-ci ildə Leninqrad dəhşətli mühasirədə olduğu zaman Nizaminin 800 illik yubileyi təntənə ilə qeyd edildi. Ermənilər hər zaman Nizaminin farslaşdırılmasını fikrini yeritmək istəsələr də, bir şey alınmayıb”.
Dünya alimlərinin Nizaminin türk olması ilə bağlı fikirləri
Alman yazıçısı İohan Şerr: “Nizami ata tərəfdən türk idi”.
Amerika tarixçisi Lev Siyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb.
İran ədəbiyyatşünasları isə özləri vurğulayıblr ki, Nizami Gəncəvi farsca yazıb, lakin ondan türk ətri gəlir.
Ukrayna şairi Nikola Bajanın “Pravda” qəzetinin 3 aprel 1939-cu il sayında dərs olunan məqaləsində Stalinlə görüşündən danışır: Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o, öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqı ilə doğma dilində kontakta icazə verilmədiyini göstərir”.
SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonov: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran millətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, lakin bu həyasız yalan heç kimi aldada bilmədi”.
Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar Nizamini türk adlandırıblar.
Digər bir fakt: Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi “Leyli və Məcnun” əsərini türk dilində yazmaq istəyib. Əsəri türk dilində deyil, fars dilində yazmasını əmr edən Axsitanın hərəkətləri onu çox qəzəbləndirir, amma oğlu Məhəmmədin xahişi ilə əsəri farsca yazmağa razılıq verir. Amma öz etirazını əsərdə belə şərh edir: Nə cürətim vardır əmrdən qaçam, nə də könlüm vardır xəzinə açam”.
Nizami irsinin görkəmli tədqiqatçısı Rüstəm Əliyev deyirdi ki, Nizami nəinki türk, hətta türkçü idi. Nizaminin əsərləri ilə ayaqüstü tanışlıq belə bu şəkildə danışmağa əsas verir. “Sirlər xəzinəsi”ndə qoca bir qadının sultan Səncərə irad tutması buna misal ola bilər: “türklərin şöhrəti tutmuş aləmi, sən türk deyil, bir hindlisənmiş?”, yaxud ölkələri ədalətdən güllü yazdı türklərin”, deyən Nizami Türk Səlcuq dövlətindəki sosial ədaləti nəzərdə tutur.
Elə sonuncu fakt sübut edir ki, fars rejimində heç vaxt olmayan ədalətdən Nizami bəhs edə bilməzdi. Və dünyaya ədalətin çarçısı kimi gəlmiş şair kimlərinsə xətrinin xoş olması üçün yazan şairlərdən də deyildi. Bu səbəbdən də məhz yazdıqları onun türklüyünü sübut edir. Kimlərinsə Nizaminin zorla özlərinə məxsus olmasını iddia etmələrinə baxmayaraq.
Fars dili şeir dili, ərəb dili elm dili, türk dili isə hərb dili kimi qəbul edilmişdi
Akademık İsa Həbibbəyli yazır: Nizami Gəncəvinin dünyaya, bütün bəşəriyyətə məxsus olması barədə heç bir mübahisə, fikir ayrılığı yoxdur. Bu mənada, Qərb də, Şərq də Nizamidən ümumbəşəri idealları özündə əks etdirən əsərlərin dahi yaradıcısı kimi ürəkdolusu söz açır. Lakin təəssüf ki, hələ də Nizaminin fars-tacik, yaxud fars ədəbiyyatını təmsil etməsi və ya ümumi şəkildə müsəlman xalqlarına aid şair olması fikrini irəli sürən bəzi mülahizələr mövcuddur. Və bu qəbildən olan fikirlərin sahiblərinin ən çox istinad etdikləri amil dil faktorudur. Halbuki Nizami Gəncəvinin yaşadığı XII-XIII əsrlərdə fars dilində yazıb-yaratmaq təkcə Azərbaycanda deyil, Anadoluda, Qafqazda, Orta Asiyada, Hindistanda, ümumən, Şərq xalqlarının ədəbiyyatlarında qəbul olunmuş qaydalardan biri idi. Şərqdə uzun əsrlər, o cümlədən Nizaminin zamanında da “fars dili şeir dili, ərəb dili elm dili, türk dili isə hərb dili” kimi qəbul edilmişdi. Qoca Şərqin böyük dühası olan onlarla şairlər və alimlər mənsub olduqları xalqların dilində deyil, ərəb-fars dillərində yazıb-yaratmışlar. Hətta öz zamanında bunun bir çox üstünlükləri də var idi. Əvvəla, ərəb-fars dillərində elmi-ədəbi əsərlər yazmaqla görkəmli sənətkarlar, geniş mənada, ümumşərq məkanında oxunmaq, tanınmaq imkanları qazanmışlar. İkincisi, bu dillərdə danışan xalqlar avropalılara bəlli olduqları üçün ərəb-fars dilində yazıb-yaratmaq sənətkarların Qərbə çıxışlarına da münasib şərait yaratmışdır. Üçüncüsü, ərəb-fars dillərini bilməklə Nizamilər Şərq xalqlarının tarixini, ədəbiyyatlarını və mədəniyyətlərini öyrənmək, əsərlərinin mövzularını, süjetlərini və qəhrəmanlarını çox geniş ictimai-tarixi mühitdən almaq imkanı əldə etmişlər. Beləliklə, Azərbaycanda ədəbiyyatın əhatə etdiyi coğrafiyada təbii olaraq fars dili daha geniş məkanı özündə cəmləşdirmişdir. Bu mənada, Nizami Gəncəvi Şərqin qüdrətli sənətkarıdır – dedikdə, ən azı aşağıdakılar nəzərdə tutulur: Nizami İslam dininə mənsub olan böyük şairdir; O, ilk növbədə, Şərq aləmində tanınıb şöhrət qazanmışdır; Onun əsərlərində Şərq xalqlarının həyatı özünün geniş bədii əksini tapmışdır; Nizami Gəncəvi Şərq ölkələrində qəbul olunmuş dildə yazıb-yaratmışdır; Şairin əsərləri Şərqdə daha çox oxunur… Türk-müsəlman dünyasında sanki hər xalq Nizami Gəncəvinin əsərlərində öz taleyini görür, çarəsini axtarıb tapa bilir.
Bütün bunlarla bərabər, Nizami Gəncəvinin Azərbaycan xalqına mənsub sənətkar olması şəksizdir. O, dünya ədəbiyyatının və Şərqin görkəmli sənətkarı olmaqla bərabər, həm də konkret olaraq qədim tarixə malik olan Azərbaycan xalqının böyük oğlu, qüdrətli şairi və görkəmli mütəfəkkiridir.
Nizami Gəncəvinin əsərlərində Azərbaycan mövzusunun özünəməxsus yeri vardır. Azərbaycanın qədim Bərdə şəhərini vəsf etdiyi məqamlarda şairin Vətən sevgisi aşkar nəzərə çarpır. “Xosrov və Şirin” poemasında Kəpəz dağının, “İsgəndərnamə”də Dərbənd qalasının təsvirində də Nizami Gəncəvinin doğma Azərbaycana dərin məhəbbəti yüksək bədii səviyyədə ifadə olunmuşdur.
Nizami Gəncəvinin Bərdə hökmdarı Nüşabəyə münasibətində də eyni doğmalıq hiss olunur. Şair özünün ədalətli hökmdar konsepsiyasını Azərbaycan hökmdarı Nüşabə obrazı ilə yeni çalarlarla zənginləşdirmişdir. Bəlkə də, Bərdə hökmdarı Nüşabə Nizami Gəncəvinin düşündüyü ideal hökmdar obrazının yekunudur. Dünyanı fəth etmiş Makedoniyalı İsgəndəri özünün ağıllı fikirləri ilə heyrətləndirməyi bacarmış Azərbaycan qadın hökmdarı Nüşabəni şair rəğbətlə vəsf etmiş, onun aydın bədii obrazını yaratmışdır:
Ağıllı, tədbirli olması, müdrikliyi ilə dünyaca məşhur olan Makedoniyalı İsgəndəri mat qoyması Nizami Gəncəvinin Azərbaycan hökmdarı Nüşabənin timsalında əsl ədalətli hökmdar obrazını yaratdığını düşünməyə əsas verir.
Nizami Gəncəvinin Şirvanşah Axsitanın “Leyli və Məcnun” mövzusunda fars dilində əsər yazdırmaq təklifini qəzəblə qarşılaması faktı da şairin azərbaycanlı olmasını təsdiqləyən amillərdəndir. Şirvanşah Axsitanın məktublarından “Türk dili yaraşmaz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə” kimi misraların Nizami Gəncəvini narazı salması şairin azərbaycanlı olduğunu açıq şəkildə göz önünə gətirir. “Leyli və Məcnun” poemasında həmin münasibətlə yazılmış aşağıdakı misraları yalnız azərbaycanlı şair ifadə edə bilərdi:
Qulluq halqasına düşdü qulağım,
Qan vurdu beynimə, əsdi dodağım.
Nə cürətim vardı ki, evdən qaçım,
Nə də gözüm vardı xəzinə açım.
Ömrüm viran oldu, solub-saraldım,
Bu əmrin önündə cavabsız qaldım.
***
Bəli, faktlardan da göründüyü kimi, Nizami Gəncəvi dövrünün tələbinə, təkidinə görə fars dilində yazmalı olub. Lakin bu, o denək deyil ki, Nizami farsdır, İran təsiri alrtında yazıb-yaradıb. Xeyr. Bütün dünyayaya Nizaminin Azərbaycan şairi olduğu gün kimi aydındır. Bunu onun parlaq, həmişəyaşar əsərlərində görməyənlər məhz fars rejiminin özünü görə bilməməsindəndir. Görə bilsəydi, bir kənardan baxardı, bütün eybəcərliklərini görə bilərdi. Bəlkə bundan sonra Nizami Gəncəvi kimi dahi bir filosofun ona aid olmadığını da görə bilərdi...
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə